Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin sədri seçilib
Siyasət

Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin sədri seçilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, ölkəmiz Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsində (PC-OC) fəal təmsil olunur.

“Respublika” xəbər verir ki, Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, Bu günlərdə Komitənin Strasburqda növbəti iclası keçirilərək Cinayət işləri üzrə hüquqi yardım haqqında Avropa Konvensiyasına sorğuların elektron qaydada elektron imza ilə göndərilməsini və onların icrası ilə bağlı konkret müddətlərin müəyyən olunmasını ehtiva edən üçüncü əlavə Protokol layihəsinə dəyişikliklər, üçüncü dövlətlərin həmin Konvensiyaya qoşulması, ekstradisiya və hüquqi yardım üzrə yeni praktikalar, habelə Komitənin mandatında olan digər məsələlər müzakirə olunub, ekstradisiya sahəsində təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində PC-OC-un rəhbərliyinə Avropa Şurası üzv dövlətlərdən namizədlər sırasından səsvermə yolu ilə yeni seçkilər keçirilib. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi, təşəbbüskarlığı nəzərə alınaraq, Ədliyyə nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Komitənin sədri vəzifəsinə seçilib.

Ölkəmizin belə bir mühüm qurumun rəhbərliyində yüksək səviyyədə təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir əyani təzahürüdür.