Arzu Nağıyev: Fransanın regiondakı nüfuzu yerlə-yeksan olub
Siyasət

Arzu Nağıyev: Fransanın regiondakı nüfuzu yerlə-yeksan olub

“Məlum olduğu kimi, İkinci Qarabağ savaşından sonra Azərbaycanın qələbəsi Faransanı həm iqtisadi, həm siyasi, həm də digər maraq dairəsində olan gəlirlərdən məhrum edib. Buna təbii sərvətlərimizi talan etməklə yanaşı, öz siyasi məsələlərini Qarabağın hesabına həyata keçirmək niyyəti də daxil idi. Rəsmi Paris, hətta keçmiş Minsk qrupunda təmsil olduğu zaman da Ermənistandan istifadə edərək müstəmləkə siyasətini yeritmək xülyasında idi”.

Bu sözləri “Respublika”-ya açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, Fransa öz mənfur siyasətindən əl çəkmək niyyətində deyil. 

“Fransa bu gün Paşinyan hakimiyyətinin Rusiyanı ölkədən çıxarmaq xəttini tutduğunu, Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olduğunu da dərk edir. Türkiyə ilə sərhədlərin açılması Fransanı narahat edir, hətta təşvişə salır. NATO-nun üzvü olan nüfuzlu bir regional dövlətin Ermənistanla münasibətinin yaxşılaşması Fransanın nüfuzunu heçə endirir.”

Arzu Nağıyev, həmçinin Fransanın çətin durumda olduğunu da diqqətə çatdırıb.

“İstər Parlamentlər səviyyəsində, istərsə də digər istiqamətlərdə gərginlik müşahidə edilir. Fransa Ermənistana hərbi texnika verəcəyini bəyan etməklə bütün regional dövlətlərə bir mesaj verir. Daim sülhdən, insan haqlarından danışan bu dövlətin məqsədi heç də Ermənistana kömək deyil, öz xoşagəlməz siyasətini həyata keçirməkdir”.

Nəzrin ELDARQIZI,

“Respublika”.