Azərbaycan etibarlı enerji təminatçısıdır
İQTİSADİYYAT

Azərbaycan etibarlı enerji təminatçısıdır

Martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimi keçirildi. Mötəbər tədbirlərin ev sahibinə çevrilən Azərbaycan öz nüfuz dairəsini genişləndirməkdə davam edir. Avropanın etibarlı enerji təminatçısı kimi Azərbaycanın bu tədbirə evsahibliyi etməsi dünyaya önəmli mesajdır. Belə ki, enerji tələbatının artması və enerji təhlükəsizliyi prosesində Azərbaycan Avropa üçün alternativsiz enerji tərəfdaşıdır.

Forumun açılış mərasimində ölkə başçımız Azərbaycanın 2019-cu ildə 19 milyard kubmetr qaz ixrac etdiyini xatırladaraq bu il həmin rəqəmin 24 milyard kubmetrdən artıq olacağını bildirdi. Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsi ilə bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyət baxımından məsələnin zəruriliyini də vurğulayıb: "Biz enerji bazarında payımızı artırırıq. Neft və qaz boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti artıq dəyişmişik".

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan Qlobal Bakı Forumunda qlobal çərçivədə təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələlərinə, iqlim, qida və nüvə təhlükəsizliyi, sülhün təmin olunması üçün perspektivlərə, destabil dünyada dayanıqlılığın təmin olunmasına, dünyanı sarsıdan münaqişələrin qlobal sülhə təsirinə nəzər salınacaq və qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin əlaməti olan miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, səmərəli mübarizə yollarını müəyyənləşdirəcək forum martın 11-dək davam edəcək.

Əlaqələrin gücləndirilməsi və enerji təminatının şaxələndirilməsi çərçivəsində qaz ixracının Avropa ölkələrinə çatdırılması Avropa üçün həyati önəm daşıyır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyətə malikdir. Cənub Qaz Dəhlizinin əsas qollarını "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2014-cü il sentyabrın 20-də təməli qoyulan Cənub Qaz Dəhlizi qonşu dövlətlər və Avropa ilə olan iqtisadi əlaqələri daha da gücləndirdi. Layihənin digər bir önəmi Trans Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Balkanlar və Cənub-Şərqi Avropa regionunu bir-birinə bağlamasıdır. Oktyabrın 1-də işə salınan IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək. IGB TAP-a qoşulub və onun vasitəsilə qaz "Şahdəniz" yatağından Avropa bazarlarına çıxarılır. TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posof), Avropaya çıxış nöqtəsi Türkiyə-Yunanıstan sərhədi (Ədirnə-İpsala) boru kəməri olan TANAP Türkiyədən 20 şəhərin sərhədindən keçməklə 67 rayon və 600 kənddən keçən marşrutun Yunanıstan sərhədində Avropaya təbii qazı ötürən TAP kəmərinə qoşulur. Dəhliz, eyni zamanda 7 hökuməti və 11 şirkəti özündə əhatə edən çoxyönlü layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən mühim təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Şübhəsiz ki, bu gün Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişdi. TANAP dövlətimizin Avropa ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azərbaycanı Türkiyənin ikinci ən böyük və Avropa İttifaqının yeni qaz tədarükçüsünə çevirir. Sonrakı illfərdə Azərbaycanın digər qaz yataqlarından əldə edilə biləcək qaz ehtiyatı ilə Cənub-Şərqi Avropa ölkələri üçün əhəmiyyətli qaz ixracatçısı olmağı şübhə doğurmur.

Cənab Prezident İlham Əliyevin əzmi nəticəsində reallaşdırılan layihə ölkənin prestiji baxımından çox önəmlidir. Təsadüfi deyil ki, dəhlizin qaz ixracının artımı və səmərəliliyin davam etdirilməsi çərçivəsində 2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanmışdır. Memorandum çərçivəsində tərəflər qaz nəqlinin həcmini 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırmağı hədəflədilər. Memorandumun imzalanmasında çıxış edən Avropa  Komissiyasının  Prezidenti  Ursula Fon der Lyayen bildirdi ki, bu, onlara Rusiyadan azaltdıqları qaz idxalını kompensasiya etməyə imkan verəcək: "Anlaşma Memorandumunda göstərilən ikinci ən əsas məsələ bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır". Prezdent İlham Əliyev isə memorandumu gələcək üçün yol xəritəsi kimi qiymətləndirdi və Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq bu razılaşmanın da uğurlu olacağından əminliyini bildirdi. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın qaz ixracı 19 milyard kubmetr, 2022-ci ildə 22.6 milyard kubmetr olmuşdur.

Nurlan ABDALOV,

"Respublika".