Qlobal problemlərin həllində etibarlı platforma
İqtisadiyyat

Qlobal problemlərin həllində etibarlı platforma

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir.

Xüsusilə yaşıl iqtisadiyyata keçid strategiyasının tətbiq edilməsi, bəşəri problemlərə fəal yanaşma dövlətimizin prioritet istiqamətləri sırasındadır. Məhz bu çərçivədə Azərbaycanın üzərinə olduqca böyük vəzifə düşür. 

Ölkəmiz Şərqi Avropa regional Qrupunun tərkibindədir. Məhz bu dövlətlərin yekdil rəyi əsasında COP29-a ev sahibliyimiz rəsmiləşmişdir. Qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da tədbirə ev sahibliyi üçün namizədliklərini irəli sürmüşdülər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da namizədliyilə bağlı eyni addımı atıb.

Bakının COP29-a ev sahibliyi etmək öhdəliyi beynəlxalq və daxili siyasi-iqtisadi mülahizələri birləşdirən çoxşaxəli strategiya ilə dəstəklənir. COP29-a ev sahibliyi etmək qərarı Bakının iqlim dəyişmələri ilə mübarizəyə töhfəsini ehtiva etməklə yanaşı, Azərbaycanı təkcə ənənəvi enerji resurslarında deyil, həm də artan yaşıl texnologiyalar sahəsində regional lider kimi təqdim etmək imkanı yaradır. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasını nümayiş etdirən önəmli hadisədir.

Bəşəriyyət ciddi iqlim problemləri ilə qarşı-qarşıyadır. Qlobal enerji tələbatının artması nəticəsində atmosferə buraxılan karbon qazı istiləşmələrə səbəb olur. Xüsusilə ənənəvi yanacaq növlərindən istifadə müasir dövrümüzdə daha çox artdığından anomal iqlim dəyişmələrinin şahidi oluruq. Bu da öz növbəsində dünyamızda ciddi ekoloji problemlərin yaranmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi bərpaolunan enerji resurslarına - "yaşıl enerji"yə keçid göstərilir. Son hesablamalara görə, 2030-cu ilə qədər bərpa olunan mənbələrdən alınan elektrik enerjisi dünya elektrik enerjisinin 65 faizini təmin edə bilər. Bu, 2050-ci ilə qədər enerji sektorunu 90 faiz karbonsuzlaşdırmalı, karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı və iqlim dəyişmələrinin azaldılmasına kömək etməlidir.

Qeyd edək ki, 1-3 may tarixləri arasında Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Ölkə başçımızın açılış mərasimində iştirak etdiyi forum bütün dünyanın diqqət mərkəzində oldu. Prezident İlham Əliyev öz nitqində bir sıra məsələlərə toxundu, beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi: "Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik".

Müstəqilliyimizin əldə olunması ilə birlikdə qlobal sferada daim öz təşəbbüsləri ilə ön plana çıxan ölkəmiz müasir dövrümüzün əsas aktorlarından birinə çevrilib. Təşkilatçısı və iştirakçısı olduğu meqalayihələrlə nüfuz dairəsini genişləndirən respublikamıza yüksək etimad göstərilir. Beynəlxalq Astronavtika Konqresi, Birinci Avropa Oyunları, Avroviziya Mahnı Müsabiqəsi, Formula 1 yarışları kimi böyük auditoriyaları əhatə edən tədbirlərə ev sahibliyimiz bu inamı daha da artırıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir.

Qeyd edək ki, COP29-a hazırlıq məqsədilə mühüm işlər görülür. Belə ki, aprelin 15-də COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. İclasda COP29-un loqosu beynəlxalq ictimaiyyətə təqdim edilib. COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları əks olunub. Azərbaycan tarixi-mədəni irsini özündə ehtiva edən buta motivi davamlılıq və innovasiyanı təmsil etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyündə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Tədbirin loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətinin təzahürüdür. Mətbuat konfransı çərçivəsində, həmçinin tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi qərarlaşdırılıb.

Məlumdur ki, ölkəmiz əsaslı fikir mübadiləsi və aktual suallara cavab tapmaq üçün imkanlar yaradan unikal platformaya çevrilir. Məhz belə bir ərəfədə COP29-un Azərbaycanda keçirilməsi olduqca müsbət fürsətlər yaradır. Beynəlxalq ictimaiyyətin Azərbaycana hörmət və etimadının göstəricisi olan bu nüfuzlu tədbirdə dünya liderlərinin, hökumət rəsmilərinin, alimlərin və bütünlükdə hamımızın iştirakı həll yolları üçün olduqca əlverişlidir.

Nurlan ABDALOV,

"Respublika".