Aİ-nin növbəti qərəzi: Rusiya və İran hədəfə alınır
Siyasət

Aİ-nin növbəti qərəzi: Rusiya və İran hədəfə alınır

Son dövrlərdə cərəyan edən hadisələri analiz etsək, görərik ki, Avropa İttifaqı regionda sülh prosesinə əngəl törətmək məqsədi güdür.

Belə ki, qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel bildirib ki, onun təmsil etdiyi təşkilat Ermənistandakı mülki missiyasının sayını artırır. Beləliklə, Aİ Şurası Ermənistandakı mülki missiyasını gücləndirəcək, oradakı əməkdaşlarının sayını 138 nəfərdən 209-a çatdıracaq. Ermənistan mediasında yayımlanan xəbərlərdə missiyanın sayının artırılması İrəvanın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə əlaqələndirilib. Bu isə bütün "gizli kartları" bir-bir açır.

Maraqlıdır, Azərbaycanla münasibətlərin normallaşdığı bir dövrdə Ermənistanın təhlükəsizliyinə kim təhdid yaradır? Görünür, Avropa İttifaqı bununla öz gizli və məkrli planını həyata keçirməyə çalışır. Şübhəsiz, növbəti dəfə də onların "günah keçisi" Ermənistandır. Aİ-nin bu addımında Rusiyanı qıcıqlandırmaq niyyəti hər kəsə məlumdur. Çünki Qərbin "Ermənistan planı"nın əsas hissəsini Rusiyanın regiondan sıxışdırılıb çıxarılması təşkil edir. Eyni zamanda, Qərb hər vəchlə Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxarmaq istəyir. Əslində, Aİ əməkdaşlarının sayını artırmaqla birbaşa Kremlə qarşı casus şəbəkəsini də genişləndirmə imkanı əldə edilir. Həmin şəbəkənin Ermənistanda hansı işlə məşğul olduğu da aydındır. Belə ki, Aİ-nin İrəvanda yaratdığı şəbəkə nəinki erməni xalqı arasında anti-Rusiya təbliğatını genişləndirir, hətta hərbi bazalardan və obyektlərdən məlumat toplanışını da həyata keçirir. Bir faktı da qeyd edək ki, bu ölkədə ABŞ səfirliyi də əməkdaşlarının sayına görə lider mövqedə dayanır. Hətta Vaşinqtonun burada gizli laboratoriyası da fəaliyyət göstərir. Əlavə olaraq, Aİ missiyasının sayının artırılması Rusiya ilə yanaşı, İrana qarşı da atılan addım kimi dəyərləndirilir. Çünki Moskva ilə Tehranı sıx əməkdaşlıq telləri bağlayır. Həmçinin İranla Ermənistan arasında qarşılıqlı ticarət və əməkdaşlıq da günbəgün genişlənir. Aİ missiyasını genişləndirməklə ölkə vətəndaşlarını casus şəbəkəsinə daxil etmək niyyəti güdür.

Qeyd edək ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasının mandatı heç bir tərəflə məsləhətləşmədən genişləndirilib. Həmin missiya bundan öncə regional sabitlik və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsi ilə bağlı verdiyi vədləri də tutmayıb. Əksinə, bu günədək qurumun missiyası Ermənistanı Azərbaycana qarşı şirnikləndirməklə vəziyyətin stabilləşməsinin qarşısını alır. Ermənistanın Avropa İttifaqı tərəfindən silahlandırılması və regionda vəziyyətin gərginləşməsinə yönəlik bəyanatlar səsləndirilməsi də bunun əyani sübutudur. Şübhəsiz, bu cür addımlar özünü "neytral vasitəçi" kimi qələmə verən Avropa İttifaqının iç üzünü bir daha ifşa edir. Bu, qurumun nüfuzunu aşağı salmaqla yanaşı, bütövlükdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesinə də ciddi xələl gətirir. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışı zamanı söylədikləri də təsdiqləyir. Nazir bildirib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Ceyhun Bayramov, həmçinin qeyd edib ki, bu missiya regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi: "Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur. Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Aİ-nin "tərəfsiz vasitəçi" kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz".

Sonda isə deyə bilərik ki, Aİ regiondakı əmin-amanlığa mane olur. Görünür, qurum Cənubi Qafqazda yeni münaqişə yaratmaq istəyindən əl çəkmir.

Nəzrin ELDARQIZI,

"Respublika".