AZƏRBAYCAN VƏ TÜRKİYƏ: ƏMƏKDAŞLIĞIN YENİ ÜFÜQLƏRİ
Türk dünyası

AZƏRBAYCAN VƏ TÜRKİYƏ: ƏMƏKDAŞLIĞIN YENİ ÜFÜQLƏRİ

Türk dünyasında böyük sevinc və coşqu yaradan, türk xalqları üçün unudulmaz tarixə, böyük bayrama çevrilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın möhtəşəm qələbə qazanması türk xalqı kimi, hər bir azərbaycanlını, sadə vətəndaşı, ziyalını hədsiz dərəcədə sevindirdi.

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğana dövlətimizin başçısı cənab İlham Əliyevin səmimi təbrik məktubunda deyilir: "Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir".

Qeyd edək ki, 20 il əvvəl qardaş ölkədə iqtisadi böhran hökm sürür, inflyasiya sürətlə artırdı. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi ilə tənəzzülün, böhranın qarşısı alındı.

Zəngin dövlətçilik təcrübəsinə malik, qüdrətli lider Ərdoğanın rəhbərliyi nəticəsində bu gün Türkiyə dünyanın ən güclü, sivil ölkələrindən biridir. Qardaş ölkə öz tarixində ən yüksək zirvəyə yüksəlib. Dünya gücləri demək olar ki, bütün məsələlərdə onunla hesablaşır. Son illərdə Prezident Ərdoğanın iştirakı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər bunu deməyə əsas verir.

Rəcəb Tayyib Ərdoğan dünyanın aparıcı liderlərindən biri, güclü və müdrik dövlət başçısıdır. Gələcəyə hesablanan strategiyası daim dövlətin uğurlarına gətirib çıxarır. Bənzərsiz çıxışları, düzgün qərarları və hadisələrə verdiyi məntiqi qiymət onun başlıca xarakterik xüsusiyyətlərindəndir.

Tarixin ən çətin, mürəkkəb dönəmlərində Türkiyə həmişə Azərbaycanın yanında olub, dost, qardaş köməyini heç vaxt əsirgəməyib. "Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq". Türkiyə Prezidentinin söylədiyi bu fikirlər qardaşlığımızın bariz nümunəsi, əyani təzahürüdür.

2021-ci ilin iyununda Prezident Ərdoğanın dünya gücləri sayılan dövlətlərin rəhbərləri ilə görüşündən dərhal sonra Qarabağa və Şuşaya səfər etməsi yaddaşlarda silinməz iz qoyub. Səfər zamanı Azərbaycan Prezidenti ilə səmimi və mehriban görüşləri, müxtəlif tədbirlərdə ailəvi iştirakı çox sevindirici idi. Bununla bir millət, iki dövlətin başçıları dünyaya bildirirdilər ki, biz öz doğma torpaqlarımıza qayıtmışıq və bu yerlərin daimi sahibləriyik. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

Tarix boyu ermənilər türklərə qarşı ən qatı cinayətlərə yol veriblər. Qafqazda qətliamları həmişə ermənilər törədib. Nuru Paşanın Qafqaza gəldiyi dövrdə də ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetiriblər. Ərəb ədəbiyyatının görkəmli nümayəndəsi Xəlil Cibran sanki bu fikirləri ermənilər haqqında deyib: "Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyini yeyir! Bədbəxt o millətdir ki, talançılarını qəhrəman mərtəbəsinə yüksəldir, təkəbbürlü qəsbkarlarını isə alicənab sayır!". Bu xüsusiyyətləri bütünlüklə ermənilərdə görürük. Günahsız insanların qətlinə səbəb olan qatı cinayətkar, terrorçu andranikləri, şaumyanları, mikoyanları, digər yanları "qəhrəmanlıq" mərtəbəsinə yüksəldən, "alicənab" sayan hansı millətdir? Bu sualın cavabı isə birmənalı aydındır.

Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq aləmə dönə-dönə çağırış edərək deyir ki, Ermənistanın vəhşi davranışları Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar 30 il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda, yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyirsinizsə Qarabağa gəlin, iki dönəm arasındakı fərqə baxın. Erməni vəhşiliyinin dəhşətli nəticələrini öz gözlərinizlə görün. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan yenidən inşa edir. Buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik.

Azərbaycan və Türkiyə prezidentləri humanist addım ataraq dünyaya yeni beynəlxalq əməkdaşlıq platforması təklif ediblər. Bu barədə Türkiyə Prezidenti demişdir: "Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Qarabağ, dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərinin saldıqları blokadadan xilas ola biləcəklər".

Bəli, yenə də Azərbaycan və Türkiyə rəhbərləri əməkdaşlıq təklif edir, sərhədləri açmaq, əlaqələr qurmaq, bölgəni inkişaf etdirmək istəyirlər. Amma ermənilər yenə öz mənfur xislətlərindən, nankor əməllərindən əl çəkmir, dünyaya sərsəm açıqlamalar verirlər.

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubundakı qiymətli fikirlər iki qardaş ölkə arasında əməkdaşlığın perspektivlərini çox gözəl əks etdirir: "Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi "Bir millət, iki dövlət, bir yumruq" fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir".

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi, respublikanın qabaqcıl təhsil işçisi.