Azərbaycan Ədliyyəsinin Şanlı İnkişaf Yolu
Digər xəbərlər

Azərbaycan Ədliyyəsinin Şanlı İnkişaf Yolu

Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir.

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri.

Azərbaycan ədliyyəsinin inkişaf yolu Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Təsadüfi deyildir ki, “Ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 22 noyabr tarixli qərarı əsas götürülərək həmin gün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

“İstiqlal Bəyannaməsi” qəbul edildiyi gün - 28 may 1918-ci ildə F.X.Xoyskinin rəhbərliyi ilə 9 nəfərdən ibarət Azərbaycan Milli Hökuməti təşkil olundu. Hökumətin tərkibinə digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyi də daxil idi. Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov Cümhuriyyətin Ədliyyə naziri təyin olundu.

Xalq Cümhuriyyətində hələ ədliyyə və məhkəmə sistemi qurulmadığına görə Cümhuriyyətin Ədliyyə Nazirliyi fəaliyyətinin ilk dövrlərindən çar Rusiyasının hakimiyyəti zamanı fəaliyyət göstərmiş ədliyyə orqanları və məhkəmələrin bərpası ilə məşğul olmağa başladı. Hökumət 1918-ci il 14 sentyabrda çar Rusiyası dövründə fəaliyyət göstərmiş barışıq məhkəmələrinin fəaliyyətinin bərpası üçün vəsait ayırdı. 1918-ci ilin sentyabrında Azərbaycan hökuməti Bakıya köçürüldükdən sonra Cümhuriyyətin məhkəmə aparatının yenidən qurulmasına diqqət artırıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 1 oktyabr qərarı ilə Bakı Kommunası dövründə təsis edilmiş bütün məhkəmə və istintaq orqanlarını ləğv etdi. Çar Rusiyası zamanı təşkil olunmuş Bakı Dairə Məhkəməsi ona tabe olan qurumları ilə birlikdə bərpa olundu. Bu qərarla, həmçinin Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla Azərbaycan Milli Prokurorluğunun əsası qoyuldu.

1918-ci il 22 noyabrda Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunması ilə ədliyyə sisteminin inkişafında yeni mərhələ başlandı. Həmin Əsasnaməyə görə Azərbaycan Ədliyyə Nazirliyi: ədliyyə naziri; nazirin köməkçisi; nazirin məsləhətçisi; nazirin dəftərxanasından ibarət quruluşda təşkil olundu. Ədliyyə naziri Nazirliyə rəhbərlik edirdi. General-prokuror və həbsxanalar üzrə himayəçilik cəmiyyətinin prezidenti Nazirliyin yanında fəaliyyət göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci il 26 dekabrda qəbul etdiyi Ədliyyə Sahəsində Deklarasiyanın ölkədə məhkəmə hakimiyyətinin təşkili və formalaşmasında böyük əhəmiyyəti oldu. Məhz həmin sənədlə respublikada məhkəmə hakimiyyətinin təşkili və fəaliyyət prinsipləri müəyyən olundu.

Ədliyyə Sahəsində Deklarasiyada ədliyyə orqanlarının, xüsusilə məhkəmələrin fəaliyyətinə əhəmiyyət verilərək onların qarşısında duran vəzifələr müəyyənləşdirildi. Deklarasiyada məhkəmələrin sosial təyinatından bəhs edilərək aşağıdakı müddəalar vurğulanırdı: məhkəmə orqanları olmadan heç bir dövlətin mövcud ola bilməməsi; heç bir digər inzibati dövlət aparatının məhkəmələri əvəz edə bilməməsi; bütün ictimai təhlükəli hərəkətlərin məhkəmə prosesində araşdırılması, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin öz günahını başa düşməsi və dövlət aparatının ədalətliliyini hiss etməsi;  məhkəmə icraatının dəqiqliyinin dövlətin mühüm məsələlərindən biri olması; ədalət mühakiməsinin xalqa yaxın olması; məhkəmə ilə əlaqəsi olmuş hər bir şəxsin onun ədalətliliyini başa düşməsi və məhkəmə sisteminin bütün əhali tərəfindən başa düşülməsi.

Ədliyyə Sahəsində Deklarasiyada, həmçinin təqsirsizlik prezumpsiyası, vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi prinsipləri bəyan edilmiş, həmin prinsiplərin həyata keçirilməsi istiqamətləri və yolları göstərilmişdi.

 Xalq Cümhuriyyəti ədalət mühakiməsinin həyata keçirilməsində ictimaiyyətin iştirakına xüsusi önəm verirdi. Ədliyyə Nazirliyi tərəfindən “Ədalət mühakiməsinin həyata keçirilməsində iştiraka ictimaiyyətin cəlb edilməsi üzrə” Yardımçı Komissiya təşkil edilmişdi. Həmin Komissiya tərəfindən 1919-cu il 20 fevralda “Azərbaycan Andlı İclasçılar məhkəməsinin təsis edilməsi haqqında” qanun layihəsi hazırlanmşdı. Bununla belə, layihədə təkcə müttəhimin təqsirli olub-olmaması deyil, həmçinin cəza təyini məsələlərinin həllində andlı iclasçıların iştirakı da nəzərdə tutulurdu.

Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin tərkibində məhkəmə sahəsinə dair qanunlara yenidən baxılması barədə xüsusi komissiya təşkil etmişdi. Bu komissiyanın tərkibində aşağıdakı qruplar nəzərdə tutulmuşdu: mülki hüquq və mülki prosesə dair qanunlara yenidən baxılması; yerli məhkəmələr barədə qanunların hazırlanması; ədalət mühakiməsinin həyata keçirilməsinə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi və Ali Məhkəmənin təsis edilməsi.

Sonralar həmin qruplara cinayət hüququ və cinayət prosesinə dair bəzi qanun müddəlarına yenidən baxılması üzrə qrup da əlavə olundu.

Ədliyyə Nazirliyi tərəfindən yerli məhkəmələrin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə qanun layihəsi hazırlanmışdı. Həmin layihəyə əsasən ölkədə iki kateqoriya mülki məhkəmələrin təşkili nəzərdə tutulurdu: şəhərlər və şəhər tipli yaşayış məntəqələrində barışıq məhkəmələri, digər yerlərdə isə xalq məhkəmələri təşkili edilməli idi. Barışıq məhkəmələri bir hakimdən ibarət tərkibdə, xalq məhkəmələri isə üç hakimdən ibarət tərkibdə işlərə baxacaqdı. Hər iki məhkəmə üçün apelyasiya instansiyası qismində sədrdən, bir barışıq hakimindən və bir xalq məhkəməsi sədrindən ibarət tərkibdə şəhər və xalq hakimlərinin qurultayı təsis edilməli, kassasiya instansiyası qismində isə Senatın müvafiq departamenti çıxış etməli idi.

1920-ci il aprel ayının 28-də Sovet Ordusu Azərbaycanı işğal etdi. Xalq Cümhuriyyəti dağıdıldı, Azərbaycanda Sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin Azərbaycanda əsas orqanı olan Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel qərarı ilə Azərbaycan SSR hökuməti təşkil edildi. Hökumətin tərkibində olan qurumlardan biri də Xalq Ədliyyə Komissarlığı idi.

Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının əsas vəzifələri Azərbaycanda məhkəmələrin təşkili və möhkəmləndirilməsi, məhkəmə və istintaq orqanları üçün kadrların və respublikada məhkəmə quruluşu və məhkəmə icraatını tənzimləyən dekretlərin hazırlanmasından ibarət idi. Xalq Ədliyyə Komissarlığı bilavasitə və özünün yerli şöbələri vasitəsilə məhkəmələr və ədliyyə orqanları üzərində rəhbərliyi həyata keçirir, bütün təşkilatlarda fəhlə-kəndli hökumətinin qanunlarının icrasına nəzarət edirdi. Xalq Ədliyyə Komissarlığı məhkəmələr və ədliyyə orqanları üzərində rəhbərliyi həyata keçirməklə yanaşı, respublikada ali məhkəmə nəzarəti funksiyasını da yerinə yetirirdi. Onun ali məhkəmə nəzarəti məhkəmə orqanları üzərində ümumi nəzarətin həyata keçirilməsi, qüvvədə olan hüquq normalarının mahiyyətinin və məzmununun hakimlərə tədris edilməsi, məhkəmə orqanlarının qanuni qüvvəyə minmiş, lakin yenidən baxılması tələb olunan hökm və qərarlarının hüquqi qüvvədən kənar elan edilməsi və s. səlahiyyətlərlə əlaqədar idi. Bunlarla bərabər, Xalq Ədliyyə Komissarlığı hansı məhkəmə orqanında baxılmasından asılı olmayaraq işlərə yeni açılmış hallar üzrə yenidən baxılması məsələsini həll edirdi. Həmçinin, qanunların təfsiri zamanı bütün məhkəmə instansiyaları üçün rəhbər və məcburi qüvvəyə malik müddəalar müəyyən etmək səlahiyyətinə malik idi.

Buna baxmayaraq, sovet hakimiyyəti illərində Ədliyyə Nazirliyinin quruluşunda sabitlik olmadığından müəyyən səbəblərdən dəfələrlə ləğv edilmiş və yenidən təşkil olunmuşdur. Lakin 1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan SSR-də ədliyyə sisteminə dövlət qayğısı artırıldı.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 oktyabr Fərmanı ilə Azərbaycan SSR Ədliyyə Nazirliyi yenidən təşkil olundu. Həmin tarixdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti xalq məhkəmələrinin seçicilər qarşısında hesabatlarının vəziyyəti və hüquqi biliklərin əhali arasında təbliği barədə qərar qəbul etdi. Qərarda Azərbaycan SSR Ədliyyə Nazirliyinə tapşırıldı ki, xalq məhkəmələrinin seçicilər qarşısında hesabatlarının müntəzəm keçirilməsini nəzərdə tutan “Azərbaycan SSR məhkəmə quruluşu haqqında” Qanunun tələblərinin dönmədən yerinə yetirilməsi təmin edilsin, onların hesabatlarının diqqətlə hazırlanması zərurətinə xüsusi fikir verilsin, rayonda (şəhərdə) cinayətkarlığın vəziyyəti hesabatlarda dərindən təhlil olunsun və bunlar ictimaiyyəti həmin mənfi halları doğuran səbəbləri aradan qaldırmağa yönəltsin. Həmçinin hesabat məruzələri tərtib olunmuş cədvələ tamamilə uyğun surətdə keçirilsin, hər bir xalq məhkəməsində seçicilərin verdikləri tapşırıq, təklif və tənqidi qeydlərin uçotu aparılsın, ümumiləşdirilsin və görülən tədbirlər haqqında seçicilərə müntəzəm məlumatlar verilsin.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarixdən Azərbaycan Ədliyyəsinin inkişafında yeni dövr başlandı. 1993-cü il 3 oktyabrda keçirilən prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyevi tam dəstəklədi və ulu öndər ölkə prezidenti seçildi. Bundan sonra  müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının və ədliyyə sahəsində müvafiq qanunların qəbul edilməsi ölkədə ədliyyə işinin inkişafına zəmin yaratdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində ölkəmizdə həyata keçirilən işlər sırasında ədliyyə orqanlarının fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi və məhkəmə-hüquq islahatlarının keçirilməsi mühüm yer tuturdu. Bu qanunlara “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunları, Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, Cinayət, Cinayət prosessual, Əmək və Ailə Məcəllələrini və s. misal göstərmək olar. Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verdi. Məhkəmələr şəffaf üsullarla yenidən təşkil edildi. İnsanların məhkəmə orqanlarına və onların qərarlarına inamı artdı.

Müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsinin təminatçısı olan ümummilli lider Heydər Əliyevin kursuna səs verən Azərbaycan xalqı 2003-cü il 15 oktyabrda İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra ədliyyə və məhkəmə sisteminə diqqət və qayğı daha da yüksəldi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 6 fevral Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edildi. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il 03 aprel tarixli Fərman verildi. Məhkəmələr üçün yeni inzibati binalar inşa edildi.

2018-ci ilin noyabr ayında Azərbaycan  ədliyyəsinin 100 illik yubileyi dövlət səviyyəsində keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu münasibətlə ədliyə işçilərinə və hakimlərə ünvanladığı təbrikdə  əminliklə qeyd etmişdir ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşların hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfələrini verəcəklər. Möhtərəm Prezidentimizin bu təbriki ədliyyə və məhkəmə işçilərini ruhlandırır, onun tövsiyələrini layiqincə yerinə yetirməyə səfərbər edir.

Kamran ƏSƏDOV,

Bakı şəhəri Qaradağ Rayon

Məhkəməsinin hakimi.