Düşmənin qeyri-qanuni silahlı birləşmələri ərazilərimizdən çıxmalı, Azərbaycanın erməni əsilli vətəndaşları ölkəmizə reinteqrasiya olmalıdırlar
44 günlük İkinci Qarabağ müharibəsindən ötən 3 ilə yaxın vaxtda Ermənistan hələ də düşdüyü vəziyyətdən çıxış yolu axtarır. "Keçən günlərini" qaytarmaq üçün gah Rusiyanın ətəyindən yapışır, gah da Qərbin çaldığı havaya oynayır. Lakin anlamır ki, hər iki halda xülyalarını gerçəkləşdirmək, istəyinə nail olmaq mümkünsüzdür. Ermənistan artıq reallıqla barışmalı, Azərbaycanın təklif etdiyi bir-birinin ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi 5 baza prinsipindən ibarət sülh sazişini imzalamalı, bununla da Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olmasına imkan verməlidir.
Bunun üçün isə ilk növbədə, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları reinteqrasiya etməli və qanunsuz erməni silahlı birləşmələrinin tör-töküntüləri ölkəmizin ərazisindən çıxarılmalıdır. İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxışı zamanı ölkə başçımız Ermənistanın 3 il əvvəl imzaladığı kapitulyasiya aktının öhdəliklərini yerinə yetirmədiyinə bir daha diqqət çəkmişdir: "Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir".
İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazilərində əks-hücum əməliyyatı apardığını, Ermənistanın isə işğalçı ölkə olduğunu bütün dünya gördü. Azərbaycan həqiqətləri düşmən ölkənin yalan, iftira dolu informasiyalarını üzə çıxardı, dövlətimizin sülhpərvər, humanist ideyalara sadiq, birgəyaşayışa, multikulturalizmə böyük önəm verdiyi bir daha öz təsdiqini tapdı. Müharibədə qalib tərəf olmasına baxmayaraq, düşmən ölkəyə barış təklif edən də Azərbaycan oldu. Mayası terrorla, təxribatla yoğrulan ermənilər isə münasibətləri normallaşdırmaq əvəzinə, vəziyyəti gərginləşdirmək, qarşıdurmalar yaratmaq üçün hər vasitəyə əl atırlar. Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatlara ara vermir, beynəlxalq səviyyəli görüşlərdə sülh sazişinin imzalanmasının, sərhədlərin müəyyənləşməsinin vacibliyindən danışsa da, əməldə əksini edir. Döyüş meydanında qarşısında diz çökdüyü rəşadətli Azərbaycan ordusu tərəfindən hər dəfə layiq olduğu cəzasını alsa da, erməni xəbisliyindən əl çəkmir. Avqustun 14-də müzəffər ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti təxribatının qarşısı alınıb. Düşmənin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işlərinin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Ermənistanın davamlı olaraq bu kimi təxribatçı əməllər törətməsi onun regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olmasında maraqlı olmadığının göstəricisidir.
Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyasına imkan verməməsi, sadə xalqı buna təhrik etməsi də işğalçı ölkənin həyata keçirdiyi siyasətin mahiyyətini açır. Belə ki, erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyası üçün dövlətimiz tərəfindən bir sıra mühüm addımlar atılsa da, revanşist qüvvələr onlara xüsusi imtiyazların verilməsini tələb etməklə məsələnin həllinə mane olurlar. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov bu ilin mart ayında Xocalı şəhərində Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüş və onların ölkəmizin Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmış, təmasların davam etdirilməsi təklif olunmuşdu. Lakin erməni ictimaiyyətinin nümayəndələri reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, infrastruktur layihələrin reallaşdırılması məsələlərinin müzakirəsi məqsədilə ikinci görüşün keçirilməsi üçün Bakıya dəvət olunsalar da bunu qəbul etməmişlər.
"Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır", - deyən dövlət başçımız çıxışlarında erməni əsilli Azərbaycan vətəndaşlarının taleyini hər hansı bir ölkə ilə, beynəlxalq təşkilatla müzakirə etməyəcəyini dəfələrlə bildirib. Lakin bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edən Ermənistan indi də əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək, dünyada sabitliyi, təhlükəsizliyi təmin etmək olan bir qurumda - BMT Təhlükəsizlik Şurasında Laçın yolu ətrafındakı vəziyyəti müzakirə etmək istəyir. Bu ölkə guya Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadada saxlaması, "humanitar böhran" həyata keçirməsi ilə bağlı əsassız məlumatlar yaymaqla, dünyanı öz yalanlarına inandırmağa çalışır. Amma daha gecdir, Ermənistanın "göz yaşlarına" inananlar artıq Azərbaycanın qətiyyəti, əzmi qarşısında heç nəyə nail ola bilmirlər. Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, təhlükəsizliyin təmin olunması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və sülh çağırışları edir. Ermənistan qanunsuz silahlı birləşmələrini ölkəmizin ərazisindən çıxarmalı, erməni əsilli vətəndaşlar Azərbaycanın idarəetməsini qəbul edib, reinteqrasiya olmalıdırlar. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Mehparə ƏLİYEVA,
"Respublika".