Müsəlman dövlətlərinin dəyərlərini qorumaq missiyası
Siyasət

Müsəlman dövlətlərinin dəyərlərini qorumaq missiyası

9 dekabr 1991-ci ildə Azərbaycan İslam Konfransı Təşkilatına üzv qəbul edilmişdir

Sülhün, əmin-amanlığın təmin olunması, xalqların bir-biri ilə dostluq şəraitində yaşaması, müharibələrsiz, terrorsuz bir dünyanın qurulması bütün bəşəriyyətin qarşısında dayanan ən vacib məsələdir. Bu baxımdan, xalqının, dövlətinin rifahına çalışan və buna böyük önəm verən dövlətlər bir-biri ilə əməkdaşlıq əlaqələri qurur, dostluq münasibətləri saxlayırlar. Eyni soykökə, dinə, dilə mənsub olan, dar gündə bir-birinə arxa-dayaq duran islam ölkələri müxtəlif təşkilatlar, qurumlar daxilində bir araya gələrək ümumi problemlərin həllinə yönəlmiş siyasət yürüdür, sarsılmaz birlik nümayiş etdirirlər.

İslam ölkələrinin ilk beynəlxalq qurumu olan İslam Konfransı Təşkilatı 1969-cu ilin sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. Beynəlxalq dövlətlərarası təşkilat tezliklə dünyada gedən siyasi proseslərə təsir göstərməyə başlamış, 1972-ci ilin fevralında xarici işlər nazirlərinin 3-cü iclasında təşkilatın Nizamnaməsi qəbul edilmişdi. Sülh, mərhəmət, dözümlülük, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək İslam dəyərlərini qorumaq və təşviq etmək, üzv dövlətlər arasında qardaşlıq və həmrəyliyi genişləndirmək və möhkəmləndirmək təşkilatın əsas prinsipləridir. Bununla bərabər, 50-dən çox türk dövlətini özündə birləşdirən təşkilat dini, tarixi, siyasi, mənəvi dəyərlərə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və maraqları naminə islam həmrəyliyini möhkəmləndirmək, müsəlman dövlətlərinin səylərini birləşdirmək, dəyərlərini qorumaq missiyasını həyata keçirir.

Müstəqilliyini bərpa etdikdən sonra dünya ölkələri ilə sülh və dostluq şəraitində əməkdaşlığa böyük önəm verən, bölgədə və dünyada etibarlı tərəfdaş olan, dinamik inkişaf edən Azərbaycan keçmiş sovet respublikaları arasında İslam Konfransı Təşkilatına üzvlük barədə müraciət edən ilk ölkə olmuş və 1991-ci il dekabr ayının 9-da təşkilata üzv seçilmişdir. Bununla da İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Konfransı Təşkilatının üzvü kimi haqq səsini dünya ictimaiyyətinə çatdıra bilmişdi. Belə ki, Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olaraq təşkilatın zirvə görüşlərində daim keçmiş Dağlıq Qarabağ problemi diqqət mərkəzində saxlanılmış və bu barədə beynəlxalq hüquq normalarına əməl olunmasını tələb edən bir sıra bəyanatlar qəbul edilmişdir.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədinə "Ermənistan-Azərbaycan münaqişəsinə dair" müvafiq maddə salınmışdır. İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında "Ermənistan və Azərbaycan arasında münaqişə" adlı qətnamə qəbul edilmişdir.

1994-cü ildə təşkilata üzv ölkələrin Kasablankada keçirilən VII Zirvə görüşündə qəbul edilən qətnamədə Ermənistanın təcavüzü nəticəsində bir milyon vətəndaşı öz torpaqlarından didərgin düşən Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi, BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi və Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermənistanın zəbt etdiyi torpaqlardan çıxarılması tələbi öz əksini tapmışdı. Bu qətnamə 1996-cı ildə Çakarta şəhərində keçirilən konfransda "Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlandırılmışdır. Qeyd edək ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X Zirvə görüşlərində və 2008-ci ildə Dakardada keçirilmiş Zirvə görüşündə qəbul edilmiş qətnamələr də "Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlandırılmışdır.

 İslam Konfransı Təşkilatının keçirdiyi bütün konfranslarda, zirvə görüşlərində təşkilata üzv olan ölkələr tərəfindən yekdilliklə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsi tələb edilmiş, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumatlar verilmişdir.

Azərbaycan İslam Konfransı Təşkilatının üzvlüyünə qəbul olunduğu vaxtdan etibarən ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. qurumlarla sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi islam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın mühüm rolunun bariz nümunəsidir.

 İKT Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin mayında Dəməşqdə keçirilmiş 36-cı konfransında qəbul edilmiş yekun qətnamədə üzv ölkələrin xarici işlər nazirləri İslam Əməkdaşlığı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyasını dəstəkləmiş və üzv dövlətləri bu kampaniyada fəal iştirak etməyə çağırmışlar. 2011-ci ildə isə İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını dəstəkləyən qətnamə qəbul etmişdir. İslam İnkişaf Bankı keçmiş Qarabağ münaqişəsinə görə qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılara maliyyə və humanitar yardımlar göstərmişdir. Bu gün də Azərbaycan İİB ilə kənd təsərrüfatı, infrastruktur, neft və qaz, su təchizatı, sənaye və müxtəlif sosial sahələr üzrə layihələrin maliyyələşdirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.

Qeyd edək ki, 2011-ci ilin iyun ayında İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilmiş 38-ci sessiyasında Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir.

2013-cü ilin fevral ayında İƏT-in Qahirə şəhərində keçirilmiş Zirvə toplantısında qəbul edilmiş yekun kommunikenin 117-ci bəndində "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunmuş və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi "soyqırımı aktı" və "insanlığa qarşı törədilmiş cinayət" kimi tanınmışdır.

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasətinin prioritetlərindən birini müsəlman ölkələri ilə həm ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq təşkil edir. Bu baxımdan, İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirən müstəqil dövlətimiz islam həmrəyliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. İƏT-lə əməkdaşlıq çərçivəsində üzv ölkələr 1991-ci ildən təşkilata qoşulan ölkəmizə istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə mənəvi dəstək göstərmiş, Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, ermənilərin xalqımızın tarixi, mədəni abidələrini, o cümlədən islam aləminin müqəddəs inanc yeri olan məscidlərimizi təhqir etməsi faktlarının bütün dünyaya yayılmasında fəal iş aparmışlar.

Bu gün müstəqil dövlətimiz islam birliyi, müsəlman ölkələrinin qardaşlığı, yaxın dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində uğurlu məqsədyönlü siyasət həyata keçirir. Bu mənada İƏT-in fəal üzvlərindən biri olaraq bir çox konfransların keçirilməsində təşəbbüskarlıq göstərən, eyni zamanda iştirak edən ölkəmiz həm də bu tədbirlərə evsahibliyi də etmişdir. Belə ki, 2013-cü ildə Bakıda keçirilmiş İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransı, 2014-cü ildə "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans, "Bakı İslam dünyasının paytaxtı - 2009" layihəsi çərçivəsində Azərbaycanda və xarici ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir.

 2016-cı ilin aprel ayında "Ədalət və sülh naminə birlik və həmrəylik" şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə Görüşünün yekun kommunikesinə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Təmas Qrupu"nun yaradılması haqqında bənd salınmışdır ki, bu da bir çox dövlətlərin diqqətinin keçmiş Qarabağ münaqişəsinə yönəldilməsi baxımından əhəmiyyətli olmuşdur. 2017-ci ilin respublikamızda "İslam Həmrəyliyi İli" elan edilməsi və həmin ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin islam ölkələrinin birliyinə böyük töhfəsi olmuşdur.

2018-ci ildə qədim Naxçıvan şəhərinin ICESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilməsi, həmçinin həmin ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının keçirilməsi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında yüksək nüfuza sahib olmasının təsdiqidir.

Ermənistan-Azərbaycan münaqişəsində hər zaman Azərbaycanın mənafeyinin müdafiəsində dayanan İƏT İkinci Qarabağ müharibəsindən bir müddət əvvəl - 2020-ci ilin iyul ayında "İƏT Baş katibliyi Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu pisləyir", Vətən müharibəsinin ilk günlərində, sentyabrın 28-də isə "İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir" başlıqlı bəyanatlarla çıxış etmişdir. İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycanla birlik nümayiş etdirən təşkilat üzvləri Ermənistanın işğalçılıq siyasətini dayandırmağa çağırışlar etmiş, Azərbaycanın haqlı mübarizəsində qələbəsini böyük sevinclə qarşılamışlar.

Bu il may ayının 19-da Şuşa şəhərində keçirilən "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda ikigünlük beynəlxalq konfrans ölkəmizin bu təşkilatla əlaqələrinin gündən-günə inkişaf etdiyini bir daha təsdiq edir.

Mehparə ƏLİYEVA,

"Respublika".