Elxan Şahinoğlu:
Siyasət

Elxan Şahinoğlu: "Ermənistan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində qeyri-konstruktiv mövqe nümayiş etdirir"

Yanvarın 31-də Azərbaycan–Ermənistan dövlət sərhədinin delimitasiya­sı və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının iclası keçi­rilib. Görüş şərti sərhədin Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti hissəsində baş tutub.

Görüşlə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan tərəfi prosesi ləngitməyə çalışdığı üçün hər iclasdan nəticə gözləmək mümkün deyil:

"Azərbaycan və Ermənistan tərəfinin Sərhəd Komissiyalarının görüşləri vaxtaşırı baş tutur. Hər görüşdən nəticə gözləmək də düzgün deyil. Çünki sərhədlərin delimitasiyası uzun müddət tələb edən bir prosesdir. Gürcüstanla belə sərhədin 70 faizi demarkasiya olunubsa, 30 il torpaqlarımızı işğal altında saxlamış Ermənistanla sərhədlərin müəyyənləşməsi xeyli vaxt çəkəcək".

Elxan Şahinoğlu, həmçinin bildirib ki, proses bizi narahat etməməlidir:

"Strateji yüksəkliklərimizin hər birinə Azərbaycan Ordusu nəzarət edir. Əsas olan sülh sazişinin imzalanmasıdır. Sərhədlərin delimitasiyası prosesi isə bununla paralel şəkildə həyata keçirilməlidir. Hətta 10 görüş keçirilsə belə, nəticə əldə etmək çətindir. Bizim hələ də Ermənistanın nəzarətində olan 8 kəndin geri qaytarılması kimi tələbimiz də var. Bu məsələdə də Ermənistan qeyri-konstruktiv siyasət yürüdür".

Nəzrin ELDARQIZI,

"Respublika".