ANAMA ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Digər xəbərlər

ANAMA ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Oktyabrın 25-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Vüqar Süleymanov Vladanka Andreyevanı təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Görüşdə işğaldan azad edilən ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları, dövlətin prioritetlərinə əsasən planlaşdırılan layihələr, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilmə proqramı çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Söhbət zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasında mövcud olan sıx əməkdaşlığın tarixçəsi vurğulanıb. Həmçinin mina qurbanlarına yardım, beynəlxalq standartlar əsasında milli minatəmizləmə standartlarının təkmilləşdirilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinə mümkün dəstəyin göstərilməsinə dair müzakirələr aparılıb.

BMT-nin rezident əlaqələndiricisi minatəmizləmə istiqamətində görülən işlərin həcmindən təsirləndiyini və müzakirə olunmuş mövzular üzrə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini bildirib.

AZƏRTAC