Azərbaycanda ilk Hava Şarları Festivalı keçirilib
Region

Azərbaycanda ilk Hava Şarları Festivalı keçirilib

Azərbaycan Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Mülki Aviasiya Agentliyi, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Heydər Əliyev Fondunun layihə dəstəyi ilə Hava Şarları Festivalı keçirilib.

Festivalda qonaqlar üçün konsert və əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub. Layihənin iştirakçılar üçün təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib.

Rəsmi açılışı mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının artıq açıq hava festivalları şəhərinə çevrildiyini bildirib. Qeyd edib ki, Şamaxı ilk dəfə Üzüm və Şərab Festivalına ev sahibliyi etmişdi. İndi isə Azərbaycanda ilk dəfə olaraq Şamaxıda Hava Şarları Festivalının keçirilməsinin sevindirici fakt olduğunu bildirib.

Türkiyəli mütəxəssis Halis Aydoğan festivalda olmaqdan qürur duyduğunu bildirib, Şamaxının da gələcəkdə hava şarlarının uçuşu üçün uyğun məkana çevriləcəyinə əminliyini ifadə edib, turizmin inkişafı baxımından Hava Şarları Festivalı ilə Şamaxıda ilk addımların atıldığını deyib. 

Azərbaycandakı hava şarları layihəsinə hazırlıqlar 2 il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb və bu şarlar öz maraqlı dizaynları ilə də diqqətçəkən olub.

M.NƏRİMANOĞLU,

“Respublika”.