Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Digər xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

İyulun 4-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsman), Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin rəhbərləri və nümayəndələri, habelə bir çox məhkəmələrin sədrləri və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmçinin tədbirdə iştirak etmək üçün Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, İndoneziya, Macarıstan, Serbiya və Tailand Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri Bakı şəhərinə gəliblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Beynəlxalq konfransı açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı təbrik məktubunu oxuyub.

Sədr Fərhad Abdullayev təbrik məktubuna görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Konstitusiya Məhkəməsinin bütün kollektivi və konfrans iştirakçıları adından öz dərin təşəkkürünü və minnətdarlığını bildirib. Fərhad Abdullayev qeyd edib ki, dövlətimizin başçısının Konstitusiya Məhkəməsinin işinə verdiyi bu qiymət məhkəmənin kollektivi üçün yüksək etimadın təzahürüdür.

Fərhad Abdullayev xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq hakimlərin və ümumilikdə məhkəmə orqanlarının qərəzsiz, müstəqil və şəffaf fəaliyyətini, onların maddi-sosial təminatını daim diqqət mərkəzində saxlayır. Bu diqqət məhkəmə hakimiyyəti və hər bir hakim üçün çox dəyərlidir.

Daha sonra sədr Fərhad Abdullayev konfransda iştirak edən qonaqları salamlayaraq qeyd edib ki, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması Ümummilli Liderin əziz xatirəsinə əbədi ehtiramın bariz nümunəsidir.

Sədr dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən biri olan uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması haqqında söhbət açıb. Qeyd edib ki, həmin proses çərçivəsində ən əlamətdar hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması idi.

Referendum yolu ilə qəbul edilmiş

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açıb.

Vurğulanıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb.

Qeyd edilib ki, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Liderin bu arzusunu və vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan Ordusu yerinə yetirdi. 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edildi.

Fərhad Abdullayev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində hər zaman mühüm yer tutacaq. İşğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması prosesi bu gün yüksək səviyyədə və sürətlə həyata keçirilir. Bu iş dövlətimizin başçısının daim diqqət mərkəzindədir.

Xüsusilə vurğulanıb ki, torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi həmin ərazilərdə də bərpa edilib.

Sədr Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışaraq qeyd edib ki, onun əsas səlahiyyətləri məhz Konstitusiyada əksini tapıb. Ölkənin Əsas Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün fundamental hüquqi baza qismində çıxış edir. Odur ki, Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı öz missiyasını həyata keçirərkən ilk növbədə Konstitusiyanın müddəalarını, orada əks olunan dəyər və prinsipləri rəhbər tutur. Məhz Əsas Qanunun normalarına istinad edilməsi insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün təminat yaradır.

Sədr Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi 25 il ərzində 545 qərar və 160 qərardad qəbul edib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini vermiş həmin qərar və qərardadlarda Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər əksini tapıb.

Qeyd edilib ki, Konstitusiya Məhkəməsi ötən dövr ərzində hüquq və azadlıqların müdafiəsi üzrə fəaliyyətini daim təkmilləşdirib və beynəlxalq təcrübəni, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, həmçinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və ona dair Protokolları tətbiq etməyə çalışıb. Eyni zamanda, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Heydər Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov təbrik nitqləri ilə çıxış ediblər.

Daha sonra konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan "Fərdi şikayət: Türkiyədə son inkişaflar", Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Snejana Markoviç "Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu", Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Elvira Azimova "Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliliyi", Albaniya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Holta Zaçay "Albaniya Konstitusiya Məhkəməsi məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə", Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Pavlina Panova "Ənənə və tərəqqi arasında tarazlıq", Qırğız Respublikası Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev "Konstitusiya nəzarəti orqanının məhkəmə fəallığının qanunvericiliyin inkişafına təsiri", İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Anvar Usman "İndoneziyada qanunvericiliyin inkişafına töhfə verilməsində insan hüquqlarının və qanunun aliliyinin rolu", Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədri Mirza Uluqbek Abdusalomov "Özbəkistanda konstitusiya islahatı və konstitusiya nəzarətinin inkişafının yeni mərhələsi", Belarus Respublikası Konstitusiya Məhkəməsinin hakimi xanım Alla Bodak "Konstitusiya nəzarəti: qanunvericiliyin konstitusiyalaşdırılması", Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev "Rusiya Federasiyası qanunvericiliyinin konstitusiya əsaslarının formalaşdırılmasında Konstitusiya Məhkəməsinin iştirakı", Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov "Əmək məzuniyyətlərinin hüquqi tənzimlənməsi: mövcud boşluqlar və onların konstitusiya normalarının şərhi vasitəsilə aradan qaldırılması" və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov "Konstitusiya nəzarəti orqanlarının təcrübəsində qanunların konstitusiyaya uyğun təfsiri" mövzularında çıxış edərək təmsil etdikləri ölkələrdə konstitusiya ədalət mühakiməsi sahəsində mövcud təcrübəni təqdim ediblər.

Məruzə və çıxışlardan sonra müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev çıxış edərək konfransın gedişində müxtəlif aktual mövzularda səmərəli fikir mübadiləsi aparıldığına nail olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, müxtəlif hüquq sistemlərinə malik ölkələrin təcrübələrinin bölüşdürüldüyü konfransda maraqlı müzakirələr aparılıb, konstitusiya hüququnun müxtəlif sahələri, xüsusilə də Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqelər və konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericilikdə boşluqların aradan qaldırılması, onun inkişafı ilə bağlı maraqlı fikirlər ifadə edilib.

Sədr xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olması hər zaman məhkəmələrin müstəqil və şəffaf fəaliyyətinə, qərəzsiz şəkildə qərarların qəbul edilməsinə imkan yaradır. Öz növbəsində Konstitusiya Məhkəməsi də fəaliyyət göstərdiyi müddətdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bu gün isə Prezidentin dəstəyini hər zaman hiss edib. Bu dəstək qürurverici olmaqla yanaşı, eyni zamanda, böyük məsuliyyət deməkdir. Konstitusiya Məhkəməsinin kollektivi hər zaman üzərinə düşən bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirməyə çalışır.

Bununla da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans işini başa çatdırıb.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya məhkəmələrinin sədrlərinin Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TDKYK) çərçivəsində işçi iclası keçirilib. İclasda konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Xarici dövlətlərin Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri səfər çərçivəsində Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə də tanış olacaqlar.