İqlim dəyişmələri ilə mübarizənin Bakı mərhələsi
Ekologiya

İqlim dəyişmələri ilə mübarizənin Bakı mərhələsi

Hər bir ölkənin imici onu dünya birliyi üçün cəlbedici edən əsas amillərdən hesab olunur. Bir çox aparıcı dövlətlər, eləcə də tanınmış beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən seçdikləri ev sahibinin iqtisadi imkanları və resursları ilə yanaşı, qlobal miqyasdakı nüfuzuna da diqqət yetirirlər. Bu günədək ölkəmizdə çoxsaylı beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar mövzularda mühüm tədbirləri baş tutub. Azərbaycan hazırda beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Məlum olduğu kimi, bu il ölkəmizdə ən böyük beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. COP29-un ölkəmizdə keçirilməsi gələcək üçün bir sıra perspektivlər vəd edir.

COP29 sadəcə ekoloji problemlərin müzakirəsi deyil, onların aradan qaldırılması üçün də mühüm əhəmiyyətə malikdir. Bu gün dövlətimizin mövcud ekoloji problemləri həll etmək üçün geniş imkanları var. Sözügedən tədbir də Azərbaycanda və dünyada iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına və “yaşıl enerji”dən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində fəal rol oynayacaq. Dövlətimiz bu konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini bir daha təsdiqləyir. COP29-un Bakıda keçirilməsi nüfuzlu dünya ölkələri tərəfindən qəbul edilmiş qərardır. Şübhəsiz, rəsmi Bakının tədbirin növbəti ev sahibi kimi seçilməsində onun regionda formalaşdırdığı yeni geosiyasi durum, eləcə də sülh və təhlükəsizliyə verdiyi töhfələr də əsas rol oynayır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Tədbirin hər il keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişmələri ilə mübarizəni gücləndirmək, bu istiqamətdə ölkələri həmrəy olmağa çağırmaqdır. Hələ 1990-cı illərin ortalarından etibarən sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2015-ci ildə iqlim dəyişmələri ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris sazişi qəbul olunub. Bu günədək həmin sazişə Azərbaycan da daxil olmaqla ümumilikdə 195 ölkə qoşulub. Ölkəmizin bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı var. Respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. Bununla yanaşı, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını nəzərdə tutur. Həmçinin 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılması proqnozlaşdırılır. Hazırda işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ “yaşıl enerji” zonası elan olunub və 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevriləcək.

Azərbaycan “yaşıl enerji” istiqamətində mühüm layihələrin icrasını həyata keçirir. Külək, günəş elektrostansiyalarının tikintisi də bunu bir daha təsdiq edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu layihələrin tətbiqi daha aydın nəzərə çarpır. Bu gün cəmiyyət uğurla davam edən Böyük Qayıdış proqramını dəstəkləyir. 30 il müddətində xarabalığa çevrilmiş Qarabağda artıq “ağıllı şəhər”lər, “ağıllı kənd”lər, müasir su anbarları, suvarma sistemlərinin tikintisi kimi böyük işlər həyata keçirilir. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik İli” haqqında Sərəncamda da dövlətimizin bu il ərzində “yaşıl enerji” sahəsində çoxsaylı tədbirlər həyata keçirəcəyi öz əksini tapıb. Cari ildə keçirilməsi nəzərdə tutulan COP29 çərçivəsində də qəbul olunacaq qərarlar prosesə töhfə verəcək. Bir sıra nüfuzlu ölkələrin liderlərinin, eləcə də bu sahə üzrə mütəxəssislərin Azərbaycana gəlməsi, yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşməsinə imkan yaradacaq. Dövlətimiz bu cür beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etməklə bütün sahələrdəki inkişafını bir daha dünya ictimaiyyətinə çatdırır.

Nəzrin ELDARQIZI,

“Respublika”.