Aqrar sahə: Saatlıda intensiv əncir bağı salınır
İQTİSADİYYAT

Aqrar sahə: Saatlıda intensiv əncir bağı salınır

Türkiyə Azərbaycan respublikaları arasında dostluq qardaşlıq əlaqələri ildən-ilə mökəmlənir. Qarşılıqlı münasibətlər aqrar sahənin inkişafında da özünü göstərməkdədir. Hazırda tarlalarda çiyid səpini aparılır. Fermerlər səpin müddətində razılıq hissi ilə qardaş respublikadan gətirilmiş məhsuldar "Bəyaz Altun" çiyid sortundan istifadə edirlər. Saatlı fermerlərindən aldığımız digər xəbərdən öyrənirik ki, ölkə ərazisində ilk dəfə olaraq bu rayonda intensiv əncir bağları salınır

İlk ünvan Saatlı rayonunun Qaralar kəndində fermer Həbib Əhmədovun 7 hektarlıq bağ sahəsidir.

Bağda əkinə hazırlıq aparılaraq, aqrotexniki qaydaya uyğun şum, mala işləri görülüb torpağa gübrə verilib. Daha sonra tinglərin əkilməsinə başlanılıb. Aqronom Murtal Yurtal bildirir ki, "Bağ intensiv əkinçilik olduğu üçün ağaclar tirə üsulu ilə əkilir. Məqsəd isə gələcəkdə ağacları həm qrunt sularından qorumaq, eyni zamanda, onların suya olan tələbatını nizamlaya bilməkdir. Türkiyə təcrübəsindən istifadə olunan bağda əncir ağacları ənənəvi üsuldan fərqli əkilir fərqli formada yetişdiriləcək. Burada iki bitki arasında məsafə üç metr olacaq gövdə 3 metrə qədər uzanacaq. Hər 40 santimetrdən bir sol sağ tərəfdə cərgənin bar budaqları olacaq. Ağacların ilk ilində gövdə bar budaqları formalaşdırılacaq ki, bu da öz növbəsində gələcəkdə məhsul tədarükünün rahat aparılmasına şərait yaradacaq.

Yeddi hektar ərazini əhatə edən bağ Türkiyədən gətirilən "Bursa siyahı" adı ilə tanınan tinglərdən ibarət olacaq. Yüksək məhsuldarlığı ilə seçilən sort xarici bazar üçün çox münasib sayılır. Hazırda əkilən fidanlar bir yaşındadır. İki yaşından etibarən məhsul verməyə başlayacaq. Bar budaqlarında hər yarpaq qoltuğundan təxmini 80-100 qram ağırlığında "Bursa siyahı" sortu olan əncir toplanılacaq. Hər hektardan 40 ton civarında məhsul götürmək mümkün olacaq. Sonrakı illərdə isə ağacların məhsuldarlığı daha da çoxalacaq".

Təsərrüfat sahibi Həbib Əhmədovla söhbət zamanı öyrənirik  ki, ərazidə əncir ağacları ilə yanaşı, digər meyvə ağacları da əkiləcək. Ümumilikdə 20 hektar ərazini əhatə edən bağda bir neçə növ ağac olmaqla 17 min meyvə tinginin əkilməsi planlaşdırılır. Bağın digər bir hissəsini iki ayrı sortdan ibarət olan nektarin təşkil edəcək. Bunlar "Yastı" "Tüksüz" sortlardır ki, məhsuldarlığı ilə seçilir. Bağın üçüncü hissəsində isə ərik ağacları əkiləcək. Ərik ağacları da həm yerli, həm xarici sortlardan ibarətdir. Bunlardan biri "Ordubad" sortu, digəri isə "Türkiyə" sortudur.

Fermer əlavə edir ki, ixracyönümlü meyvə sortları yetişdirildikdən sonra təsərrüfat iqtisadi mənfəət əldə edəcək. Becərmə müddətində türk mütəxəssislər bizə hər cür köməklik göstərəcəklər.

 

Tofiq HÜSEYN,

"Respublika".