“Yüksəliş” müsabiqəsinin qalibləri Şuşaya səfər ediblər
Sosial həyat

“Yüksəliş” müsabiqəsinin qalibləri Şuşaya səfər ediblər

“Yüksəliş” müsabiqəsinin qalibləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, müsabiqənin qalibləri Şuşaya çəkilən “Zəfər yolu” boyunca səfər zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazanmış Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan abadlıq və quruculuq işləri ilə tanış olublar. Onlar səfər çərçivəsində Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər olan, professional vokal məktəbinin qurucusu sayılan Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyində olublar. Xatırladaq ki, hər iki tarixi mədəniyyət ocağında təmir-bərpa və yenidənqurma işləri aparıldıqdan sonra avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.

Səfər iştirakçıları daha sonra Şuşanın tarixi tikililərindən olan və erməni işğalı dövründə dağıntılara məruz qalan Mehmandarovların malikanə kompleksinə baş çəkərək təmir-bərpa işləri ilə tanış olublar. Eyni zamanda, səfər nümayəndələri əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər.

Sonda səfər çərçivəsində Şuşa qalasına və  Heydər Əliyev Fondu tərəfindən təşkil olunan üç sərgiyə baxış olub.

Səfərdə “Yüksəliş” müsabiqəsinin 27 qalibindən 20 nəfəri iştirak edib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

AZƏRTAC