Azərbaycan-Türkiyə: əbədi dostluq, sarsılmaz qardaşlıq
Siyasət

Azərbaycan-Türkiyə: əbədi dostluq, sarsılmaz qardaşlıq

Eyni dilə, dinə, mədəniyyətə malik olan Azərbaycan və Türkiyə dünyada əbədi dostluğun əsl ünvanına çevrilib. Qarşılıqlı səmimiyyət üzərində qurulan qardaşlıq əlaqələri tariximizin hər səhifəsində özünü göstərib. Hər iki ölkə daxili və xarici siyasət kursunda Azərbaycan-Türkiyə qardaşlığına xüsusi önəm verir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri və Ulu Öndərin "bir millət, iki dövlət" kəlamı müasir Türkiyə və Azərbaycanın əsas yol xəritəsi hesab olunur. Artıq beynəlxalq aləmin Bakı və Ankaraya qarşı sərgilədiyi yanaşma da bu amili nəzərə alır.

Belə bir məşhur deyim var ki, dövlətlər arasında əbədi dostluq yox, maraqlar var. Dünyada gedən proseslərə nəzər salsaq, bu fikrin hardasa doğru olduğunu görərik. Məsələn, hər zaman bir-birinə rəqib olan ABŞ və SSRİ İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı eyni cəbhədə yer almışdı. Amma Dünya müharibəsi başa çatdıqdan dərhal sonra iki supergüc arasındakı müvəqqəti "dostluq" yerini yenidən soyuq müharibəyə vermişdi. Göründüyü kimi, eyni strateji maraqlar əbədi düşmənləri belə eyni koalisiyada birləşdirə bilir.

Digər bir nümunəni bir neçə il öncə başlayıb hazırda davam edən Ermənistan-Rusiya arasındakı gərginliyin fonunda göstərmək olar. Ermənilərin Cənubi Qafqazda məskən salmasına səbəbkar olan  Rusiya bu gün onların xəyanətilə üz-üzə qalıb. Halbuki indiki Ermənistan adlandırdığımız ərazilər əzəli Azərbaycan torpaqları olub. Çar Rusiyası və SSRİ həmin yerlərə erməniləri yerləşdirməklə regionda demoqrafik vəziyyəti kəskin şəkildə dəyişib, azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salıb. Çar Rusiyasının bu cinayətkar əməllərinin arxasında dayanan amil, Cənubi Qafqazda özünə etnik dayaq yaratmaq olub. Bununla ruslar hər iki imperiya dövründə  erməniləri regionda öz dayaqları kimi görüblər. Lakin bu gün baş verənlər ermənilərin öz xislətlərindən əl çəkmədiklərini göstərir. Onlar üçün nə dost, nə də qardaş var. İşlərinə gəlmədikdə belə, hətta böyük Rusiyanı arxadan vurmağı bacarırlar.

Bütün bu deyilənlərin əksinə olaraq, yəni "əbədi dostluq yox, maraqlar var" tezisini təkzib edən Azərbaycan və Türkiyə, tarix boyu xoş və çətin günlərdə bir-birilərinin daim yanında olublar.  XX əsrin əvvəllərində azadlıq üçün savaşan  hər iki ölkə qarşılıqlı olaraq hərbi, maddi və mənəvi yardımını bir-birindən əsirgəməyib. Necə ki, azərbaycanlılar qardaş Türkiyənin 1915-ci ildə apardığı Çanaqqala savaşında minlərlə şəhid verib, eləcə də türk qardaşlarımız 1918-ci ildə Bakını erməni daşnaklarından xilas edən zaman eyni şücaəti göstərib, bizimlə çiyin-çiyinə döyüşüblər. Ən əsası isə hər iki xalq  qanlı müharibələrdə heç bir strateji maraq olmadan iştirak ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan qardaş Türkiyə ilə münasibətlərin inkişafına xüsusi maraq göstərmişdir. Ulu öndər Heydər Əliyevin səyləri bu xüsusda danılmazdır. Heydər Əliyev və Süleyman Dəmirəl arasındakı möhkəm dostluq əlaqələri  rəhbərlik etdikləri dövlətlərin siyasi xəttinə də öz təsirini göstərdi.  Hər iki lider nəinki Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, həm də Türk dünyasının birləşməsinə böyük əmək sərf ediblər. 1992-ci ildə Süleyman Dəmirəlin Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində salınmış "Ümid" körpüsünün açılışı mərasimində Heydər Əliyevlə birlikdə iştirak etməsi təkcə Azərbaycan üçün yox, türk dünyasından ötrü son dərəcədə əhəmiyyətli hadisə hesab olunur.

Ulu öndər  Heydər Əliyev 8 fevral 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfərində bu fikirləri bildirmişdi: "Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır...".

XXI əsrin başlanğıcından etibarən Azərbaycan-Türkiyə münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunu görürük. Hazırkı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində ölkələr arasındakı əməkdaşlıq zirvə dövrünü yaşayır. Vətən müharibəsində Türkiyənin göstərdiyi  mənəvi dəstək və Rəcəb Tayyib Ərdoğanın bu yöndə verdiyi bəyanatlar Azərbaycanın qələbə qazanmasında böyük rol oynadı. Bunun ardınca 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması isə hər iki xalqın və dövlətin milli maraqlarının tam ifadəsi oldu. Həmçinin ötən il qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra  Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Bu, dövlət başçımızın Türk dünyasına və qardaş Türkiyəyə olan diqqətinin göstəricisi idi.

Fevralın 14-də andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu və siyasətimizin bu istiqamətdə davam edəcəyini bildirdi: "...Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər...".

Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qədəm qoyduğu yeni dövrdə öz xarici siyasətində prioritet istiqamətini müəyyənləşdirmiş oldu.

Ötən gün Türkiyəyə gedən dövlət başçımızın bu səfəri əlamətdar hadisə hesab olunur. Adətən dövlət başçıları prezident seçildikdən sonra ilk rəsmi səfərlərini strateji tərəfdaş olduğu ölkələrə edirlər. Bu baxımdan Prezident İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri xüsusi önəm kəsb edir.

Musa BAĞIRLI,

"Respublika".