Azərbaycan qədim şəhər mədəniyyətini yaşadan diyardır
Siyasət

Azərbaycan qədim şəhər mədəniyyətini yaşadan diyardır

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasında bu, bir daha öz təsdiqini tapacaq

Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi etməsinə dair saziş imzalanıb. İmzalanma mərasimində çıxış edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib: "Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan sülh və tərəfdaşlığa sadiqdir. Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsi üçün tərəfdaşlarla çox sıx şəkildə işləyəcək".

BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən şəhərsalma sahəsində ən mötəbər və daha çox iştirakçıya malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən forum urbanizasiyanın bütün aspektləri ilə məşğul olan iştirakçılara şəhərlərin qurulması, planlaşdırılması, idarə edilməsi barədə təcrübə və biliklərini bölüşmək üçün imkan yaradır...

Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri davam edir.

44 günlük müharibə dövründə qələbənin təmin olunmasında, Azərbaycana qarşı aparılan böyük informasiya müharibəsində olduğu kimi, bu gün aparılan bərpa işlərinə də Azərbaycan Prezidenti İlham Əliyev şəxsən rəhbərlik edir. Dövlət başçısı quruculuq işlərinə, infrastruktur layihələrinin icrasına başlanıldığı ilk vaxtlarda azad edilmiş ərazilərdə ziyanın hesablanması, şəhərlərin baş planlarının hazırlanması işlərinin görüldüyünü qeyd edib: "Baş planlar təsdiq olunduqdan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik",-deyib.

Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Belə ki, uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üçün işlər görülür. Dövlət başçısı deyib: "Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək...". Özü də qədimliklə müasirliyin vəhdətində...

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq və bərpa işlərinin həyata keçirilməsi şəhərsalma prosesinin çevik və səmərəli idarə olunması üçün yeni şəraitə uyğun institusional sistemin qurulmasını zəruri edirdi. Dövlət başçısı 2021-ci il iyulun 12-də "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında" və "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" fərmanlar imzaladı ki, bu da qarşıya qoyulan məqsədə çatmaq üçün mühüm addım kimi səciyyələndirilir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələlərini tənzimləyəcək qərarlarından biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması, onun əsasnaməsinin təsdiq edilməsi oldu. Bu idarə Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətini müvəqqəti olaraq həyata keçirir.

Artıq işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin baş planları təsdiqlənib və onlar plan əsasında yenidən qurulur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində isə dövlət siyasətinin əsas istiqamətləri müvafiq qanunla təsbit olunub. Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna əsasən şəhərin bərpası, yenidən qurulması, öyrənilməsi, inkişafı, təbliği, burada yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasının təmin olunması əsas istiqamətlərdəndir.

Şəhərsalma, onun idarə edilməsi həm də mədəniyyətdir. Qədim dövlətçilik ənənəsi olan Azərbaycanda şəhərsalma mədəniyyəti də yüksək səviyyədə inkişaf edib. Şuşa bu məmləkətin qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. 1903-cü ildə Tiflisdə nəşr olunmuş "Vestnik Kavkaza" jurnalının 43-cü səhifəsində yazılırdı: "Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqələri saxlayırlar". "Qafqaz" qəzetinin icmalçısı isə 1868-ci il 24 may tarixli şərhində göstərirdi: "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Buraya hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhalinin yaşadığını cəsarətlə söyləmək olar".

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov "Kavkazski sbornik" kitabında belə qeyd edirdi: "Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 insanın 24 min 522 nəfəri Şuşanın payına düşür".

XIX əsrdə Azərbaycan və eləcə də Şuşanı müşahidə edən Orta Avropa səyyahları onun daha qədim şəhər olması haqqında dəyərli fikirlər söyləyiblər. İngilis səyyahı Ceyms Morye Şuşada bizim eradan əvvəl insan cəmiyyətinin yaşadığı haqda mülahizələr irəli sürüb. Başqa bir ingilis səyyahı Robert Burter yazır: "Şuşada Qafqazın başqa şəhərlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir".

Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi onu görən hər kəsi heyran edir, onları vəcdə gətirirdi. Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra belə yazıb: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülən daşlardan tikilib. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənib, evlərin damları tirlərdən düzəldilib".

Bəli, tarixi mənbələrdə Azərbaycanın şəhərsalma mədəniyyətinin yüksək səviyyədə olmasını təsdiqləyən məlumatlar çoxdur. Elə gözəl Bakımızın qədimliklə müasirliyin vəhdətində inkişafı da şəhər mədəniyyəti ilə bağlı ənənələrimiz haqqında çox şeylər deyir. Bakı 2026-cı ildə daha bir mötəbər toplantıya ev sahibliyi edəcək. Bu toplantıya gələn əcnəbilər tədbirlər çərçivəsində məmləkətimizin görməli yerlərində olacaqlar. Bakımız, Şuşamız, daha neçə-neçə qədim şəhərlərimiz haqqında məlumat əldə edəcəklər. Əminik ki, bu xalqın zəkalarının yaratdığı mədəniyyət inciləri onları vəcdə gətirəcək. Onların söylədikləri, yazdıqları dəyərli fikirlər isə bu günümüzün tarixinə yazılıb dünənimizdən gələcəyə ərməğan olacaq, gələcək nəsillərə feyz yaşadacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".