Azərbaycan sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymur
Siyasət

Azərbaycan sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymur

"Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın... Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirib. Dövlət başçısının sözləri son dövrdə sülhün nə zaman imzalanacağına dair artan iddialara cavab xarakterli olub. Prezident konkret şəkildə bildirib ki, İrəvan yekun razılaşmaların əldə olunmasını istəyirsə ikitərəfli danışıqlardan qaçmamalıdır. Amma Prezident İlham Əliyevin müsahibəsi ilə eyni gündə Ermənistandan prosesə tamamilə zidd açıqlama verilib. Tez-tez Azərbaycana qarşı səsləndirdiyi əsassız təhdidlərlə gündəmə gələn Ermənistan Parlamentinin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan bildirib ki, Azərbaycanla danışıqlar əvvəllər olduğu kimi, Qərb platformalarında davam etdirilməlidir. Onun sözlərinə görə, Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri, eləcə də Aİ-nin vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı mövcuddur və bunlar prosesə legitimlik qazandırır. Əslində, Paşinyan hökumətinin Qərbin bölgəyə gətirilməsində maraqlı olması anlaşılandır. Çünki baş nazir hakimiyyətə gəldiyi gündən etibarən Rusiyadan uzaqlaşaraq Avropaya üz tutmağı seçib. Kollektiv Qərb də İrəvanı öz təsir dairəsində saxlamaqda maraqlıdır. Çünki onlar bu vasitə ilə Cənubi Qafqaza daxil olmaq imkanı əldə edirlər. Avropanın siyasi dairələrinin bölgədə möhkəmlənməsi isə Kremlin bu ərazidə nüfuzunun zəifləməsi demək olduğundan qoca qitə aktiv şəkildə İrəvanı silahlandırır. Amma Moskvanı hədəf alan proses Azərbaycan-Ermənistan münasibətlərinə də zərbə vurur. Fransanın İrəvana ölümcül silah tədarükü onu yeni hərbi münaqişəyə, mənasız silahlanma yarışına sövq edir və sülh perspektivlərini süni surətdə ləngidir. Digər tərəfdən, Parisin müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüsləri irəli sürməsi və avropalı rəsmilərin antiterror tədbirlərini "hərbi müdaxilə" kimi qələmə verməyə çalışması Bakının bütünlükdə Avropa İttifaqına inamını sarsıdır. Bu, Prezident İlham Əliyevin jurnalistlərə açıqlamasında da öz əksini tapıb:

"Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb".

Belə bir vəziyyətdə danışıqların ikitərəfli qaydada aparılması üçün heç bir maneə yoxdur. Üstəlik, son olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlarda əldə olunan razılaşma nəticəsində hərbçilərin qarşılıqlı şəkildə azad edilməsi bu versiyanı aktuallaşdırıb. Son dövrdə birbaşa danışıqlara üstünlük verilir və sülh sazişinin mətni üzərində iş Bakı ilə İrəvan arasında aparılır. Prosesin ikitərəfli formatda davam etdirilməsi baxımından yanvarın sonunda dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti görüşü xeyli əhəmiyyətli olacaq. Sülhün sərhəddə imzalanması üçün şansın yarandığı dövrdə İrəvanın Qərb platformalarından əl çəkərək reallığı dəyərləndirməsi isə Paşinyan hakimiyyətini müxtəlif qütblərin narazılığına tuş gəlməkdən xilas edəcək. Buradan da aydın olur ki, dövlət başçımızın təklif etdiyi format hər iki ölkə üçün ən optimal variantdır.

Jalə QASIMZADƏ,

"Respublika".