Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb
Siyasət

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb

Martın 1-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini Fariz Rzayev ilə bu ölkənin xarici işlər nazirinin müavini Besart Kadia arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş" imzalanıb.