Strateji tərəfdaşlıq dərinləşir, müttəfiqlik münasibətləri genişlənir
Siyasət

Strateji tərəfdaşlıq dərinləşir, müttəfiqlik münasibətləri genişlənir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti dövlət səfəri buna təkan verəcək

Bu gün türkdilli dövlətlərin başçıları arasında tamamilə yeni formatda təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin danılmaz rolu vardır. İlk növbədə bu, ondan irəli gəlir ki, möhtərəm dövlət başçımız özünün xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet olaraq müəyyən edib və bu ölkələrlə iqtisadi, siyasi, humanitar və bütün digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bu baxımdan, Azərbaycanın Qazaxıstanla münasibətlərinin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsi də xüsusilə diqqətəlayiq haldır.

Bu münasibətlərin əsasını ölkələrimizin qardaş xalqlar arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Hər iki ölkənin dövlət başçılarının ortaq səyləri sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq genişlənir. Bu baxımdan, mart ayının 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti rəsmi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Dövlət başçılarının görüşü zamanı müzakirə olunan vacib məsələlərdən biri nəqliyyat-logistika sahəsi olub. Məlumdur ki, bu gün dünyada məhz daha yaxşı nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizə getdikcə kəskinləşir. Təqdirəlayiq haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan etibarlı tərəfdaşlar olaraq bu strateji sahədə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Elə martın 11-də Çinin Sian limanından Qazaxıstan ərazisindən keçməklə Azərbaycana dəmir yolu marşrutu üzrə gələn konteyner qatarının rəmzi qarşılanma mərasimində hər iki ölkənin dövlət başçılarının iştirakı da bu sahəyə xüsusi önəm verildiyini nümayiş etdirir. Təsadüfi deyil ki, mətbuata bəyanatla çıxışında cənab Prezident İlham Əliyev bu hadisənin trans-Xəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi demək olduğunu və özlüyündə regional əməkdaşlığın səviyyəsini müəyyən etdiyini diqqətə çatdırdı. Bundan başqa, dövlət başçıları neft-qaz sektorunda əməkdaşlıqla bağlı vəziyyəti geniş təhlil etmiş, yeni konkret layihələr müəyyənləşdirmişlər. Əlbəttə ki, bu il Azərbaycanda keçiriləcək COP29 konfransına hazırlıq məsələlərinin xüsusi müzakirə mövzusu olacağı da gözlənilən idi. Cənab Prezident İlham Əliyev tərəfindən Qazaxıstana bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif olunması iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılmış növbəti mühüm addım kimi dəyərləndirilməlidir.

Azərbaycan və Qazaxıstan prezidentləri strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair 2022-ci ilin avqust ayında Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalayıblar. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq uğurla həyata keçirilir. O cümlədən, ötən ilin 10 aprel tarixində, Prezident cənab İlham Əliyevin Qazaxıstana növbəti dövlət səfəri zamanı imzalanmış bir sıra yeni sazişlər ölkələrimiz arasında çoxşaxəli tərəfdaşlığa əlavə impuls verib. Dövlət başçımızın dediyi kimi, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.