TARİXİ ƏNƏNƏLƏRƏ SÖYKƏNƏN DOSTLUQ MÜNASİBƏTLƏRİ
Siyasət

TARİXİ ƏNƏNƏLƏRƏ SÖYKƏNƏN DOSTLUQ MÜNASİBƏTLƏRİ

Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin yaradılmasından 31 il ötür

Azərbaycan-Polşa münasibətlərinin yaranması hələ XV əsrə təsadüf edir. Həmin yüzillikdə Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən Polşa kralı Yaqiello ilə sıx diplomatik əlaqələr quraraq dostluq münasibətləri saxlayırdı.

XIX əsrin ortalarında Polyak Xodzko tərəfindən tərcümə edilmiş Azərbaycanın qəhrəmanlıq dastanı "Koroğlu" ingilis və fransız dillərində nəşr edilmişdir.

Polşalı Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşa və Azərbaycanın muxtariyyəti uğrunda mübarizəyə rəhbərlik edən xüsusi fraksiya yaratmışdılar.

1918-ci ildə milliyyətcə polyak general Sulkeviç Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun ilk qərargah rəisi olmuşdu.

İkinci Dünya müharibəsindən sonra polyakların Polşadan deportasiyası zamanı bu ölkədən Azərbaycana minlərlə insan köçmüşdü. Hazırda təkcə Bakıda iki minə yaxın polyak yaşayır.

İkitərəfli siyasi əlaqələrə gəlincə isə 1991-ci il dekabrın 27-də Polşa Azərbaycanın müstəqilliyini tanıdı və 21 fevral 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr quruldu. 2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliyi fəaliyyətə başlamışdır.

1997-ci il avqustun 26-28-də ulu öndər Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkəyə ilk işgüzar səfər etmişdir. Səfər zamanı prezidentlər ikitərəfli münasibətlərin inkişafı və dünyada mövcud siyasi-iqtisadi vəziyyəti müzakirə etmişlər. Azərbaycan-Polşa danışıqlarından sonra prezidentlər Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq Bəyannaməsini imzalayıblar. Səfər zamanı, həmçinin müxtəlif istiqamətdə qarşılıqlı münasibətlərin inkişafını nəzərdə tutan digər sənədlər də imzalanmışdı. Onların sırasında Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq Bəyannaməsi, İkiqat vergitutmanın qarşısının alınması, hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol, mədəni və elmi əməkdaşlıq haqqında, sərmayələrin qarşılıqlı həvəsləndirilməsi və qorunması haqqında, mülki hava daşımaları, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər də yer almışdır.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Seyminin marşalı (sədri) Yozef Zix ilə də görüşmüşdür. Söhbət əsnasında Heydər Əliyev bildirmişdi ki, Azərbaycan Polşanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı ilə bağlı mövqeyini yüksək qiymətləndirir və ona Avropadakı mühüm tərəfdaşı kimi baxır. Ümummilli liderimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Polşa Seyminin sədrinə geniş məlumat vermişdi. Ümummilli lider işğalçı Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi, o cümlədən Ermənistanın beynəlxalq hüquq normalarını pozması barədə məlumatları Seym sədrinin diqqətinə çatdırmışdı.

1999-cu il oktyabrın 27-29-da Polşa Prezidenti Aleksandr Kvasnevski ulu öndər Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk səfərə gəlmişdir. Heydər Əliyev Polşa Prezidenti Aleksandr Kvasnevskinin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqində bildirmişdir ki, 1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbulu ilə bağlı çətin qərarla Polşa Azərbaycanı fəal şəkildə dəstəklədi. ATƏT-in bu məsələ ilə bağlı məlum bəyanatına səs verən Polşa 53 ölkədən biri oldu.

Səfər çərçivəsində Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü baş tutmuşdu. Görüşdə ölkələrimiz arasında münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq sülh, o cümlədən Qafqazdakı vəziyyət, beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşa Respublikasının Neft və Qaz Şirkəti arasında Anlaşma Memorandumu və iki ölkənin dövlət başçıları Birgə Bəyanat imzaladılar. Bununla yanaşı, Polşa Prezidenti Azərbaycan Respublikasının Milli Məclisində olmuş, deputatlar qarşısında çıxış etmişdi. Həmçinin, Bakı Dövlət Universitetində qonaq olan Aleksandr Kvasnevskiyə doktor fəxri adı verilmiş və o, xatirə medalı ilə təltif olunmuşdu.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Polşa ilə qurulmuş dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Təsadüfi deyil ki, 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycan-Polşa əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoydu.

2005-ci il martın 30-da Prezident İlham Əliyev Polşaya rəsmi səfərə gəlmiş, səfər zamanı ölkələr arasında hərbi sahədə əməkdaşlığa dair sazişdən əlavə 7 sənəd imzalanmışdır.

2006-cı il mayın 22-23-də Polşa Prezidenti Lex Kaçinski Kiyevdə keçirilən GUAM-ın növbəti Sammitində qonaq qismində iştirak etmişdir. O, GUAM-ın regional təşkilat kimi genişləndirilməsində və GUAM-a üzv ölkələr, o cümlədən Azərbaycan arasında sıx əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirmişdi.

2007-ci il martın 30-da Polşanın yeni seçilmiş Prezidenti Lex Kaçinski Azərbaycana rəsmi səfərə gəlmişdi. Dövlətimizin başçısı İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşündə Azərbaycan-Polşa münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə Polşa Respublikasının Prezidenti arasında Birgə Saziş imzalanmışdı.

2007-ci il iyunun 18-də Polşa Prezidenti Lex Kaçinski GUAM-ın Sammitində iştirak etmək üçün növbəti dəfə Azərbaycana gəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Lex Kaçinski Azərbaycan-Polşa münasibətlərinin hərtərəfli uğurlu inkişafından danışmış, iki ölkə arasında səmərəli əməkdaşlıqda GUAM-ın rolunu vurğulamışdır.

2008-ci il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya növbəti səfəri olmuşdur. Səfər çərçivəsində dövlətimizin başçısı və Polşa Prezidenti Lex Kaçinski arasında görüş baş tutmuşdu. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti ilə Polşa Respublikasının Prezidenti arasında Birgə Bəyannamə imzalanmışdı. Sənəddə beynəlxalq məsələlərdə əməkdaşlıqdan əlavə, ikitərəfli münasibətlər və əməkdaşlığın vəziyyəti, Azərbaycan və Polşa üçün ümumi maraq kəsb edən inkişaf sahələri qeyd olunmuş, həmçinin münaqişələrin dövlətlərin suverenliyi əsasında sülh yolu ilə həllinə dəstək ifadə edilmişdi. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı xüsusilə vurğulanmışdı.

2008-ci il iyulun 1-də GUAM-ın Batumidə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa Prezidenti Lex Kaçinski arasında növbəti görüş olmuşdur. Görüşdə bir çox məsələlər müzakirə edilmiş, Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olunmuşdu.

2009-cu il iyulun 2-də Polşa Prezidenti Lex Kaçinski növbəti dəfə Azərbaycana rəsmi səfər etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə inkişafından məmnunluq ifadə edilmişdi. İki ölkənin dövlət başçısı Azərbaycan Respublikası və Polşa Respublikası prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsini imzalamışlar.

Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşanın "Qrupa Lotos" Səhmdar Cəmiyyəti arasında Niyyət Protokolu, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası ilə Milli Təhlükəsizlik Şurası arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq Cədvəli imzalanmışdır. Polşa Respublikasının Prezidenti Lex Kaçinski Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafındakı xüsusi xidmətlərinə görə ölkəmizin ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etməsi Azərbaycan və Polşa üçün çox faydalı olmuşdur. Məhz bu əlaqələrin nəticəsidir ki, 2022-ci ildən yüksək texnologiyalı startapların inkişafı üçün "V4-Azerbaijan Tech Bridge" birgə proqramı həyata keçirilir.

Azərbaycan-Polşa mədəni əlaqələri də dərin tarixə malikdir. 1827-ci ildə Azərbaycan şərqşünası, Sankt-Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov böyük polyak şairi Adam Mitskeviçin "Krım sonetləri" əsərini fars dilinə tərcümə etmişdi. XIX əsrdə Azərbaycan ədəbiyyatının Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı kimi nümayəndələri Polşa torpağına səfər etmişlər. Bakıxanov burada Kopernik təlimini izah edən poetik əsərlər silsiləsi və "Əsrarül-mələkut" traktatını yazmışdı. İ.Qutqaşınlının Azərbaycan nəsrinin ilk nümunəsi sayılan "Rəşid bəy və Səadət xanım" hekayəsi ilk dəfə 1835-ci ildə Varşavada nəşr olunmuşdu.

Maraqlıdır ki, polyaklar Azərbaycanın memarlıq tarixində kifayət qədər mühüm rol oynamışlar. Bakı şəhərinin mərkəzində bəzi memarlıq abidələrinin polyak müəllifləri olan mühəndislər Qoslavski, Ploşko Azərbaycanda yaxşı tanınır. Mühəndis Pototski Xəzər dənizinin şelfində neft hasilatı layihəsini təqdim etmiş və onu uğurla həyata keçirmişdi.

Bu gün bütün istiqamətlərdə, xüsusilə strateji əməkdaşlıq səviyyəsində Azərbaycan-Polşa əlaqələri möhkəmlənir. Azərbaycan üçün NATO, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Polşa keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ancaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, eləcə də beynəlxalq hüquq normaları əsasında həll edilməsinin daim tərəfdarı olmuş, hər zaman bu mövqedən çıxış etmişdi. 44 günlük Vətən müharibəsində də Polşa ədalətli mövqe sərgiləyərək Azərbaycanın haqq işinə obyektiv yanaşmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi Zəfəri haqqın və ədalətin bərpası kimi dəyərləndirmişdi.

Emin QASIMOV,

"Respublika".