Azərbaycan çoxdan gözlənilən ədaləti bərpa etdi
Digər xəbərlər

Azərbaycan çoxdan gözlənilən ədaləti bərpa etdi

Ermənistanın işğalına son qoyulmasından keçən 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirdi.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq qalmaqda idi. Həmçinin xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları həmin ərazilərdə yerləşdirilmişdi. Niyyət isə bəlli idi: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq, Ermənistanın imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatları davam etdirməsi, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi. Sentyabrın 19-da günorta saatlarında başlanan lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də uğurla başa çatdı. Nəticədə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan ağır məğlubiyyətə uğrayaraq çıxdı və tam şəkildə tərk-silah olundular. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edildi. Bundan sonra Yevlaxda Qarabağın erməni sakinləri ilə rəsmi Bakı arasında görüş baş tutdu. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olundu.

Lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etdi. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmədi, yalnız hərbi hədəflər vuruldu, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görüldü, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olunmadı. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərin həlli ilə bağlı hərbçilərə müraciət etmək tövsiyə olundu, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görüldü. Həmçinin, Azərbaycan sülhməramlıların öz funksiyalarını yerinə yetirməsi üçün tam şərait yaratdı. Antiterror tədbirləri zamanı sülhməramlılar da əhalinin təhlükəsizliyi ilə məşğul oldular. Qarabağ əhalisinə tibbi və humanitar yardım göstərmək üçün lazım olan hər şeyi etdilər.

Azərbaycan 30 ilə yaxın bir müddətdə siyasi iradə nümayiş etdirərək münaqişənin dinc yolla həllinə çalışdı. Lakin erməni separatçıları göstərdilər ki, onlar sülh təklifi ilə razılaşmaq istəmirlər. Müxtəlif bəyanatlar səsləndirən Qarabağdakı qondarma rejim Azərbaycan Ordusunun gücü qarşısında heç bir gün də dayana bilmədi. Cəmi 23 saat çəkən lokal antiterror tədbirinə tab gətirməyən ermənilər ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan öz ərazisində "boz zona"nın yaradılmasına imkan vermədi. Bütün dünyaya növbəti dəfə öz hərbi və siyasi gücünü göstərdi. Danışıqlar hər hansı xarici ölkədə yox, Azərbaycanın öz ərazisində - Yevlaxda baş tutdu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, ərazimizdə yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Millətçi ünsürlər tərəfindən beyinləri zəhərlənmiş sadə ermənilər də nəhayət, rahat həyat sürəcəklər.

Arif NİFTALIYEV,

Özbəkistan Respublikası, iş adamı.