Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı layihə həyata keçirilir
Mədəniyyət

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı layihə həyata keçirilir

Anqolanın Luanda şəhərində Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının və Anqolada fəaliyyət göstərən İncənət və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə “Birləşmiş səslər” xeyriyyə layihəsi həyata keçirilir.

"Respublika" xəbər verir ki, təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova - Bernardın sözlərinə görə, layihə çərçivəsində Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestrinin musiqiçiləri, İncəsənət və Mədəniyyət Fondunun tələbələri ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin beşgünlük ustad dərsləri baş tutub.

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatı, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə həyata keçirilən ustad dərsləri zamanı yerli tələbələrə Azərbaycan musiqisi və tar ilə bağlı məlumat verilib, tarın tarixi və sirrləri öyrədilib.

Layihənin məqsədi musiqiçilərə professional musiqinin sirrlərini aşılamaq, onlara dünyaşöhrətli musiqiçilər ilə eyni səhnəni paylaşmaq imkanını, mədəniyyətlər arasında körpü və yeni ölkələrdə tar sinifini yaratmaqdır.