Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  və müasir hüquqi dövlət quruculuğu
Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  və müasir hüquqi dövlət quruculuğu

"Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bu gün Azərbaycan dövləti və xalqı həqiqətən də tarixi günlər yaşayır. Doğma torpaqlarımızın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs arzusu olub.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər dövlətimizin çoxəsrlik tarixinin ən mühüm hadisəsidir. 44 gün davam edən və 30 il ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tarixi Qələbə qazanaraq, dövlətimizin ərazi bütövlüyü uğrunda cəsarət və şərəflə mübarizə apardılar. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "...bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır".

Cari ilin 19-20 sentyabr tarixlərində isə Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti parlaq səhifə olaraq daxil oldu. Sentyabrın 19-da başlamış və 24 saatdan az bir müddətdə başa çatan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində qarşıya qoyulan strateji hədəflərə nail olundu və Azərbaycanın dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi.

44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda şərtsiz bərpa olundu və bununla da Konstitusiyada təsbit edilmiş insanların hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsi üçün real hüquqi zəmin yarandı.

Qazanılan böyük Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz siyasi iradəsi, dərindən düşünülmüş, qətiyyətli və ardıcıl fəaliyyəti, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şücaəti və peşəkarlığı, eyni zamanda xalqımızın vahid məqsəd naminə birliyi nəticəsində mümkün oldu.

44 günlük Vətən müharibəsinin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi istisnasız olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatiyasının növbəti böyük uğurudur.

Bu il qətiyyətli, mahir və güclü siyasətçi, xalqına xidmət əsas həyat amalı olan siyasi lider, dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Hakimiyyətdə olduğu 20 il ərzində dövlət başçısı hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Öz növbəsində Azərbaycanın suverenliyinin tam bərpa olunmasının da məhz bu ilə təsadüf etməsi çox böyük rəmzi xarakter daşımaqla, ikiqat sevinclidir.

Ölkə başçısı İlham Əliyev 2003-cü il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti olaraq ilk andiçmə mərasimində indi tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı demişdir: "Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".

Hər zaman sözünə sadiq və sözü imzası qədər dəyərli, qüvvətli olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi bütün vədləri, qarşısında duran vəzifələri layiqincə yerinə yetirdi.

Bu il dövlətimiz və xalqımız üçün növbəti möhtəşəm uğurlar, hərbi-siyasi zəfərlər və strateji hədəflərin həyata keçirilməsi ilə əlamətdardır. 2023-cü il 15 oktyabr Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü günündə dövlət başçısı İlham Əliyev Sərsəng Su Anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Xankəndi şəhərində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".

İndi bütün Qarabağ ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev qarşısında qoyduğu bu vacib vəzifənin öhdəsindən layiqincə, məharətlə gəldi.

Qeyd edilməlidir ki, Azərbaycanın dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpasının "Heydər Əliyev İli"nə təsadüf etməsi də böyük rəmzi məna daşıyır. Belə ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və işğal altında olan torpaqlarımızın düşmən əsarətindən azad edilməsinin ilkin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü ilin may ayında atəşkəs haqqında razılaşma əldə olundu, nəticədə hərbi əməliyyatlar dayandırıldı, qısa müddət ərzində bir çox sahələrin, o cümlədən dövlətin nizami ordusunun formalaşmasında olduqca əhəmiyyətli addımlar atıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxşaxəli islahatlar, o cümlədən hüquq islahatları bütövlükdə Azərbaycan dövlətinin siyasi xarakterini və əsas inkişaf yolunu müəyyən edib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və düşünülmüş inkişaf strategiyasının əsasında dövlətçilik ənənələrinə əsaslanan idarəçilik, tərəqqi, sosialyönümlü inkişaf, stabillik və insan amili dayanır.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan xalqının təkidli istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyevin qarşısında duran ən əsas vəzifələrdən biri müstəqil Azərbaycanın qanunvericiliyi sahəsində islahatların aparılması və dövrün tələblərinə cavab verən yeni hüquqi bazanın yaradılması idi. Bu vəzifələrin yerinə yetirilməsi üçün müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi artıq bir zərurətə çevrilmişdi.

Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının hazırlanaraq qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, eyni zamanda milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından da olduqca vacib ictimai-siyasi hadisə olaraq qiymətləndirilməlidir.

1995-ci ildə qəbul edilən dövlətin Əsas Qanunu Azərbaycanın gələcək inkişafının konseptual əsaslarını və prioritetlərini müəyyən etməklə, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün etibarlı və davamlı hüquqi zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev tərəfindən hüquq islahatlarına müstəsna əhəmiyyət verilərək 1996-cı ildə Hüquq-İslahat Komissiyası yaradılmış, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə bu Komissiya tərəfindən qısa müddət ərzində keyfiyyətcə tamamilə yeni, beynəlxalq təcrübəyə əsaslanan bir sıra mühüm qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", digər qanun və məcəllələr işlənib hazırlanmışdır.

Aparılan məhkəmə-hüquq islahatları nəticəsində ilk dəfə olaraq 1998-ci ildə ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmış, 2000-ci ildən etibarən isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır.

2003-cü ildən etibarən isə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində hüquq islahatları, o cümlədən məhkəmə-hüquq sahəsindəki islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilmiş və müasir dövrün çağırışları nəzərə alınaraq daha da genişləndirilmişdir.

20 il bundan əvvəl, 2003-cü ildə Azərbaycan xalqı öz iradəsini sərbəst şəkildə ifadə edərək, dəstək olduğu namizədə - İlham Əliyevə səs vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2003-cü il 28 oktyabr tarixli Qərarı ilə 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələri təsdiq və rəsmən elan edilmişdir. Həmin Qərarı qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Əsas Qanunun müvafiq müddəalarını və Azərbaycan xalqının sərbəst iradə və seçimini rəhbər tutmuşdur.

2003-cü və sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçiliyin hüquqi inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirildi. Keçən illər ərzində məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, bir çox sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində yüksək və dayanıqlı inkişaf dinamikasına nail olundu.

Qeyd edilməlidir ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın, dinamizmin və ahəngdarlığın təmin edilməsi mütərəqqi yanaşmaların tətbiqini, o cümlədən islahatların həyata keçirilməsini tələb edir.

Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxşaxəli islahatlar, o cümlədən hüquq islahatları bütövlükdə Azərbaycan dövlətinin siyasi xarakterini və əsas inkişaf yolunu müəyyən edib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və düşünülmüş inkişaf strategiyasının əsasında dövlətçilik ənənələrinə əsaslanan idarəçilik, tərəqqi, sosialyönümlü inkişaf, stabillik və insan amili dayanır.

Bu illər ərzində aparılan hüquq islahatları ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlar konsepsiyasının ayrılmaz tərkib hissəsi olub. Belə ki, dövlət başçısı İlham Əliyev tərəfindən məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə, məhkəmə sisteminin təkmilləşdirilməsinə hər zaman xüsusi önəm verilib.

 Bu gün ardıcıl surətdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsasında qanunun aliliyinin və qanunçuluğun təmin edilməsi, məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqətin yetirilməsi, habelə məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər mühüm məsələlər durur.

Qeyd edilməlidir ki, istənilən dövlətin inkişafı və insanların rifah halı ilkin olaraq həyata keçirilən sosial-iqtisadi siyasətlə əlaqəlidir. Bu prosesin səmərəliliyi eyni zamanda qanunçuluq və ədalət prinsiplərinə riayət edilməsindən də asılıdır.

Hüquqi dövlət, bu, ilk növbədə pozulmuş insan hüquq və azadlıqlarının bərpa mexanizminin fəaliyyətini ehtiva edən və bu fəaliyyəti təmin edən dövlətdir. Məhz hüquqi dövlət hüquq və azadlıqların realizə edilməsinə şərait yaradan başlıca institutdur. Qanunvericilik islahatları hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi olmaqla, onların əsas məqsədi ədalətin, insan hüquqlarının və qanuni maraqlarının təmin edilməsi, müasir dövlət institutlarının inkişafı, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsidir.

Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində hüquq sisteminin dövrün müasir çağırışlarına adekvat olaraq cavab verməsi olduqca vacibdir. Məhz dövrün tələblərinə cavab verən hüquq sistemi cəmiyyətdə harmoniyanın və eyni zamanda vətəndaş məmnunluğunun təmin olunmasında vacib rol oynayır.

Hüquq islahatlarının tərkib hissəsi şübhəsiz ki, konstitusiya islahatlarını da ehtiva edir. Qeyd edilməlidir ki, Əsas Qanuna ilk dəfə əlavə və dəyişikliklər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə edilmişdir. Belə ki, 2002-ci il 24 avqust tarixli referendumda Konstitusiyanın bir sıra maddələrində edilən əlavə və dəyişikliklər ictimai münasibətlərin daha səmərəli tənzimlənməsi zərurətindən irəli gəlirdi.

Bu əlavə və dəyişikliklər bir sıra mühüm məsələləri, o cümlədən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi, Azərbaycan Respublikasında apellyasiya instansiyası məhkəmələri, həmçinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutunun yaradılmasını nəzərdə tutdu. Eyni zamanda, Konstitusiyaya edilən həmin əlavə və dəyişikliklər nəticəsində İnsan hüquqları üzrə müvəkkil, məhkəmələr və hər kəs (fiziki və hüquqi şəxslər) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etdi.

Bu konstitusiya islahatları Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə könüllü olaraq götürdüyü hüquqi öhdəliklərin uğurla həyata keçirilməsinin əyani nümunəsi oldu.

Növbəti konstitusiya islahatları, yəni 2009-cu il və 2016-cı ildə keçirilmiş referendumlar nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əsas Qanunun mətninə irəli sürdüyü əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, 2009-cu ildə keçirilən referendumla Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Konstitusiya səviyyəsində dövlətin ali məqsədi olaraq tanınması olduqca mühüm əhəmiyyət kəsb edir.

Bu referendumla həmçinin uşaq hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi gücləndirildi, sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradılması nəzərdə tutuldu, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququ verildi.

2016-cı il referendumu da öz növbəsində müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təminatına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Əminliklə deyə bilərik ki, Konstitusiyanın mətninə edilmiş bu modifikasiyalar ölkəmizdə demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının daha geniş təminatlarına göstərilən ən yüksək diqqətin təzahürüdür.

Dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olaraq, 2004-cü il 28 dekabr tarixində "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilməklə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təşkil edildi. Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələləri həll edən orqandır.

Həmin Qanunla, həmçinin Hakimlərin Seçki Komitəsinin formalaşdırılması nəzərdə tutuldu. Bununla da vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçimi prosesi əsaslı surətdə təkmilləşdirildi.

Ötən 20 il ərzində dövlət başçısı cənab İlham Əliyev tərəfindən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması, mümkün ola biləcək sui-istifadə hallarının aradan qaldırılması, habelə bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı mütərəqqi addımlar atılır.

Dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatlarına toxunarkən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərman xüsusilə vurğulanmalıdır. Bu fərman məzmun, mahiyyət və ümumilikdə əhatə miqyası nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edərək, özündə məhkəmə-hüquq sistemində genişmiqyaslı hüquq islahatlarını ehtiva edir. Fərman məhkəmə sistemində islahatların aparılması və müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə, məhkəmələr üçün ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi kimi mühüm prinsiplərin hər zaman aktual olduğunu bir daha vurğulayıb.

Bu Fərman ədalət mühakiməsi prosesində keyfiyyətcə yeni və cəmiyyət üçün çox vacib yanaşmaların tətbiqinə mühüm təkan verdi.

Əminliklə demək olar ki, məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, eyni zamanda iqtisadi, sosial və digər sahələrdə müşahidə olunan hərtərəfli inkişafın ayrılmaz tərkib hissəsidir.

Şübhəsiz ki, bütövlükdə hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar bu sistemin davamlı inkişafını təmin edəcəkdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində dövlət başçısı İlham Əliyev tərəfindən hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq siyasətinə daim dəstək olmaqla, öz fəaliyyətində bu hüquq siyasətinin istiqamətlərini rəhbər tutur.

Fəaliyyət göstərdiyi 25 illik müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 558 qərar və 164 qərardad qəbul edilmişdir. Bu qərar və qərardadların mütləq əksər hissəsi məhz insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı olub.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir təcrübə və inkişaf meyillərinin Məhkəmənin fəaliyyətində tətbiq edilməsinə hər zaman xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum tərəfindən qəbul edilən bir çox qərar və qərardadlarında beynəlxalq hüquqi aktların, o cümlədən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə istinadlar edilir.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman fəaliyyətində Prezident cənab İlham Əliyevin dəstəyini hiss etmiş və məhz bu dəstək sayəsində öz vəzifələrini müstəqil şəkildə həyata keçirmişdir.

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında sabitlik və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının tarixi dönüş mərhələsindədir.

Son 20 ildə həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən hərtərəfli tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, eyni zamanda dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasını təmin edən əsas amillərdən olub.

Bu il qətiyyətli, mahir və güclü siyasətçi, xalqına xidmət əsas həyat amalı olan siyasi lider, dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. Hakimiyyətdə olduğu 20 il ərzində dövlət başçısı hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Öz növbəsində Azərbaycanın suverenliyinin tam bərpa olunmasının da məhz bu ilə təsadüf etməsi çox böyük rəmzi xarakter daşımaqla, ikiqat sevinclidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, uzaq perspektivə hesablanaraq qəbul etdiyi mühüm qərarlar, bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən və müxtəlif sahələri əhatə edən irimiqyaslı və hərtərəfli islahatlar, uğurla icra olunmuş çoxsaylı layihələr sayəsində Azərbaycan nəinki regionda, hətta qlobal müstəvidə sabitlik və inkişaf məkanı olaraq səciyyələndirilir.

Ölkəmiz hər il mötəbər, beynəlxalq miqyaslı konfranslara, konqreslərə və digər tədbirlərə, idman yarışlarına, musiqi və incəsənət festivallarına layiqincə evsahibliyi edir. Beynəlxalq və regional əməkdaşlığa mühüm töhfələr verməklə, Azərbaycan artan iqtisadi gücü və beynəlxalq nüfuzu sayəsində bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrin, zirvə görüşlərinin nəinki iştirakçısı, həm də təşəbbüskarı qismində uğurla çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".

Məhz Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və milli maraqlara əsaslanan, balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində Azərbaycan qısa müddətdə bir çox dövlətin onilliklərlə əldə edə bilmədiyi nailiyyətləri qazanıb.

Son 3 ildə möhtəşəm Qarabağ Zəfərinin yaratdığı yeni reallıqlar əsasında məqsədyönlü daxili və xarici siyasət aparılaraq dövlətimiz daha da inkişaf edib. Hazırda işğaldan azad edilən ərazilərdə geniş vüsət alan bərpa-quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirir. Bu ərazilərdə müasir yollar, tunellər, elektrik və su xətləri, dəmir yolları çəkilir, "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri reallaşdırılır, beynəlxalq hava limanları istifadəyə verilir.

Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətlə bərpası istiqamətində olduqca böyük işlər görülür.

Qeyd edilməlidir ki, 30 ilə yaxın müddət ərzində dağıdılaraq viran qoyulan torpaqlarımız məhz dövlətimizin daxili potensialı hesabına gündən-günə abadlaşır. Eyni zamanda, doğma yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız mərhələli şəkildə bu torpaqlara geri qayıdırlar. Uğurla icra edilən Böyük Qayıdış proqramı çərçivəsində bu günə qədər Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə, Laçın rayonunun Zabux kəndinə, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub.

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq hər birimizi olduqca qürurlandırır və daha da əzmlə çalışmağa ruhlandırır.

Əminliklə bildirmək istərdim ki, yaxın gələcəkdə işğaldan azad olunmuş bütün ərazilərimizdə məhkəmə-hüquq institutları fəaliyyət göstərəcəkdir.

Biz, hüquq və digər sahələrdə çalışanlar öz növbəmizdə səlahiyyətlərimiz çərçivəsində dövlətin Əsas Qanununun aliliyinin təmin edilməsi, qanunçuluğun qorunması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi fəaliyyətə ötən 20 ildə olduğu kimi, dəstək olaraq, üzərimizə düşən məsuliyyətli vəzifələri müstəqil Azərbaycan naminə bundan sonra da layiqincə yerinə yetirməyə səy göstərəcəyik.

Fərhad ABDULLAYEV,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri.