Azərbaycanın və Xorvatiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət

Azərbaycanın və Xorvatiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Fevralın 19-da Bakıda Azərbaycan Respublikasının və Xorvatiya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiç rəhbərlik ediblər.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişimələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, bu mötəbər tədbirin iki ölkə arasında mövcud strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi barədə ətraflı məlumat verilib. Qarşı tərəf, eləcə də azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, orada həyata keçirilən bərpa-quruculuq işləri və bu istiqamətlərdə əməkdaşlıq imkanları ilə bağlı məlumatlandırılıb.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq kəsb edən digər mövzular müzakirə olunub.