Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 96-cı ildönümü qeyd edilib
Digər xəbərlər

Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 96-cı ildönümü qeyd edilib

İyulun 24-də Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 96-cı ildönümü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Van Ley Çin ordusunun yaranmasından, onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb. Bildirib ki, Çin Xalq Azadlıq Ordusu Çin Kommunist Partiyasının rəhbərliyi altında milli müstəqillik və xalqın azadlığı uğrunda mühüm töhfələr verib, unudulmaz hünər və şücaət göstərib, regionda və bütün planetdə sülhün və inkişafın qorunmasında önəmli qüvvəyə çevrilib.

Azərbaycan-Çin münasibətlərinə toxunan Van Ley qeyd edib ki, iki ölkə arasındakı tarix çox uzaq keçmişə söykənir: "İki min ildən çox əvvəl iki ölkənin xalqlarını qədim İpək yolu birləşdirib, diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Çin ilə Azərbaycan arasında hərbi əlaqələr dövlət başçılarının rəhbərliyi sayəsində planlı şəkildə inkişaf edib. Beləliklə, hər iki ölkənin iştirak etdiyi regional və beynəlxalq əməkdaşlıq daha da sıxlaşır".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, iki ölkə arasındakı yaxın dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək.

Tədbir bədii hissə ilə davam edib.