Azərbaycan-Albaniya əlaqələri
Siyasət

Azərbaycan-Albaniya əlaqələri

Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Belə ki, rəsmi Tirana 1992-ci il yanvarın 4-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan edib, 1993-cü il sentyabrın 23-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin vaxtdan başlayaraq iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin getdikcə yaxşılaşdırılmasında, habelə Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq yaradılmasında mühüm rol oynayıb. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Baş nazir Edi Rama 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edib. Bu ölkənin keçmiş prezidenti İlir Meta isə 9-cu Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci il iyunun 16-da Azərbaycanda işgüzar səfərdə olub. 2022-ci il noyabr ayının 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Albaniyaya rəsmi dövlət səfərinə gəlib. Bu, ölkə başçımızın Albaniyaya ilk səfəri idi. Səfərin məqsədi ölkələrimiz arasında olan əlaqələrin daha da inkişafına və əməkdaşlığın gücləndirilməsinə töhfə vermək idi.

Albaniya ATƏT-in hazırdakı sədri və BMT TŞ-nin qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və təmsil olunduğu beynəlxalq təşkilatlarda hər zaman yanımızda olduğunu bəyan edir. İqtisadi əməkdaşlığımız 5 milyon dollar ticarət dövriyyəsi ətrafındadır. Buna baxmayaraq ölkələrimizarası iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.

Eyni zamanda qeyd etməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Həmçinin Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya, Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında bildirib ki, "Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir".

Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. İyulun 7-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

Röya RÜSTƏMLİ,

"Respublika".