Azərbaycan və Almaniya əməkdaşlığın inkişafına önəm verir
Siyasət

Azərbaycan və Almaniya əməkdaşlığın inkişafına önəm verir

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan, yürütdüyü çoxvektorlu və balanslaşdırılmış siyasət nəticəsində müxtəlif region dövlətləri ilə möhkəm siyasi və iqtisadi əlaqələrə malikdir. Son illər Respublikamızın qazandığı uğurlar onu regional aktordan beynəlxalq strateji tərəfdaşa çevirib. Bu baxımdan dünyanın qabaqcıl dövlətləri rəsmi Bakı ilə əlaqələrini daha da möhkəmləndirməyə çalışırlar.

Avropa İttifaqının lokomotiv dövlətlərindən hesab edilən Almaniya Federativ Respublikası xarici siyasət strategiyasında ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Almaniya həm də Azərbaycanın "qoca qitə"dəki ən mühüm siyasi-iqtisadi tərəfdaşlarından biri hesab olunur. Ölkələr arasındakı diplomatik münasibətlər 32 il əvvəl qurulsa da, əlaqələrin tarixi olduqca qədimdir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra Almaniya ilə əməkdaşlıq yüksək templə davam edib.

Almaniya həm də Cənubi Qafqazda baş verən hadisələri izləyən, onu təhlil edən ölkələrdən biridir. Qeyd edək ki, bu günə qədər bir çox siyasi mərkəzlər Bakı və İrəvan arasındakı danışıqlara moderatorluq etsə də, bir müddət sonra qeyri-konstruktiv yanaşma sərgiləyib və bunun əsasında öz vasitəçilik missiyasına kölgə salıb. Lakin Almaniya digər qərb dövlətlərindən fərqli olaraq Azərbaycan və Ermənistan arasındakı münasibətlərin sülh və dialoq çərçivəsində inkişafına maraqlı olduğunu bəyan edib və prosesləri yeni reallıqlar çərçivəsində qiymətləndirib. Hətta deyə bilərik ki, Bakı və İrəvan münasibətlərinə töhfə verməkdə maraqlı olan Almaniya bu fonda effektiv addımlar da atıb. Məsələn, bu il fevralın 17-də Münxendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə onun görüşü olub. Bundan başqa fevralın 28-də Berlində Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda danışıqlar aparılıb. Bununla belə, Ceyhun Bayramov və Ararat Mirzoyan Berlində "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi məqsədilə təkbətək görüşüblər.

Almaniya həm də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə də böyük maraq göstərir. Bu ölkənin şirkətləri bununla bağlı Azərbaycana müraciətlər edib. Prezident İlham Əliyev almaniyalı iş adamları ilə apardığı söhbətlərdə Qarabağ və Şərqi Zəngəzurun imkanları barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin aprelin 25-də Almaniyaya işgüzar səfəri iki dövlət arasında münasibətlərin güclənməsinə böyük təkan verəcək. Qeyd edək ki, dövlətimizin başçısı bu ölkəyə dəfələrlə səfər edib, bundan əvvəlki, səfəri bu il fevralın 16-19-a təsadüf edib ki, bu da Münxen Təhlükəsizlik Konfransında iştirak etməsilə bağlı olub.

Prezident İlham Əliyev ötən il martın 13-14-də Almaniyaya işgüzar səfəri zamanı Prezident Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şoltsla təkbətək və geniş tərkibdə görüşlər keçirib, o cümlədən Almaniyanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə dəyirmi masada iştirak edib.

Dövlət başçısının Almaniyaya budəfəki səfərində əsas məqsəd Kansler Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək olub. Bundan başqa, Prezident İlham Əliyev Berlində Kansler Olaf Şoltsla təkbətək görüş keçirib. Daha sonra isə dövlət başçımız və Kansler arasında geniş tərkibdə görüş baş tutub. Bununla yanaşı, Prezident İlham Əliyevin ayrı-ayrılıqda Almaniya xarici işlər naziri Annalena Berbok və Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə də görüşü olub.

Qeyd edək ki, Azərbaycanın "Petersberq Dialoqu"nda iştirakı təsadüfi sayıla bilməz. Məlum olduğu kimi, bu il ölkəmiz COP29 tədbirinə ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun daha bir göstəricisidir. Bundan öncə də Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Artıq paytaxt Bakıda bu cür qlobal tədbirlərin keçirilməsi ənənə halını alıb. Yekdil qərarla COP29-a ev sahibliyi etməyimiz Azərbaycan üçün böyük uğurdur. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana və ölkəmizdə görülən işlərə verilən dəyərin, həmçinin Azərbaycanın "yaşıl enerji" sahəsindəki fəaliyyətinə də böyük hörmətin ifadəsidir.

Azərbaycan-Almaniya əlaqələrinin möhkəmlənməsini istəməyən, buna qısqanclıqla yanaşan qüvvələr Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya keçiriblər. Buna cavab olaraq Azərbaycan icması Berlində Brandenburq qapısı önündə ölkəmizə və Prezidentə dəstək olublar. "Koroğlu" uvertürasının sədaları altında keçirilən aksiyada Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üçün ardıcıl səylər göstərdiyi vurğulanıb, Azərbaycana qarşı təzyiq cəhdləri yolverilməz sayılıb. Aksiya iştirakçıları alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.

Cənubi Qafqaz sülhə bu qədər yaxınlaşmışkən erməni lobbisi və onların havadarlarının atdığı bu cür çirkin addımları iki ölkə arasında normallaşma prosesini pozmağa hesablanıb.

Musa BAĞIRLI,

"Respublika".