BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi dünyaya bir mesajdır
Ekologiya

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi dünyaya bir mesajdır

Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyi ölkəmizin dünya birliyində rolunu genişləndirməklə nüfuzunu xeyli artırdı. Dünyanın ikinci böyük təşkilatının bir çox üzvləri ilə qurulmuş münasibətlər həmrəyliyin bərqərar olmasına xüsusi töhfələr verdi.

Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlıq məqsədilə gördüyü işlər barədə danışaraq bildirdi ki, yaxşı nəticələrə nail olmaq üçün ölkəmiz əlindən gələni edir. Diqqətə çatdırdı ki, tədbir Azərbaycana müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək, eləcə də həmrəyliyi möhkəmləndirmək imkanı yaradır. 

Bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir hadisədir. Ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi ilə əlaqədar qəbul edilən qərarın bütün ölkələr tərəfindən dəstəklənməsi dünya üçün böyük mesajdır. Çünki Ermənistan və havadarları tərəfindən 30 il ərzində işğal edilən torpaqlarımızda yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb. Ölkəmizin ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhali təhlükə altında qalmışdı.

Şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində erməni işğalına son qoymaqla ölkəmizin ərazisində davam edən böyük ekoloji terrorun da qarşısını aldı. Bu inkaredilməz faktlar qarşısında, hətta Azərbaycanla dost münasibətdə olmayan ölkələr belə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul etdi. Bu qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Ölkəmizin iqlim dəyişmələri sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində tədbirləri və digər layihələr barədə məlumatlar dünyada böyük rezonans doğurub. Belə ki, 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərməsi Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Bütün bu məqsədyönlü işlər və uğurla həyata keçirilən beynəlxalq səviyyəli layihələr bir daha təsdiqləyir ki, Azərbaycan COP29 beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi edəcək. Bununla da ölkəmiz, xalqımız növbəti böyük uğur qazanmaqla dünya birliyində rolunu və mövqeyini durmadan genişləndirəcək.

COP29 enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı baxımından da çox vacib tədbirdir. Təcrübə göstərir ki, iqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlər müşahidə olunur. Ölkəmiz isə onsuz da iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə aparıcı yerlərdən birini tutur.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi bunun bariz göstəricisidir. Ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində onun rolunun daha da inkişafına zəmin yaradacaq.

Beynəlxalq tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsi həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq olduğu kimi dünya ictimaiyyətinə çatdırılsın və hər kəs şahid olsun ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə böyük inam və yüksək sədaqət dayanır.

Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində COP29-un danılmaz böyük əhəmiyyəti var.

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər barədə məlumat verməklə tədbirin loqosunun və şüarının müəyyən edildiyini diqqətə çatdırıb. COP29-un "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı həm də ölkəmizin dünyaya bir mesajı oldu.

Bununla yanaşı, COP29-un Bakıda keçiriləcək 29-cu sessiyası zamanı bütün münaqişəli ölkələri atəşkəs bağlamağa dəvət edə bilər. Bu da ölkəmizin sülhsevər siyasətinə sadiq qaldığının və dünyada bütün insanların bu siyasətdən faydalandığının növbəti təzahürü olacaq.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".