Azərbaycandakı QHT-lər ermənilərin ölkəmizə qarşı mina terroru ilə bağlı Bəyanat qəbul ediblər
Digər xəbərlər

Azərbaycandakı QHT-lər ermənilərin ölkəmizə qarşı mina terroru ilə bağlı Bəyanat qəbul ediblər

Noyabrın 2-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı "Minasız Azərbaycan naminə səylərimizi birləşdirək" mövzusunda konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbiri açaraq bildirib ki, Azərbaycan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda da insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması, bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. Azad edilmiş ərazilərdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlil qalmasına səbəb olub. Eyni zamanda, bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır.

Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri bildiriblər ki, hazırda işğaldan azad olunan torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, eyni zamanda, kommunikasiyaların xətlərinin çəkilməsinə maneə yaradan yalnız minalardır. Düşmən işğal edilmiş ərazilərimizi 30 il ərzində mina və partlamamış sursatların "məzarlığı"na çevirib. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir. "Biz - Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik", - deyə çıxış edənlər vurğulayıblar.

Çıxışlardan sonra konfrans qarşılıqlı diskussiya şəklində davam edib.

Konfransın yekunu olaraq Qeyri-hökumət təşkilatları adından Bəyanat səsləndirilib.

Bəyanatda qeyd olunub ki, Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət edib. Ermənilər istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində terror aktları, Azərbaycan əhalisinə qarşı soyqırımı istəklərini heç vaxt gizlətməyib və dinc Azərbaycan əhalisinin qətlinə səbəb olublar. Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam edir.

Vurğulanıb ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu torpaqlarda 1 milyondan çox mina basdırıb. Bu minaların partlaması nəticəsində Vətən müharibəsindən sonrakı dövrdə 267 Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu günədək minaların təmizlənməsi prosesi zamanı on minlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, rəsmi Yerevanın buna cavabı adekvat olmayıb. Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi isə çox aşağı səviyyədədir.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili resursları hesabına görür. Təəssüf ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi bu gün həm bərpa prosesini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, həm də bir terror hadisəsi olaraq çoxsaylı insanların həyatına son qoyur və ya ömürlük əlil qalmalarına səbəb olur.

Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara üz tutaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb ediblər.

AZƏRTAC