Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər
Siyasət

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər

Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin bir-biri ilə yaxınlaşmasını istəmirlər ki, bu da dezinformasiya axınına və saxta xəbərlərin yayılması kampaniyasına səbəb olur.

Bu barədə AZƏRTAC-a Rusiyanın TASS informasiya agentliyinin baş direktoru, Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri Andrey Kondraşov bildirib.

"Bizim ümumi çağırışlarımız ondan ibarətdir ki, kifayət qədər bədxahların olduğu bir çox ölkələr və bizim birliyimizi, bir-birimizə yaxınlaşmağımızı qətiyyən istəməyən bir çox təşkilatlar var. Bu, dezinformasiya və saxta xəbərlərin yayılması kampaniyasına səbəb olur. Biz bu məsələdə də birlikdə olmalıyıq", - deyə MDB İnformasiya Şurasının XXXI iclasında iştirak etmək üçün Bakıya gələn Andrey Kondraşov bildirib.

Onun sözlərinə görə, TASS bu cür qarşılıqlı təmasların mərkəzində olmağa hazırdır, çünki saxta məlumatların aşkarlanması texnologiyasına malikdir: "Biz xəbərin yaradılma mənbəyini IP ünvanı ilə tapa və müəyyən edə bilirik. Məsələn, guya Krımda yaradıldığı iddia edilən Krım haqqında məlumatların Kanadadan gəldiyi və orada emal edildiyi, sonra Estoniyada bəzi naməlum filtrlərdən keçdiyi, yalnız bundan sonra Krımda yayımlandığı ortaya çıxanda özümüz də çox təəccüblənirik. Biz saxta məlumatlarda xarici mənbələrin izlərini aşkar edə bilirik, xəbərin dərc edildiyi ölkə ilə xəbərin mənşə ölkəsi arasında uyğunsuzluq aşkarlandıqda, həmin xəbər demək olar, 75 faiz əminliklə saxta çıxır. Yəni həmkarlarımızın bu və ya digər xəbərdən şübhələnib-şübhələnməməyimiz ilə bağlı sualına çox tez zamanda cavab verə və bunun səbəbini izah edə bilərik. Bu, həmkarlarımızın yalnız operativ deyil, həm də dəqiq olmasına kömək edəcək. Çünki informasiya agentliklərinin öz xəbər lentlərində dərc etdiklərindən, əslində, dövlətlər arasındakı münasibətlər və ölkə daxilindəki münasibətlər də asılıdır".

İnformasiya Şurasının iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevin iqlim dəyişikliyi məsələlərinin işıqlandırılması kontekstində qaldırdığı yaşıl enerjiyə keçid mövzusundan danışan Şura sədri bildirib ki, yaşıl enerjisiz gələcəyin təsəvvür edilməsi mümkün deyil: "Bu, tamamilə vaxtlı-vaxtında edilmiş təşəbbüsdür. Mən bilirəm ki, bu iş ikitərəfli ünsiyyət çərçivəsində, o cümlədən Rusiya ilə Azərbaycan arasında davam edir. Bu nöqteyi-nəzərdən, əlbəttə ki, prezidentlər Vladimir Putin və İlham Əliyev arasında yaranmış səmimi, etimada əsaslanan münasibətlər hamımıza çox kömək edir. Yaşıl enerji, yaşıl çağırış zamanın tələbidir və Tanrıya şükürlər olsun ki, çox müsbət irəliləyişlər əldə olunub. Məsələn, Moskvadakı Kurçatov adına Nüvə Mərkəzi indi təbii elmlərə aid olan texnologiyalarla məşğuldur, çünki texnologiya, fizika və biologiyanın vəhdəti olmadan gələcək mümkün deyil. Gələcəyimiz bundan asılıdır", - agentliyin həmsöhbəti vurğulayıb.

"Çox güman ki, bu, MDB-nin özünə də yeni enerji bəxş edəcək, çünki həll olunmamış məsələlər çoxdur və onlar məcmu şəkildə həll olunmalıdır. Əlbəttə ki, bir böyük ölkə olanda, Dövlət Planlaşdırma Komitəsi (Qosplan) həm bütün su axınlarını, həm də enerji axınlarını idarə edə bilirdi. Ancaq indi hər bir ölkənin öz iqtisadiyyatı, öz rəqabəti olduğu üçün aydın məsələdir ki, razılığa gəlmək çox çətinləşir. MDB yəqin ki, bu məsələlərin həll edilməli olduğu yeganə platformadır", - deyə o əlavə edib.

İnformasiya Şurası çərçivəsində qarşılıqlı fəaliyyət və Azərbaycan paytaxtında keçirilən iclasın nəticələrindən danışan Andrey Kondraşov bildirib ki, Şura çərçivəsində tərəflər öz məsələlərini əməli olaraq avtomatik şəkildə həll edirlər və onların arasında hər hansı kəskin anlaşılmazlıq yaradacaq məsələlər mövcud deyil. "Dövlət informasiya agentliklərinin rəhbərliyində mənim və ya AZƏRTAC-ın sədri kimi yeni insanların olmasına baxmayaraq, biz artıq üç İnformasiya Şurası çərçivəsində əsl dostlara çevrilmişik. Müzakirə etdiyimiz əsas məsələlərdən biri də İkinci Dünya müharibəsində Qələbənin ildönümü üçün birgə layihələrin hazırlanmasıdır, çünki bizim bu sahədə ciddi nailiyyətlərimiz mövcuddur. Biz ümumi Qələbəyə töhfə verən hər bir respublikanı tanıdacağıq, oxucularımıza və tamaşaçılarımıza təqdim edəcəyik. Böyük bir kitabı nəşrə hazırlayırıq, burada hər bir xalqın böyük və ümumi Qələbəmizə verdiyi töhfə öz əksini tapacaq. Artıq konsepsiyanı hazırlayırıq və sentyabr ayında, TASS-ın 120 illiyinin qeyd ediləcəyi günlərdə hər kəs Moskvaya toplaşdıqda, bu konsepsiyanı təqdim edəcəyik və əməli işə başlayacağıq. Gələn ilin may ayında isə bizim MDB və İnformasiya Şurası çərçivəsində, hər kəsin sevincinə səbəb olacaq ümumi məhsulumuzun ərsəyə gəlməsinin şahidi olacaqsınız", - deyə Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri vurğulayıb.

Qeyd edək ki, mayın 3-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXI iclası keçirilib.