Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibidir
Digər xəbərlər

Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibidir

“Miniboss Business School Baku”nun tələbələri 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi olub.

“Respublika” xəbər verir ki, 20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək superfinala çıxan “Econotes” komandası birinci yerə layiq görülüb.

Qeyd edək ki, “Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş Milli Startap Çempionatının da qalib  olub.KOBİA-dan  bildirilir  ki,   digər altı biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun xüsusi qızıl mükafata layiq görülüb.

Bundan başqa, dünyada 73 filialı olan “Miniboss Business School”un Azərbaycanda təsisçisi Nərminə Həsənova 2023-cü ilin ən yaxşısı olub.

Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatında təqdim olunan biznes layihələr müxtəlif sahələri təmsil edən beynəlxalq ekspertlər və sahibkarlar tərəfindən dəyərləndirildi. Eləcə də, Azərbaycandan münsiflər heyətində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev və “İteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədov yer alıblar.

Seçmə turundan sonra müxtəlif sahələrdə təmsil olunan “Challenger”, “Econotes”, “WoodMood”, “BeSafe”, “VIP Puzzle”, “Scenty sport”, “Box from my land”, “Screenish”, “Yummy Gummy” adlı biznes layihələrinin yarmarkası təşkil olunub.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 73 filialda mövcud olan yeganə məktəbdir. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi, bu il də  sahibkarlıq üzrə 6-16 yaşlı uşaqlar və yeniyetmələr arasında “STARTUP Forum”, Milli və Dünya çempionatları təşkil edib.

Nəriman  CAVADOV,

“Respublika”.