AZƏRBAYCAN ƏDLİYYƏSİNİN ZƏNGİN VƏ ŞANLI TARİXİ
Digər xəbərlər

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN ZƏNGİN VƏ ŞANLI TARİXİ

Azərbaycanda ədliyyə sisteminin zəngin və şanlı tarixi vardır. Ötən dövrə nəzər saldıqda bir daha Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında və beynəlxalq aləmə inteqrasiyasında mühüm rolunun şahidi oluruq. Müstəqilliyimizlə bərabər inkişaf edən Azərbaycan ədliyyəsi 105 illik şərəfli tarixə malikdir. 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib.

Ədliyyə Nazirliyinin dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə ulu öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, bu orqana da diqqəti artırmışdır. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmişdir. Bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır.

Ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuş və Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir.

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Danılmaz faktdır ki, xalqımız dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtlərdəndir. Ümummilli lider müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. Yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmişdir.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb. Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. Məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərilmiş, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Məhkəmələrin müstəqilliyinin təmin olunması, fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün nazirlikdə Məhkəmə Orqanları İdarəsi ləğv edilmiş, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması məqsədilə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır.

2003-cü ildən ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Ölkə Prezidenti İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu və Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərmanı ədliyyə sisteminin inkişafında yeni mərhələyə yol açıb. Möhtərəm Prezidentimiz milli ədliyyənin inkişafında keyfiyyətcə yeni mərhələ açan "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmanın davamı kimi 6 fevral 2009-cu ildə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı imzalamaqla Azərbaycan ədliyyəsinin inkişafına mühüm töhfələr bəxş etmişdir.

Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası genişlənmişdir. Ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq yeni qurumlar - Ədliyyə Akademiyası, Bələdiyyələrə inzibati nəzarət idarəsi, müxtəlif reyestrlər, o cümlədən Əhalinin, Hüquqi Aktların və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri, habelə regional ədliyyə şöbələri yaradılıb, ədliyyə infrastrukturu yaxşılaşdırılıb. Bu il Azərbaycan ədliyyəsinin 105 illiyi olduqca əlamətdar, tarixi və qürurverici bir vaxta təsadüf edir. Böyük fəxarət hissləri keçiririk. 30 illik münaqişə 44 gündə və 23 saat 43 dəqiqə içərisində Azərbaycanın qəti qələbəsi ilə bitdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, dünyagörüşü, hərbi siyasəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı, şanlı tariximizə Zəfər günü kimi yazıldı. Bu gün bütün sahələr kimi, ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsidə daim dövlət başçısının diqqət mərkəzindədir. Bu sahədə aparılan islahatlar xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir.

Səbinə ƏHMƏDOVA,

2 saylı Gəncə Asan Xidmət Mərkəzi,

Ədliyyə Nazirliyi Qeydiyyat

Şöbəsinin rəisi.