Aqrar sahə
İQTİSADİYYAT

Aqrar sahə "AĞ QIZIL"a MARAQ ARTIR

XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikamızda pambıqçılıq strateji əhəmiyyətli sahə kimi çox sürətlə inkişaf etmiş, illik pambıq istehsalı bir milyon tona çatdırılmış, ölkəmiz sovetlər dövrünün ali mükafatına - "Keçici Qırmızı Bayrağ"a layiq görülmüşdür.

Kənd təsərrüfatında mövsümi işlərin qızğın çağıdır. Əkinçilərin dediyinə görə, bu il barlı-bərəkətli olacaq. Tarlalarda, bağlarda bol məhsul yetişir, pambıqçılar da başındadır, becərmə işlərini aqrotexniki qaydalara uyğun aparırlar. Son illərdə rayonlarda pambıq əkininə maraq daha da artıb, bu da səbəbsiz deyil. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermer torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalı ilbəil artır.

Qeyd edək ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu iqtisadi cəhətdən səmərəli istehsal sahəsi olduğu üçün daha çox maraq kəsb edir. İmişli rayonunda da pambıqçılığa maraq ildən-ilə artır. Vaxtilə bu rayonda əlli min tondan çox pambıq istehsal edilib, adlı-sanlı əmək adamlarının zəhməti sayəsində " qızıl" şöhrət qazanıb.

Kənd təsərrüfatının bu gəlirli sahəsi ilə məşğul olan Aranlı kənd sakini Mehman Əliyev deyir ki, respublikamızda pambıqçılığın inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində respublikamızda pambıqçılığın böyük sənaye potensialı yaradılıb, həm torpaqlarda geniş meliorativ tədbirlər görülərək irriqasiya sistemi qurulub. Eyni zamanda, pambıqçılıqdan əldə etdikləri qazancla öz ailə-məişət problemlərini yüksək səviyyədə həll edən, əmək qəhrəmanı kimi şan-şöhrət qazanan, orden medallarla təltif olunan insanların yaxşı ənənəsi yaranıb bu gün həmin ənənələr yaşayır. Bildirmək istəyirəm ki, pambıq mahlıcı toxuculuq sənayesində ən əhəmiyyətli təbii xammal hesab olunur. Çiyiddən alınan bitki yağı mətbəximizdə əsas yerlərdən birini tutur, digər tərəfdən, çiyidin özü qabığı heyvandarlıqda qüvvəli yem kimi əvəzedilməzdir. Bitkinin gövdəsindən isə kənd adamları təndirdə çörək bişirəndə əvəzedilməz yanacaq kimi istifadə edirlər.

Qeyd edək ki, Mehman Əliyev hər il sahələrdən bol məhsul götürməyə nail olur. Ötən il onun başçılıq etdiyi təsərrüfatı 67 hektar sahədən 200 tondan artıq məhsul tədarük edib. Bitkilərə vaxtında göstərilən yüksək aqrotexniki tədbirlər nəticəsində hər hektardan 30 sentner " qızıl" əldə olunub. Səriştəli mütəxəssis cari təsərrüfat ilində "AZ-Təsərrüfat" MMC ilə müqavilə bağlayıb, çiyid səpinində ərazini 40 hektar genişləndirərək 107 hektara çatdırıb. Eyni zamanda, çiyid səpinini uğurla başa çatdırıb. Hazırda əkin sahələrində yaxşı çıxış əldə olunub. Havalar qeyri-sabit keçsə , sahələr Mil-Muğan kanalı vasitəsilə suvarılıb, digər becərmə işləri ardıcıl vaxtında həyata keçirilir. Fermer Mehman Əliyevin dediyinə görə pambığın çıxışını mütəşəkkil əldə etmək üçün əsas çıxış suyudur. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkə rəhbəri cənab Prezident İlham Əliyevin tapşırığına əsasən kəndlərdə keçirdiyi səyyar qəbullar zamanı bu işlərə xüsusi diqqət yetirir. Bu səbəbdən suvarma suyu ilə bağlı heç bir problemimiz olmayıb. Səpilən 107 hektar çiyid təcrübəli suçular Arif Atakişiyevin Hamel Qəhrəmanovun sayəsində suvarılıb, əla çıxış əldə olunub. Belə ki, əkin sahələrinin yemlənməsi, kultivasiyası alaq otlarından təmizlənməsi işləri optimal müddətdə aparılır. Kultivasiyanın yüksək səviyyədə aparılmasında mexanizator Əmirxan Məmmədov kollektivin digər üzvləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bir sözlə, pambıqçılar bol məhsul əldə etmək üçün var qüvvələrini sərf edirlər.

Təcrübəli təsərrüfatçı Mehman Əliyev söhbət zamanı qeyd etdi ki, pambıqçılıqla məşğul olmaq ənənəsi bizim ailəyə atam Əliyev Qədir Salman oğlundan miras qalıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə atam uzun müddət pambıqçılıq üzrə təsərrüfat rəhbəri işləyib. Ailəmizdə olan söhbətlərdən mənə məlum olub ki, yaşadığımız İmişli rayonunun Aranlı kəndində "Lenin" adına kolxoz təkcə rayonda yox, respublikamızda qabaqcıllar sırasında olub. Ona görə Heydər Əliyev pambıq mövsümü vaxtı rayonlara səfəri zamanı İmişli rayonuna gələndə bizim yaşadığımız Aranlı kəndinə bir neçə dəfə gəlib. Dahi rəhbər pambıq sahələrində zəhmətkeşlərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub, qabaqcıl işçilərə onun tapşırığı əsasında qiymətli hədiyyələr verilib. Pambıq sahələrində zəhmətkeşlərlə çəkdirdiyi xatirə şəkillərində atamın da olduğu görünür. Bu şəkillər hazırda İmişli rayonunun bir çox idarə-müəssisələrində çox böyük hörmət sevgi ilə unudulmaz xatirə kimi qorunub saxlanılır. Həmin vaxtlarda kolxozda beş min tondan çox " qızıl" tədarük edilərmiş. Kənd sakinlərinin zəhməti nəzərə alınaraq İmişli pambıqtəmizləmə zavodunun nəzdində olan Aranlı pambıq qəbulu məntəqəsi həmin vaxt kolxozun ixtiyarına verilib, burada xeyli sayda kənd sakini işlə təmin edilib.

Təcrübəli fermer Mehman Əliyev söhbətimizin sonunda bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikalar alınmış bu sahə üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Fermerlər onlara yaradılan bu münbit şəraitə dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Qeyd edək ki, gələcək bol məhsulun möhkəm bünövrəsi artıq qoyulub. Havalar əlverişli keçsə, bu il hər hektardan azı 35-40 sentner " qızıl" əldə etmək mümkün olacaq. Yaxşı həmişə üz ağardar, torpağa qulluq edəndə birə-beş əvəzini qaytarar.

 Ərəstun ABDULOV,

"Respublika".