Azərbaycan-Slovakiya: yeni mərhələ
Siyasət

Azərbaycan-Slovakiya: yeni mərhələ

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Avropa İttifaqı ölkələri üçün Azərbaycan önəmli yerlərdən birini tutur. Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə, eləcə də Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol ölkəmizi kifayət qədər cəlbedici edir.

Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Slovakiya Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq tanıyan ölkələrdəndir. Azərbaycan və Slovakiya arasında diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə qurulub. Azərbaycan Respublikasının Slovakiya Respublikasında səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına səfəri böyük rol oynayıb.  Bu gün Azərbaycanda çoxlu sayda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğul olurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Onu da vurğulayım ki, Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir.

Cənab Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşləri, ölkə başçılarının mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni səhifələr açır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar. Prezidentin də qeyd etdiyi kimi, "bu çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir". Sənədin özü və onun məzmunu təbii ki, iki ölkənin niyyətini, bir-birinə olan hörməti, qarşılıqlı dəstəyi göstərir.

Azərbaycanla Slovakiyanın müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu və müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş də imzalandı ki, bu da iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün olduqca önəmlidir. Ölkə başçısı da öz çıxışında bu məqama xüsusi olaraq diqqət ayıraraq bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldığını və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verildiyini bildirdi.

Görüşdə müzakirə predmeti olan digər bir önəmli məqam da energetika sahəsindəki əməkdaşlıqla bağlı oldu. Ölkə başçısı mətbuata açıqlamasında bəyan etdi ki, 9-cu ölkənin məhz Slovakiya olacağına inanır. Bu məsələ kifayət qədər realdır, çünki keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb.

Prezident İlham Əliyev mətbuata bəyanatında dediyi kimi, Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirdi ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. "Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq".

Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək imkanı yaradacaqdır. Odur ki, Avropa istiqamətində 20 milyard kubmetr qazın nəql edilməsi tamamilə realdır.

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Bütün sadalananlar onu deməyə əsas verir ki, Slovakiya Baş nazirinin ölkəmizə səfəri və imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafı üçün böyük perspektivlər açır.

Yusif BAĞIRZADƏ,

politoloq.