Azərbaycan ərazisində “boz zona” yaratmaq cəhdinin 100 ili aşan ssenarisi
Digər xəbərlər

Azərbaycan ərazisində “boz zona” yaratmaq cəhdinin 100 ili aşan ssenarisi

Ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək niyyəti bir neçə əsrlik tarixə söykənir. Amma 105 il öncə Azərbaycan torpaqlarında dövlət quran ermənilər artıq bu təcavüzkar siyasəti dövlət səviyyəsində aparmağa başlamışdılar. Yəni onlar yalnız Qarabağın dağlıq hissəsinə yox, daha geniş coğrafiyaya iddia edirdilər və konkret olaraq o ərazilər sırasında Qarabağın yuxarı hissəsi də hədəfdə idi. 105 il öncə ermənilər müsəlman əhaliyə qarşı qırğınlar törədiblər və Andranikin qaniçən dəstələrinin Qarabağda, Zəngəzurda, Naxçıvanda törətdiyi qətliamların onlara aidiyyəti olmadığını söyləyiblər. Cümhuriyyət dönəmində 23 noyabr 1919-cu ildə Ermənistan Azərbaycanla saziş imzalasa da, buna əməl etməmişdi. Zəngəzurdan qoşunu çıxarmaq əvəzinə əksinə qətliamlar törətmişdi. Yəni 23 aylıq Cümhuriyyət dönəmində artıq biz ermənilərin dövlət səviyyəsində təcavüzkar siyasətinin şahidi olmuşuq.

Onlar 1918-ci il iyunun 4-də bağlanmış Batum müqaviləsinə görə öz ərazilərində yaşayan müsəlmanların təhlükəsizliyini də qorumalı, milli, dini özünüifadəsinin həyata keçirilməsi üçün hər cür şərait yaratmalı idilər. Amma bunun əksi baş verdi. Etnik təmizləmə siyasəti, deportasiya, qarət, talan, təcavüz, qətliam yaşandı. İrəvan xanlığının ərazisində yaradılmış erməni dövlətinin hakimiyyəti altında azərbaycanlılar faktiki olaraq soyqırıma məruz qalmışdılar. 70 illik sovet dönəmində də hər fürsətdə ermənilər dövlət səviyyəsində azərbaycanlı əhaliyə qarşı bu cür ayrı-seçkilik edirdilər. 1948-1953-cü illərdə Ermənistan SSR-dən soydaşlarımızın deportasiya olunması da həmin etnik təmizləmə siyasətinin təzahürü idi. SSRİ-nin süqutu ərəfəsində keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində ermənilərin başlatdığı, ancaq Ermənistan hakimiyyətinin və dünya ermənilərinin, diaspor təşkilatlarının və eyni zamanda Erməni kilsəsinin planlaşdırdığı şəkildə həyata keçirilən bir münaqişə sonradan müharibəyə, talana, qarətə, Xocalı və digər soyqırımı aktları ilə müşahidə olunan bir prosesə çevrildi. Nəticə etibarilə 30 ildən artıq torpaqlarımız işğal altında qaldı və ərazimizin beşdəbir hissəsi zəbt olundu.

Lakin 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycanın rəşadətli Ordusu torpaqlarımızı azad edib, Şuşanı geri qaytardı. Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Amma erməni fitnəsi və hiyləgərliyi müharibə bitdikdən sonra da özünü göstərdi. Yenidən öz xislətlərinə sadiq qalaraq dünya ictimaiyyətinin fikrini manipulyasiya edib və regionda maraqları olan dövlətlərlə öz maraqlarını uzlaşdıraraq təxribatlara əl atdılar.

Qarabağ separatizmi deyilən bir məfhum digər separatizm hadisələrindən çox fərqli və səciyyəvidir. Bu, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin nə müstəqil mövqeyi, nə də öz əllərində olan təşəbbüsdür. Bu tarixi 100 il aşan bir tanış ssenaridir və birbaşa Ermənistan dövlətinin təcavüzkar planının bir hissəsidir. Bir tərəfdən Ermənistan rəhbərliyi guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağı da həmin o ərazi bütövlüyü tərkibində görür, digər tərəfdən də hər vəchlə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin, Azərbaycan hakimiyyətinə tabe olmamasına dəstək verir. Əslində, elə bu prosesin arxasında da erməni dövləti, dünya erməniliyi dayanır. Bu da bizə ənənəvi 100 ildən əvvəlki bir mənzərəni xatırladır. Amma forma etibari ilə başqa bir prosesə keçib. Sanki erməni dövlətinin bu proseslərə aidiyyəti yoxmuş kimi yalnız Qarabağdakı ermənilərin müqəddəratını düşündükləri üçün belə bir mövqe sərgiləyirlər. Lakin bu məsələdə Azərbaycan torpağında "boz ərazi" yaratmaq planlarının arxasında yalnız erməni diasporları, dünya erməniliyi və Ermənistan dövləti təkcə məsuliyyət daşımır. Burada ən böyük məsuliyyət daşıyan bir tərəf varsa o da Rusiya sülhməramlıları kontingentidir. Təbii ki, bu da birbaşa Rusiya hərbi komandanlığına tabe olan qüvvələrdir. Çünki iki il ərzində ermənilərin orada yenidən silah, sursat toplamaq prosesi məhz Rusiya sülhməramlılarının yaratdığı imkanlar hesabına baş tutmuşdur. Əslində üçtərəfli Bəyanata görə, həmin sülhməramlı qüvvələr Qarabağdakı qanunsuz erməni hərbi hissələrini, silahlı dəstələrini tərksilah etməli idilər. Amma nəinki onları tərksilah etdilər, əksinə müxtəlif yollarla Laçında sərhəd-nəzarət-buraxılış məntəqəsi təsis olunana qədər birbaşa güclü hərbi silah-sursatla separatçı rejimin təmin olunmasına şərait yaratdılar. Kifayət qədər faktlar var ki, məhz onların müşayiəti və himayəsi ilə Qarabağın dağlıq hissəsinə silah-sursat daşınmışdır. Və günümüzdə də hər gün bunu görürük. Məhz rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni hərbi dəstələri gah səngər qazmaqla, gah da müxtəlif yollarla bizim hərbi hissələrə sızıb, terror aktları törətməklə məşğul olurlar. Bu, həm Ermənistan dövlətinin, həm də Qarabağdakı erməni əhalisinin taleyinə guya "canıyananlıq" göstərən beynəlxalq qüvvələrin daşıdığı məsuliyyətdir. Bütün bunların hamısı separatizmə təhrikedici və təşviqedici amillərdir.

Həmin qüvvələr Azərbaycan hakimiyyətinə tabe olmayan separatçı rejimin nəzarəti altında olan torpağı bugünkü anlayışla "boz zona"ya çevirməyə cəhd göstərirlər. Təbii ki, "boz zona" anlayışının beynəlxalq səviyyədə fərqli izahı vardır. İstər siyasi anlamda olsun, istərsə də iqtisadi və hüquqi anlamda. Amma Qarabağla bağlı bu, yenə də spesifik bir məzmuna malikdir. Çünki Azərbaycan Respublikası ərazisində boz ərazi yaratmaq istəyən erməni millətçi hərbi qüvvələri artıq son vasitə kimi açıq-aşkar bu yolu tutublar. Ermənilər eyni zamanda beynəlxalq ictimaiyyət qarşısında həm də özünü məzlum xalq kimi göstərməyə səy çalışırlar. Yəni bir tərəfdən bütün qeyri-humanist vasitələrlə hərəkət edir, digər tərəfdən isə özlərinə qarşı humanist münasibət yaratmağa səy göstərirlər. Bu baxımdan, dünyanın aparıcı təşkilatları da Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyur, regionda mövcud olmaq üçün real mənzərəni saxtalaşdırırlar.

Rusiya sülhməramlıları bölgədə qalmaq müddəti bitdikdən sonra regionu tərk etmək niyyətində deyil. Digər tərəfdən isə Ermənistanı müdafiə edən və hər vasitə ilə Qarabağ ermənilərinə "himayəçilik" etməyə çalışan qüvvələr də faktiki olaraq erməni separatizmini təşviq etməyə, orada möhkəmlənməsinə şərait yaratmağa çalışırlar. Və belə bir situasiyada həmin ərazinin "boz zona"ya çevrilməsinin qarşısını almaq üçün Azərbaycan hakimiyyəti öz mövqeyini qəti şəkildə bildirib. Yəni burada təkcə hakimiyyətdən yox, eyni zamanda xalqın iradəsindən söhbət gedir. Hansı ki, 44 günlük müharibə zamanı Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, mütəşəkkilliyini bildirdi. Azərbaycanın haqlı olduğunu görən beynəlxalq ictimaiyyət və eyni zamanda ayrı-ayrı dövlətlər ölkəmizi dəstəklədilər. Burada Türkiyə Cümhuriyyətini, türk dünyasını, və türk diasporlarının fəaliyyətini xüsusi vurğulamaq lazımdır.

Bu gün Paşinyan və yaxud qeyri-erməni rəhbərlərindən hansısa biri bəyanat verir ki, Azərbaycan öz qoşunlarını sərhədlərə toplayır, təhlükə yaradır və s. Ənənəvi ssenariyə uyğun olaraq erməni tərəfi yenə də təxribat aktları törədəcək və bunun günahını bizdə görəcək. Bax, belə bir məkrli, hiyləgər bir qonşu ilə artıq yaşamağa məhkumuq. Azərbaycan ərazisində yaşayan ermənilər də faktiki olaraq 100 ildən artıq aparılan bir siyasətin, yeridilən ideologiyanın təsiri altında yaşamış və tərbiyə almışlar. Yəni düşünməyək ki, bu insanlar sadəcə bir qrup xunta rejiminin girovuna çevriliblər. Çünki kiçik yaşlarından belə ermənilər azərbaycanlılara qarşı kin-küdurət içində böyüdülür. Ona görə də, dövlətimiz terror aktlarının başvermə intensivliyini nəzərə alaraq birmənalı şəkildə antiterror əməliyyatı keçirməli və ya Rusiya sülhməramlılarının müşahidəsi altında qanunsuz qüvvələrin tərksilah olunması tələbi ilə çıxış etməlidir.

105 il əvvəl Qafqaz İslam Ordusu Bakının azadlığı uğrunda savaşanda Qarabağda Andranik azərbaycanlılara divan tutanda Nuru Paşa, digər türk komandanları dəfələrlə rəsmi olaraq erməni əhalisinə müraciət etmişdilər ki, silahları təhvil versinlər və Azərbaycan hakimiyyətini tanısınlar. Bunun qarşılığında onlara heç bir cəza tədbiri görülməyəcəyi bildirilmişdi. Bütün bunlara rəğmən onlar silahları təhvil verməmişdilər. Nəticə etibarilə Qafqaz İslam Ordusu Qarabağa yürüş etməyə məcbur oldu, əhaliyə yenə də müraciət olundu ki, tərksilah olsunlar. Bu gün Azərbaycan hakimiyyətinin tam haqqı var ki, separatçı rejimi tərksilah etsin. Çünki beynəlxalq səviyyədə onun sərhədləri, ərazi bütövlüyü tanınıb və o sərhədlər daxilində də bu gün ermənilərin "boz zona"ya çevirmək istədikləri bölgə vardır.

Azərbaycan tərəfi humanist addım ataraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlara yardım etmək niyyətində olsa da, separatçı rejimin ünsürləri buna qarşı çıxır. Bu da onu göstərir ki, xunta rejimi həmin o ərazilərdə Ordumuza qarşı silahlı müqavimət də göstərəcək. Belə halların qarşısını almaq üçün tərksilah olduqca vacibdir. Əslində Rusiya sülhməramlıları bu fəaliyyəti reallaşdırmalı olsa da əksinə, onların silahlanması, daha da güclənməsi üçün şərait yaradırlar.

Laçında sərhəd-nəzarət-buraxılış məntəqəsi yaradılandan sonra silah-sursat daşınmanın qarşısı alındı. Növbəti addım isə tərksilah prosesinin həyata keçirilməsidir. Gözləmək olmaz ki, beynəlxalq institutlar, ictimaiyyət bu məsələyə necə reaksiya verəcəkdir. Çünki bu, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın legitim haqqıdır. Dünya erməniləri də ona görə bütün aləmə car çəkir ki, Ağdam-Xankəndi yolunun açılması növbəti erməni genosidinin baş verməsidir. Onlar Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə müraciət edərək erməni xalqını növbəti "genosid"dən xilas etməyə çağırırlar.

Tarix və təcrübə eləcə də, bugünkü mənzərə göstərir ki, Ermənistan sülh müqaviləsinin bağlanması, sərhədlərin qarşılıqlı tanınması məsələsində maraqlı deyil. Amma düşünməsinlər ki, bu proses davamlı olacaqdır. Azərbaycan hakimiyyəti və xalqı bu situasiya ilə daim yaşamayacaq. Vətən müharibəsindəki 44 günlük savaş hər şeyi ortaya qoydu və sübut etdi ki, Azərbaycan xalqı işğalla barışmayacaq. Azərbaycan xalqı Şuşa qalasını heç bir modern texnika ilə silah-sursatla deyil, öz cəngavərlik ruhu ilə azad edən bir xalqdır. Buna görə də Xankəndidəki separatçı rejim xam xülyalarla yaşamamalı, 44 günlük İkinci Qarabağ müharibəsini bir daha nəzərdən keçirməli və real mövqe nümayiş etdirməlidir.

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Tarix kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent.