Düşmən ölkə danışıqlar masasına oturduldu
Siyasət

Düşmən ölkə danışıqlar masasına oturduldu

Vl Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu bir ölkə olmasını bir daha təsdiq edir. Artıq uzun illərdir ki, respublikamızda bu cür tədbirlər keçirilir və Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin forumlarda iştirak və çıxışları ilə dünyaya aydın mesajlar verir. Eyni zamanda ölkə başçımız bu yolla Azərbaycan dövlətinin siyasi iradəsini beynəlxalq ictimaiyyətə çatdırır.

Budəfəki forumda da ölkə başçımız əhatəli nitqi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Azərbaycanın mədəniyyətlərarası dialoqa nə qədər bağlı olduğunu əsaslı arqumentlərlə göstərdi. Digər tərəfdən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ədalətsiz bir dünya arealında necə haqq işini sonacan icra etdiyini iştirakçıların diqqətinə çatdırdı. Məlumdur ki, məkrli düşmən onilliklər ərzində Qarabağ və Şərqi Zəngəzurda güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Qüdrətli Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıraraq tarixi ədaləti bərpa etmişdir. 30 ilə yaxın müddət ərzində ölkəmizin uzatdığı sülh əlini geri çevirən Ermənistan tərəfi dinc yolla torpaqlarımızı qaytarmaq fikrində deyildi. Xüsusi vurğulanmalıdır ki, məhz 44 günlük Vətən müharibəsindən, "dəmir yumruğ"un zərbəsindən sonra Ermənistan tərəfi danışıqlar masasına oturmağa razı oldu. 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq kapitulyasiya aktına imza atan baş nazir Nikol Paşinyan məğlubiyyəti defakto qəbul edib. Sözügedən zaman zərfində qərəzli dairələrin "vasitəçilik" oyunu, vaxt uzatma cəhdləri "status-kvo"nu qorumağa xidmət edirdi. Bütün bunlar az deyilmiş kimi, haylar yeni ərazi iddiasına düşmüşdülər. Beləliklə, qüdrətli Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə geri qaytarılması prosesinə adekvat reaksiya görmədi. Ölkə başçımızın Mədəniyyətlərarası Dialoq Forumunda da qeyd etdiyi kimi: "Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik".

Danılmaz faktdır ki, hərb meydanında əldə edilən Zəfərimiz diplomatik sferada da öz təsdiqini tapdı. Məhz Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlara uyğun olaraq bu gün sülhə daha yaxınıq.

Fazil MUSTAFA,

Milli Məclisin deputatı.