Avropa ikili davranışları ilə özünə zərbə vurur
Siyasət

Avropa ikili davranışları ilə özünə zərbə vurur

Biz hər zaman Avropanın Azərbaycana münasibətdə qeyri-obyektiv davranışlarının şahidi olmuşuq. Ermənistan Azərbaycan torpaqlarını 30 il boyunca işğal altında saxladı. Amma Avropa Ermənistanın bu işğalçılıq siyasətini heç vaxt etiraf etmədi.

Bir neçə gün öncə Avropa İttifaqının rəsmisi bildirdi ki, bu gün, qarşıda duran əsas məsələ ermənilərin Qarabağa qaytarılmasından ibarətdir. Bunun özü olduqca düşündürücü bir məqamdır. Ona görə ki, 30 ildən artıq bir zaman kəsiyində azərbaycanlılar öz doğma yurd-yuvalarından didərgin salınıb, amma nə Avropa təşkilatları, nə Avropa İttifaqı azərbaycanlıların öz tarixi torpaqlarına qaytarılmasını özü üçün prioritet kimi müəyyənləşdirməyib. Bütün bunlar bir daha onu göstərir ki, Avropa hər zaman öz davranışlarında, mövqelərində səmimiyyətdən uzaq olub, diskriminasiya halına yer verib. Nəzərə almaq lazımdır ki, Avropa bununla həm də özünün maraqlarını təhlükə qarşısına qoyur. Çünki Avropanın enerji təhlükəsizliyi bu gün birbaşa  Azərbaycandan asılıdır. Avropa İttifaqı rəsmiləri bunu dəfələrlə vurğulayıblar. Lakin bu reallıqlar çərçivəsində Avropanın davranışları başadüşülən deyil. Çünki Azərbaycandan enerji asılılığı olan, ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən, nəqliyyat, logistika layihələrindən asılı olan Avropa İttifaqı yenə də Azərbaycanın haqlı mövqelərini dəstəkləməkdən uzaq olmağı üstün tutur.

Müxtəlif Avropa platformalarında Azərbaycana qarşı qərəzli müzakirələr həyata keçirilməkdədir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan öz iradəsi ilə münaqişə vəziyyətini aradan qaldırdı. Bu isə Avropanın maraqlarına uyğun deyildi. Çünki keçmiş münaqişə vəziyyəti Avropaya, Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub saxlamağa və məkrli maraqlarını təmin etməyə imkan verirdi. Azərbaycan tarixi torpaqlarını erməni işğalından öz gücü ilə azad etdi və münaqişə vəziyyətini də aradan qaldırmış oldu. Bu baxımdan, Avropa istənilən vasitələrlə regionda gərginlik elementlərini saxlamağa, bunu da təbii ki, Ermənistanı bir alət kimi istifadə etməklə həyata keçirməyə çalışır. Azərbaycan öz milli maraqlarına uyğun, tam müstəqil siyasət yürüdən dövlətdir. Ermənistan isə bu imkanlardan məhrumdur. Ona görə də Ermənistandan istifadə edərək Cənubi Qafqaz regionunda neokolonializm siyasətini həyata keçirmək istəyən Avropa Azərbaycana qarşı qərəzli mövqe tutmaqdan çəkinmir. Lakin müşahidə olunan reallıq ondan ibarətdir ki, Azərbaycan özünə qarşı bütün qərəzli davranışları preventiv olaraq aradan qaldırmaq, zərərsizləşdirmək gücünə, imkanlarına malikdir. Avropa ikili davranışları ilə özünə zərbə vurmuş olur.

Elşad MİRBƏŞİROĞLU,

Milli Məclisin deputatı.