Amidin Vətən məhəbbəti...
Sosial həyat

Amidin Vətən məhəbbəti...

İkinci Qarabağ müharibəsində xalqımızın qəhrəman oğulları Vətən torpaqlarının azadlığı uğrunda canından keçməklə yeni bir tarix yazdılar. Ölümün üzünə dik baxan cəsurların arasında dağlar diyarı Lerikin qartal balası, mayor Amid Heydərov da var idi. Odur ki, o, qəlblərdə yaşamaqla hər zaman ehtiramla xatırlanır.

Amid Heydərovun şəhadətə qovuşmasının üçüncü ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə şəhid Amid Heydərovun adını daşıyan parkda oldular, şəhidin abidəsi və məzarı önünə gül-çiçək dəstələri düzərək xatirəsini yad ediblər.

Çıxışlar zamanı natiqlər 44 günlük haqq savaşımızda rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, onun tarixi əhəmiyyətindən, Azərbaycan oğullarının ağır döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqdan və mayor Amid Heydərovun 32 illik şərəfli həyatından danışdılar.

Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində dünyaya gəlib. Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbini bitirib, 2006-cı ildə Bakıda Ali Hərbi Akademiyaya qəbul olub. 2010-cu ildə buranı bitirdikdən sonra Amid Heydərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə taqım komandiri təyin olunub. 2015-ci ildə baş leytenant hərbi rütbəsi alıb, 4 il bölük komandiri vəzifəsində işləyib. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda yağıya qan uddurur, göstərdiyi xüsusi qəhrəmanlığa görə ona vaxtından əvvəl kapitan hərbi rütbəsi verilib. O, 2020-ci ilin iyul ayında Tovuzda gedən döyüşlərdə də əsl qəhrəmanlıq göstərir, mayor rütbəsinə yüksəlir, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin edilib. Həmçinin sağlığında orduda misilsiz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalına layiq görülüb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsində mayor Amidin döyüş yolu Qarabağın ən qaynar nöqtələrindən başlanır. Ölüm-dirim savaşlarında rəşadət nümunəsi göstərərək yağıya ciddi itkilər verir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı yağı gülləsinə tuş gəlib, Lerik şəhərində dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamı əsasında Amid Heydərova ölümündən sonra "Vətən müharibəsi qəhrəmanı" adı verilib. "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif olunub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.