Azad edilmiş tarixi torpaqlarımız yenidən qurulur
Sosial həyat

Azad edilmiş tarixi torpaqlarımız yenidən qurulur

30 il ərzində ermənilər xalqımıza məxsus tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə yeksan etmiş, adlarını dəyişdirib özününküləşdirmiş, şair və yazıçılarımızın ev-muzeylərinin yerləşdiyi tarixi binaları viran qoymuşlar. Ölkəmizin ərazisində kütləvi dağıntılar törədən, Kəlbəcər, Laçın Şuşa və başqa işğal olunan rayonlarımızda qeyri-qanuni məskunlaşma aparan Ermənistan bu yerlərdə xalqımızın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn siyasət həyata keçirmişdir. Bəşəri cinayət hesab edilən bütün bu barbarlıq və vandalizm əməllərini nüfuzlu təşkilatların gözü önündə beynəlxalq hüquq prinsiplərinə, qanunlara məhəl qoymayaraq törətsə də, dünya dövlətləri düşmən ölkənin dağıdıcı hərəkətlərinə laqeyd yanaşmışdır.

Ötən il aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda işğal olunmuş ərazilərdə mədəni abidələrin dağıdılmasına UNESCO-nun münasibəti haqqında açıqlama verən ölkə başçımız demişdir". …Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir... Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də...".

Barbar, vəhşi qəbilə olan bu toplumun uzun illər işğal altında saxladığı əraziləri darmadağın etməsinin yeganə səbəbi var: bu torpaqların sahibi olmaması. Çünki insan özünə aid olan heç bir şeyi məhv etməz. Ermənilərin xalqımıza qarşı uzun illər boyu davam edən düşmənçiliyi, kin-küdurəti qəddarlıqla, vandallıqla törətdikləri urbusid, kultursid əməllərində öz əksini tapır. Belə ki, düşmən ölkə 30 il boyu Kəlbəcər, Laçın, Tərtər və Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqlarını, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərində qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resurslarını, meşə fonduna daxil olan torpaqları istismar etmiş, flora və faunanı məhv etmişdir. Dağıtdığını dağıdan, apara bildiyini oğurlayan, daşınmayan abidələrimizi isə özününküləşdirməyə çalışan düşmənin əl atmadığı çirkin əməl qalmayıb. Hətta bütün işğal etdikləri ərazilərimizi minalamaqla bu torpaqlarının əsl sahiblərinin yurd yerlərinə dönüşünü əngəlləməyə cəhd etmiş, müharibənin bitməsinə baxmayaraq, son günlərə qədər mina terrorunu davam etdirmişdir.

Bəzi ölkələrin şirkətləri ilə işbirliyi quraraq yeraltı-yerüstü sərvətlərimizi qanunsuz şəkildə istismar edən Ermənistanın beynəlxalq hüquq normalarına zidd fəaliyyətinin sayı-hesabı yoxdur. Düşmən ölkənin daha bir cinayət əməli isə sentyabrın 19-da Azərbaycanın öz ərazilərində apardığı lokal antiterror tədbirləri nəticəsində məlum oldu. Belə ki, qanunsuz erməni silahlılarından təmizlənmiş Xocalı rayonunun Ballıca ərazisində böyük narkotik plantasiyası aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən fakt üzrə cinayət işi açılıb və əraziyə dəvət edilən mütəxəssislərin yekun qərarı dinlənilib. Yekun qərarda narkotik vasitələrin xüsusi üsullarla becərilib yetişdirildiyi və qara bazara çıxarıldığı bildirilib. İlkin nəticələrə görə, bu ərazilərdə təqribən milyon dollar dəyərində narkotik vasitələrin əkin-biçini aparıldığı ehtimal olunur. Bütün bunlar bir daha düşmən ölkənin işğalçı, terrorçu, cinayətkar əməllərinin əyani sübutudur.

44 günlük müharibənin bitdiyi ilk günlərdən dövlətimiz azad etdiyi tarixi torpaqlarını yenidən qurub-yaratmağa başlayıb. Minatəmizləmə işləri ilə başlamış yenidənqurma prosesi sürətlə aparılır, şəhər və kəndlərimizdə genişmiqyaslı işlər görülür. Yeni yaşayış binaları, fərdi evlər tikilib bu yerlərin sakinlərinə təqdim edilir, "ağıllı şəhər"lər, "ağıllı kənd"lər salınır. Prezident İlham Əliyevin əzmi, qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən darmadağın edilmiş, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur, mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdan vətəndaşlarımızın dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturlar yenidən qurulur.

Bütün çətinliklərə baxmayaraq, Qarabağda dağıdılmış milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, məscidlərimiz yenidən qurulur və bu torpaqların qədim Azərbaycan yurdu olduğu sübut edilir. Artıq müstəqil dövlətimiz bütün ərazilərinə tam nəzarət edir, düşmənin izləri torpaqlarımızdan birdəfəlik silinir.

Mehparə ƏLİYEVA,

"Respublika".