Azərbaycanın haqq işi beynəlxalq qurumlar tərəfindən dəstəklənir
Siyasət

Azərbaycanın haqq işi beynəlxalq qurumlar tərəfindən dəstəklənir

Azərbaycan uzun illərdir ki, istər hüquqi müstəvidə, istərsə də siyasi arenada öz haqq işini yüksək səviyyədə beynəlxalq aləmə çatdırır. Respublikamızın faktlara əsaslanaraq irəli sürdüyü tələblər bir çox qurum və təşkilatlar tərəfindən dəstəklənir. Ölkəmizin qaysaq bağamayan yarası olan Qərbi Azərbaycan məsələsi bu gün beynəlxalq aləmə çatdırılır və qanunlara əsasən haqlarımız tələb edilir.

Ötən gün Qərbi Azərbaycan İcması Ermənistanın İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş paralel hesabat təqdim edib. Azərbaycan tərəfi təqdim etdiyi hesabatda Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat verib və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan müvafiq Paktı  1992-ci ildə imzalayıb. İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt (1966) Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktla (1966) birlikdə İnsan Hüquqları üzrə Beynəlxalq Billi təşkil edir. Paktda iştirak edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən dövlətlərin insan hüquqlarına və azadlıqlarına hörmət və riayət olunmasına hər vəchlə yardım etməli olduqlarını nəzərə alaraq bir sıra maddələr qəbul edib. Bunlara əsasən Paktda iştirak edən hər bir dövlət fərdi şəkildə və xüsusilə də iqtisadi və texniki sahələri əhatə edən beynəlxalq yardım və əməkdaşlıq qaydasında bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini bütün vasitələr, o cümlədən qanunverici tədbirlərin görülməsi yolu ilə mümkün ehtiyatları maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Həmçinin Paktda iştirak edən dövlətlər, burada nəzərdə tutulan hüquqların həyata keçirilməsindəki tərəqqi haqqında hesabatlar verməyi öhdələrinə götürürlər.

Ermənistanın Paktın icrasına dair Dördüncü Dövri Hesabatına paralel olaraq Qərbi Azərbaycan İcmasının göndərdiyi hesabatda vətəndaşlarımızın haqları tələb olunub. Paktın birinci maddəsinə əsasən bütün xalqlar öz müqəddəratını təyin etmək hüququ, həmçinin, öz siyasi statuslarını müəyyənləşdirmək və azad şəkildə sosial-iqtisadi və mədəni inkişaflarını təmin etmək hüququna malikdir. Azərbaycan tamamilə qanuna uyğun olaraq öz haqlarını tələb edir.

Nəhayət, bu günlərdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib. İcmanın bir çox iradları, xüsusilə Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması və Azərbaycanın mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları üzrə öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapıb. Ermənistanın qanunvericiliyi, milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirib və ondan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib. Komitə, həmçinin Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi maliyyə vəsaiti ayırmaq və digər müvafiq tədbirlər görməyə çağırıb.

İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə bu günə qədər bir çox işlər görüb. Göstərilən səylər tamamilə həmyerlilərimizin haqlarını bərpa etmək və qorumaq üçün nəzərdə tutulub. Ümid edirik ki, vaxtilə öz doğma torpaqlarından güclə qoparılan vətəndaşlarımızın hüquqları qısa zaman ərzində tamamilə bərpa olunacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".