Azərbaycan təhsili zəngin inkişaf ənənələrinə söykənir
Elm və təhsil

Azərbaycan təhsili zəngin inkişaf ənənələrinə söykənir

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində ölkəmiz inkişaf yolu keçib, müasir, nüfuzlu bir dövlətə çevrilib. Bu dövrdə bir çox nailiyyətlər əldə edilib.

Ölkə başçısı Azərbaycanın suverenliyini və təhlükəsizliyini müdafiə edən peşəkar ordu yaradıb. Onun rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad edərək öz ərazi bütövlüyümüzü bərpa edib. Prezident İlham Əliyev sosial islahatlar həyata keçirməklə, Azərbaycan xalqının həyat səviyyəsini və rifahını yaxşılaşdırıb. Ölkədə yoxsulluğun azaldılması, səhiyyənin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və gender bərabərliyinin təşviqində mühüm irəliləyişlərə nail olunub.

"Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar". Bu fikirləri deyən Prezident İlham Əliyev göstərir ki, Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi sahələrdən biri də təhsildir. Bu sahə hər bir ölkənin strateji hədəflərində birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. Bir millətin inkişafında təhsilin həlledici rolunu xüsusi qeyd edən İlham Əliyev, bu sektorun və innovasiyaların təşviqinə böyük önəm verir. Ölkəmizdə hər bir sahədə görülən inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqət çəkir. Bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin ideyaları və strateji kursu dayanır.  Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Prezidenti   İlham Əliyev təhsil sahəsində beynəlxalq əməkdaşlığın və mübadilə proqramlarının genişləndirilməsini dəstəkləyir. Onun rəhbərliyi ilə başda strateji tərəfdaş və qardaş Türkiyə olmaqla bir çox dövlətlərlə sıx əlaqələr qurulub, xarici təhsil işçiləri və mütəxəssislərini öz qabaqcıl təcrübələrini Azərbaycanla bölüşməsi üçün iş aparılıb. Həmçinin azərbaycanlı tələbələr və alimlər xaricdə təhsil almağa, qlobal bilik və bacarıqlardan faydalanmağa təşviq edilib. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, təhsil və mədəniyyət mübadiləsini təşviq edən müxtəlif beynəlxalq və regional təşkilatların üzvüdür. Ölkəmiz, o cümlədən Türkiyə, Gürcüstan, İsrail, Belarus, Ukrayna, Pakistan və s. bir çox ölkələrlə təhsil sahəsində ikitərəfli əlaqələr qurub. Bu əlaqələrə tələbə və müəllim mübadiləsi proqramları, birgə tədqiqat layihələri, təqaüdlər və mədəni tədbirlər daxildir. Azərbaycan, həmçinin ölkədə və regionda təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyan bir sıra təşəbbüs və platformalarda çıxış edib. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə milli kimliyini və dəyərlərini, eləcə də qlobal tendensiyaları və qabaqcıl təcrübələri əks etdirən islahatlar və standartlar tətbiq etməklə öz təhsil sistemini təkmilləşdirib.

Təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına diqqətlə yanaşılır. Bütün bunlar ölkəmizdə keyfiyyətli milli kadr potensialının yetişdirilməsi işinə əhəmiyyətli töhfələr verib. Ölkə başçımız ali təhsilin inkişafına xüsusi diqqət göstərib. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı kimi müxtəlif təhsil proqramları həyata keçirilib.

Azərbaycanda müəllim peşəsinə hər zaman xüsusi hörmət göstərilib.  2015-2018-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb, qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. 2022-2023-cü tədris ili üzrə müəllimlərin işəqəbulu müsabiqəsində 13280 vakant yer elan edilib. Ümumilikdə 10 minə yaxın müəllim işə qəbul olunub.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhsil sahəsinə ayrılan dövlət maliyyəsi və investisiyalar artırılıb. Təhsilin keyfiyyətinin və nəticələrinin yaxşılaşdırılması istiqamətində kurikulumun təkmilləşdirilməsi, qiymətləndirilməsi və təhsil proqramlarının akkreditasiyası üçün islahatlar və standartlar tətbiq edilib. Prezident İlham Əliyev Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: "Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb".

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası prosesi davam etdirilir. Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəbinə Füzuli şəhərində Özbəkistan hökumətinin dəstəyi ilə 960 şagird yerlik ümumtəhsil məktəbin, Laçın şəhəri 2 nömrəli tam orta məktəbin, Zabux kənd 176 şagird yerlik ümumtəhsil məktəbinin tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin təhsilə verdiyi önəmin təzahürüdür. Həmçinin Ağdam şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəb və Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.

Zəngilan və Kəlbəcər şəhərlərinin hər birində 960 şagird yerlik tam orta məktəb binalarının tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Bundan başqa, Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş Füzuli peşə liseyinin tikinti işlərinə də artıq başlanılıb. Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməli qoyulub. İşğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işlərinin davamı olaraq Xocavənd rayonunun Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə və əsaslı təmiri nəzərdə tutulur.

Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndində 288 şagird yerlik tam orta məktəb və 60 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsi, Tərtər rayonunun Talış kəndində 144 şagird yerlik, Suqovuşan kəndində 144 şagird yerlik ümumtəhsil məktəbi, 78 yerlik məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istismara verilib.

Bu gün təhsil sektorunda davamlı islahatlar həyata keçirilir. Bütün bunlar onu sübut edir ki, müasir Azərbaycan təhsili özünün zəngin inkişaf ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".