Azərbaycan və BRICS: İmkanlar və perspektivlər mövzusunda müzakirələr aparılıb
Siyasət

Azərbaycan və BRICS: İmkanlar və perspektivlər mövzusunda müzakirələr aparılıb

Aprelin 8-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Azərbaycan və BRICS: İmkanlar və Perspektivlər" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BMTM-in baş məsləhətçisi Şahmar Hacıyevin moderatorluğu ilə keçirilən müzakirələrdə əsas istiqamətləri Azərbaycan xarici siyasətində BRICS-in yeri, yeni imkanlar, qrupla iqtisadi əməkdaşlıq perspektivləri və Cənubi Qafqazda cərəyan edən proseslər fonunda qrupun mövqeyi təşkil edib.

Şahmar Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlər sistemində formalaşan yeni nizam bir çox dövləti öz xarici siyasətini bu reallıqla uzlaşdırmağa vadar edir. BRICS-in Cənubi Qafqaz üçün də əhəmiyyətli təsisat olduğunu bildirən Ş.Hacıyevin sözlərinə görə, qrupa iki qonşu dövlət - Rusiya və İranın üzv olması onun cəlbediciliyini artırır. O deyib ki, Beynəlxalq Valyuta Fondunun 2024-cü ilə olan məlumatına görə, dünya əhalisinin təqribən 45 faizi bu qrupa üzv ölkələrdə cəmləşib. Dünya ÜDM-nin 28,7 faizi, beynəlxalq ticarətin təxminən 20 faizi bu qrupun payına düşür. Həmçinin BRICS ölkələrində maliyyə resursları təxminən 25 trilyonu keçir.

"Azərbaycan xarici siyasətində BRICS-in yeri" mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov BRICS-in beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri, geniş potensialı barədə məlumat verib. Qeyd edib ki, BRICS-in fəaliyyətində rəhbər tutduğu çoxtərəflilik, inklüzivlik kimi məqamlar Azərbaycan xarici siyasət prinsipləri ilə üst-üstə düşür.

"BRICS və Azərbaycan: Yeni imkanlar və perspektivlər" mövzusunda çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov BRICS-in Qərbin formalaşdırdığı dünya nizamına qarşı yaranan platforma olduğunu deyib. Diqqətə çatdırıb ki, hazırda məşvərət formatında olan platformanın institusionallaşması istiqamətində addımlar atılır.

F.Məmmədov qeyd edib ki, Azərbaycanın regional liderlik rolu və Qərblə bərabərhüquqlu əsasda münasibətlər qurması BRICS-ə uyğun parametrlərdir.

Daha sonra Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "BRICS və Azərbaycan iqtisadi əməkdaşlıq və prioritetlər" mövzusunda çıxış edib. O bildirib ki, BRICS birqütblü dünya sisteminə qarşı yaransa da, təşkilat deyil və hər hansı siyasi, hərbi komponentləri özündə ehtiva etmir. Buna görə Azərbaycanın BRICS-lə intensiv əməkdaşlığı hər hansı təhdidlərdən xəbər vermir. "BRICS daha çox kommunikasiya, iqtisadiyyat, maliyyə məsələlərini əhatə edən platformadır", - deyə o əlavə edib.

"BRICS və Cənubi Qafqazda cərəyan edən proseslər" mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Aytən Qurbanova qeyd edib ki, bəzi BRICS üzvlərinin Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi birmənalı deyil. Buna baxmayaraq, Cənubi Qafqaz sərhədlərinə qədər gəlib çatmış bu qrupla münasibətlərin formalaşdırılması vacib istiqamətlərdən biri olmalıdır.

Müzakirələr sual-cavab sessiyası ilə davam etdirilib.