Apreldə doğuldu, bu ayda da ali məqama ucaldı
Sosial həyat

Apreldə doğuldu, bu ayda da ali məqama ucaldı

Canını Vətən uğrunda fəda edən Aprel şəhidi İnqilab Çingiz oğlu Quliyev 1983-cü il aprelin 13-də Kəlbəcərdə anadan olmuşdur. Əslən Beylaqandan olsalar da,  valideynləri Kəlbəcər rayonunun İstisu qəsəbəsinə köçüb orda müəllimlik fəaliyyətini davam etdirir. Elə İnqilab da ilk təhsilinə 1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində başlayır.

Ancaq ailə başçısının səhhətində yaranan problemlə əlaqədar onlar 1990-cı ildə yenidən Beyləqana köçür və İnqilab təhsilini burada Milli Qəhrəman Namiq Allahverdiyev adına 1 nömrəli məktəbdə davam etdirir.

1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. Ürəyində vətən dərdi qövr edən bu qəhrəman vətənin dərdinə məlhəm olmaq niyyəti ilə hər vəchlə çalışır. 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin raket və artilleriya silahlarının istismarı və təmiri ixtisasının kursantı adını qazanır. Ömründən ötən hər günü Vətən naminə yaşayan İnqilabın atdığı addımlar onu pillə-pillə yüksəldir.

2005-ci ildə İnqilab  leytenant rütbəsi alır. O, Tovuzda olduğu müddətdə bir hərbçi kimi düşmənə göz açmağa imkan vermirdi. Daha sonra baş-leytenant rütbəsinə yüksələn  qəhrəman 2006-cı ildə Toğanada xidmətə başlayır. Sonra Türkiyədə ixtisasartırma kursundan müvəffəqiyyətlə keçən İnqilab 2011-ci ildə Gəncədəki "N" saylı hərbi hissədə kapitan kimi fəaliyyət göstərmişdi.

İnqilab 2011-ci ildə şəxsi həyatında da önəmli bir imza atır. Ailə həyatı qurur. Oğul toyunun sevincindən cuşə gələn ata-ana ən böyük arzusuna çatır. Ailə xoşbəxt günlərə qucaq açdıq deyərkən bir anda sevinc kədərlə yerini dəyişir. 2012-ci ildə İnqilabın qardaşı rəhmətə gedir. İnqilabın ürəyinə qardaş dağı dəyir. Qardaş dağı ilə göynəyən ürəyə övlad sevinci məlhəm olur. 2012-ci il iyulun 30-da İnqilab ilk dəfə ata olmağın sevincini yaşayır. Onun Hüseyni dünyaya gəlir. 2014-cü il iyunun 29-u isə ikinci övladı Əyyam dünyaya göz açır. Vətənin dəyərli oğlu həm də dəyərli bir ailə başçısı idi. Həm Vətənin keşiyin çəkirdi, həm də ailəsinin. İnqilabın övladları ilə bağlı böyük arzuları var idi. O, 2016-cı ildə övladlarına kiçik toy etməyi planlaşdırırdı. Təəssüf ki...

2016-cı il martın 21-i adət-ənənələrimizi yaşadan bu ailə Novruz bayramını çal-çağırla  qeyd edirdi. Sanki İnqilablı son bayram olduğunu hiss etmişdilər.  Martın 24-ü İnqilabın evdən son gedişi olur.

Qismət olsa, arzum  "Kəlbəcərə şanlı bayrağımızı sancacam" deyən İnqilabın illərlə gözlədiyi an yetişmişdi. Zəfər sorağında olan xalqımız müjdəli xəbərləri almağa başlamışdı.

İnqilab döyüş yoldaşları ilə birgə aprelin 4-nə keçən gecə Ağdərəyə gedən əsas yol üzərində yerləşən strateji baxımdan əhəmiyyətli olan Suqovuşan məntəqəsindəki hərbi bazanı darmadağın edir. Həmin vaxt erməni ordusunun çox sayda hərbi qulluqçusu, polkovnik və general rütbəli döyüşçüləri hərbçilərimiz tərəfindən məhv edilir.

Aprelin 4-ü axşamçağı İnqilab son dəfə ömür-gün yoldaşına zəng edir. Hər şeyin yaxşı olduğunu deyib Laləni arxayın salmağa çalışan İnqilab vidalaşdıqdan yarım saat sonra qəhrəmancasına şəhid olur. Aprelin 5-i İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınır. İnqilabın iki övladı Vətənə əmanətdir.

Qəhrəman şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Xidməti dövründə Azərbaycan Ordunun yaranmasının 90 və 95-ci il yubiley, 10 il qüsursuz xidmətə görə "İgidliyə görə" III dərəcəli medalı ilə, Müdafiə Nazirliyi və korpus komandiri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmşdur.

"ASAN Könüllüləri" Təşkilatı, Gəncə regional "ASAN xidmət" mərkəzi və "ARB Kəpəz" telekanalının birgə əməkdaşlığı, eyni zamanda Gəncə və Beyləqan Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə kapitan İnqilab Quliyevə həsr olunmuş "4 APREL" sənədli film çəkilib.

M.MİRZƏ,

"Respublika".