Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı növbəti qərəzli qətnamə
Siyasət

Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı növbəti qərəzli qətnamə

"Avropa Parlamenti ədalətə, beynəlxalq hüquq və prinsiplərə deyil, qərəz və ikili yanaşmaya üstünlük verərək, Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı sənəd qəbul edib. Təşkilatın Qarabağda mövcud vəziyyətlə bağlı qəbul edilən qətnaməsində iddia olunur ki, bölgədə beynəlxalq hüquq və normalar pozulub. Heç bir fakt və rəqəm ortaya qoyulmadan Fransanın təşəbbüsü ilə qəbul edilən qətnamə ikili standartlardan irəli gələn qərar kimi qiymətləndirilməlidir. Hətta qətnamə qəbul edilərkən Qarabağa səfər edən BMT missiyasının yekun rəyi belə nəzərə alınmayıb. İnsanların ərazidən könüllü şəkildə çıxmasını "etnik təmizləmə" adlandırmaq isə riyakarlığın son həddidir. 30 il bundan əvvəl Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarından yüz minlərlə insanın qovulmasına, didərgin salınmasına göz yuman Avropa Parlamenti bu qərarı ilə bölgədə sülh və əmin-amanlığı deyil, müharibəni dəstəklədiyini ortaya qoymuş oldu.

"Etnik təmizləmə"ni 30 il əvvəl məhz Ermənistan azərbaycanlılara qarşı həyata keçirib. Ondan əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində həyata keçirilib. 200 minə yaxın insan əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından didərgin salınıb, hüquqları pozulub və yüzlərlə insan qətlə yetirilib. İndiyə qədər də pozulan hüquqları ilə bağlı hər hansı bir qərar qəbul edilməyib. Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran Avropa Parlamenti nədənsə eyni tələbi Qərbi Azərbaycana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür. Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qərəzli qərarlar sistemli xarakter daşıyır. Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi qızışdırmaqdır". Bu fikri siyasi ekspert Volkan Aydemir vurğulayıb. O həmçinin deyib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil. Avropa Parlamentinin bu arada belə fəallaşmasının da səbəbi var. Çünki deputatlardan çoxunun seçki kampaniyası erməni maliyyəsinə əsaslanır. Ona görə də hədəf erməni lobbisinin maliyyəsini cəlb etməkdir. Müharibələrə, işğallara, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini əsasda yanaşan irqçi, islamofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.

Onu da qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. "Avropa Parlamentinin (AP) qəbul etdiyi "Azərbaycanın hücumundan sonra "Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri" adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir. İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün, Azərbaycanı hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik".

Sənəddə diqqətə çatdırılıb ki, populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır. Türkiyə, Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması üçün intensiv səylər göstərir, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, Ukrayna müharibəsi də daxil olmaqla, bütün qarşıdurma və humanitar böhranlarda beynəlxalq hüquq normaları çərçivəsində qardaşlıq və ümumi mənfəətlərin bərqərar olması üçün bütün imkanlarını səfərbər edir. Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini qurumun zəifliyi kimi görür və ciddi qəbul etmirik.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə xüsusi müxbiri.