Milli qaynaqlarla inkişaf etdirilən ilk KBRN Təsbit və Tanıma Sistemi
Türk dünyası

Milli qaynaqlarla inkişaf etdirilən ilk KBRN Təsbit və Tanıma Sistemi

Türkiyə tam müstəqil müdafiə sənayesi hədəflərində mühüm rol oynayan STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. kritik sistemlərdə lokallaşdırma addımlarını sürətlə davam etdirir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin töhfələri ilə hazırlanan sistem ilk olaraq 2015-ci ildən etibarən ilk hərbiləşdirilmiş korvet layihəsi olan ''MİLGEM ADA'' Class korvetlərinə inteqrasiya edilib. ''MİLGEM''in 3-cü və 4-cü gəmiləri - ''TCG BURGAZADA'' və ''TCG KINALIADA'' korvetləri milli KBRN TT sisteminin ilk istifadəçiləri olub.

Sistem daha sonra STM-in əsas podratçısı olan ''TCG UFUK'' Sınaq və Təlim Gəmisinə, Türkiyənin ilk milli freqatı ''TCG İSTANBUL''a uğurla inteqrasiya edilib. Hərbi dənizçilik sahəsində güclü ekosistem ilə əməkdaşlıq edən STM xaricdən tədarük edilən kritik sistemin Türkiyədə milli qaynaqlarla istehsalını təmin edib. STM və MAKEL Teknoloji A.Ş.-nin əməkdaşlığı ilə yerüstü döyüş platformalarında istifadə edilən və gəmiləri Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə Təhlükələrindən qoruyan Təsbit və Tanıtma (KBRN TT) Sistemi 2014-cü ildə hazırlanmağa başlanılıb.

Artıq Türkiyənin milli qaynaqlarla inkişaf etdirdiyi ilk KBRN Təsbit və Tanıma Sistemi döyüş gəmiləri, kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükələrindən 7/24 saat qoruyur. Milli KBRN TT sistemi indiyədək Türkiyə hərbi gəmiləri və xarici hərbi gəmi layihələri də daxil olmaqla 10-dan çox platformada fəaliyyət göstərir. Türk Hərbi Dəniz Qüvvələrinin ''TCG ALEMDAR'' və ''TCG BAYRAKTAR'' gəmilərində də üstünlük verilən milli KBRN sistemi Pakistan MİLGEM layihəsinə inteqrasiya edilib və ixrac layihəsi çərçivəsində iki korvetdə də istifadə olunacaq.

Bununla bağlı açıqlama verən STM-in baş direktoru Özgür Güleryüz MİLGEM Layihəsində və xarici ixrac layihələrində bir çox kritik sistemin lokallaşdırıldığını deyib: "Keçən həftələrdə Türkiyədə ilk dəfə olaraq Helikopterin Vizual Eniş Dəstəyi İşıqlandırma Sistemi (HEGIDAS) və Yaw Damping Sistemini inkişaf etdirdiyimizi bildirdik. Ölkəmizin ilk yerli və milli KBRN TT Sistemi 2015-ci ildən müxtəlif platformalarda son dərəcə uğurla fəaliyyət göstərir. NATO standartlarına uyğun olaraq subpodratçılarımızla birlikdə hazırladığımız bu sistem Dəniz Qüvvələrimizin tələblərinə uyğun olaraq artırılmış aşkarlama diapazonuna və xaricdə beynəlxalq səviyyədə qəbul edilmiş sertifikatlara malikdir. Yerli kalibrləmə və sürətli texniki xidmətə çıxışımız olan yerli KBRN TT Sistemi ilə bu sahədə xarici asılılığa son qoyduq və ixrac uğuru əldə etdik. Biz ölkəmizə yüksək əlavə dəyərli məhsul gətirməkdən qürur duyuruq".

KBRN silahları döyüş gəmiləri üçün böyük təhlükələr sırasındadır. KBRN Aşkarlama və İdentifikasiya Sistemi kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükələrini aşkar etməyə imkan verir. Sistem KBRN Aşkarlama və Diaqnoz Sisteminin Əsas Konsolu 5 müxtəlif aparat və unikal proqram təminatından ibarətdir. Bunlar - Bioloji Agentin Aşkarlanması Cihazı, Bioloji Nümunə Alma Cihazı, Radioaktiv Aşkarlama Sensoru, Yarıdaşınan Kimyəvi Müharibə Agentləri və Zəhərli Sənaye Agentinin Aşkarlanması və Diaqnozu cihazlarıdır.

Kimyəvi, bioloji və radioaktiv təhlükələrin mövcudluğu barədə sürətli və etibarlı xəbərdarlıq edən sistem gəmi personalına lazımi müdafiə tədbirləri görməyə imkan verir, ən müasir sensorları ilə təhlükələrə qarşı öncədən xəbərdarlıq edir. Hər cür çətin ekoloji şəraitdə 7/24 fəaliyyət göstərən yerli KBRN TT sistemi eyni vaxtda müxtəlif kimyəvi maddələri, bioloji varlıqları və zəhərli sənaye materiallarını aşkarlayır. Maye, bərk və ya qaz halında olan bütün təhdidlərin aşkar edilərək nümunə götürüldüyü sistem geniş aşkarlama diapazonuna və davamlı məlumat qeydetmə xüsusiyyətlərinə də malikdir. KBRN sistemində aşkar edilən təhlükələr sistemin əsas konsolu və gəminin İnteqrasiya edilmiş Platforma Nəzarət və Monitorinq Sistemi (EPKİS) vasitəsilə izlənilə bilər.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.