Almaniya Tanzaniyadakı müstəmləkə cinayətlərinə görə üzr istəyib
Dünya xəbərləri

Almaniya Tanzaniyadakı müstəmləkə cinayətlərinə görə üzr istəyib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin müstəmləkəçilik dövründə Tanzaniyada törətdiyi cinayətlərə görə utanc hissi duyduğunu bildirib.
Tarixin ən qanlı anti-müstəmləkə üsyanlarından biri olan 1900-cü illərin əvvəllərindəki Maji Maji üsyanında alman silahlı qüvvələri 300 minə yaxın günahsız insan öldürüb.

"Respublika" "Milliyet" nəşrinə istinadən xəbər verir ki, Almaniya prezidenti Ştaynmayer qiyamın baş verdiyi Songea şəhərindəki muzeydə çıxış edərək, “Almanların burada sizin əcdadlarınıza etdiklərinə görə üzr istəyirəm” deyib.

Maji Maji üsyanı almanların yerli əhalini ixrac üçün pambıq yetişdirməyə məcbur etməsindən sonra başlayıb. O dövrdə Tanzaniya indiki Ruanda, Burundi və Mozambikin hissələri ilə birlikdə Almaniyanın Şərqi Afrikadakı müstəmləkələrinin bir hissəsi olub. 

Qeyd edək ki, Almaniya 2021-ci ildə Namibiyanı işğal edərkən soyqırım törətdiyini etiraf edib və bu ölkəyə 1,1 milyard avrodan çox maliyyə yardımı edəcəyini bildirib.