Ankara-Qahirə əməkdaşlığının yeni mərhələsi
Türk dünyası

Ankara-Qahirə əməkdaşlığının yeni mərhələsi

2013-cü ildən sonra Türkiyə-Misir münasibətlərində yaranan müəyyən soyuqluğa baxmayaraq, ötən illər ərzində iki ölkə arasındakı iqtisadi əlaqələr davam edib. 2021-ci ilin birinci rübündə tərəflər arasında ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2022-ci ilin hesabat dövründə bu, 85 faiz artaraq 2,5 milyard dollar təşkil edib. Ankara və Qahirə ticarət əlaqəsini artıq 15 milyard dollara çatdırmağı hədəfləyir.

Xatırladaq ki, Türkiyə 1925-ci ildə Misirlə diplomatik əlaqələr qurub, 1948-ci ildə Qahirədə səfirlik açıb. Misirdə sosialistyönümlü hakimiyyətin qurulması ilə 1961-1963-cü illərdə münasibətlərdə fasilə yaranıb. 1963-cü ildən sonra əlaqələr bərpa edilib. Ötən illər ərzində xarici işlər nazirləri də dəfələrlə görüşlər keçirib. Türkiyə və Misir liderləri bu müddətdə ilk dəfə 2022-ci ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi çərçivəsində görüşüblər. Bu, iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarıb. Qahirədə bunu "münasibətlərin inkişafının başlanğıcı" olaraq dəyərləndiriblər.

2011-ci ildə - "ərəb baharından" sonra Baş nazir kimi Qahirəyə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirdə rəsmi səfərdə olub. R.T.Ərdoğan ərəb dünyası ilə keçmişdəki problemlərə artıq tarix kimi baxır. Onun BƏƏ və Misirə səfər proqramı gələcəyə yönəlmiş addım kimi xarakterizə edilir. Türkiyə-Misir əlaqələrinin genişlənməsi, inkişafı Afrikanın şimalındakı gərginliyin və münaqişələrin həllinə də təsir göstərə bilər. Ərdoğan-Sisi görüşü ilk növbədə Türkiyə-Misir münasibətlərinin müxtəlif sahələrdə inkişafı və genişlənməsinə yeni yol açacaq. Tərəflər arasında Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Türkiyə Prezidenti İsrailin Qəzzada günahsız dinc sakinlərə qarşı insan haqlarını pozmasının beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasının vacibliyini vurğulayıb. 

Ərdoğanın iki ərəb ölkəsinə səfəri Ankaranın qarışıq regional şəraitdə mürəkkəb tarazlıq oyununu əks etdirir və Türkiyənin formalaşdırmaq istədiyi strateji müdafiə mexanizmlərinin tərkib hissəsidir. Bu tərkibi pozmaq istəyənlər də tapılacaqlar. Çünki Türkiyənin yanaşması həm də PKK ilə mübarizədə dəstək axtarışlarıdır ki, burada Ankaraya rəqib olan güclərin narahatlıqları da artacaq.

R.T.Ərdoğanın Qahirəyə səfəri regionda terrora qarşı birgə mübarizəyə də yeni mahiyyət verə bilər. Bu səfərin Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcəyi də danılmazdır. Misir həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 2023-cü il yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Bakıya səfər etməsi də əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.

Ərdoğanın səfərlərinin Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə əsaslanan perspektivi də mövcuddur. Belə ki, Türkiyənin əldə etdiyi razılaşma Azərbaycanın regional miqyasdakı nəzəri və müəyyən praktiki imkanlarına manevr sahəsi təqdim edir. Azərbaycanın həm BƏƏ, həm də Misirlə yaxşı əlaqələri var. Türkiyə ilə həmin ölkələrin yeni razılaşmaları Azərbaycana daha üstün mövqelərə çıxış imkanları deməkdir. Bu imkanlar Azərbaycanı Cənubi Qafqazdakı geosiyasi üstünlüklərdən təcrid etmək istəyənlərə qarşı dəstək platforması halına da gələ bilər. Bundan başqa, R.T.Ərdoğanın Qahirəyə səfəri Türkiyə-Azərbaycan-Misir əlaqələrinin güclənməsi, inkişaf etməsi baxımından da çox böyük əhəmiyyətə malikdir. Misiri Afrikanın qapısı adlandırırlar, bu ölkə dünyanın sivilizasiya mərkəzlərindəndir. Azərbaycan və Anadolu da qədim mədəniyyət ocaqlarından sayılır. Odur ki, bu üç dövlət bir-birinə layiq tərəfdaş ola bilər.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.