Fransa senatının boş hədələri destruktivliyə xidmət edir
Siyasət

Fransa senatının boş hədələri destruktivliyə xidmət edir

Güc amili qeyri-bərabərlik şəraitində öz təsirini destruktiv şəkildə göstərə bilər. Hətta bu güc bəşəri cinayətlərdə imzası olan aktorların əlində cəmləşibsə, qlobal səviyyədə fəlakət qaçılmazdır.

Məhz yeni dünya düzənində də əksər güc dairələri öz daxili və xarici siyasətini destabillik üzərində qurmuş, öz maraqları naminə dünyəvi barışı pozaraq dividend əldə etmək üzrə ixtisaslaşmışlar. Afrikanı qana boyayan, Yaxın Şərqdəki gərgin vəziyyətin aradan qaldırılmasını istəməyən, bir çox qaynar nöqtələrdə daxili iğtişaşların geniş vüsət almasına şərait yaradan Qərb blokunun "fəallığı" sözügedən proseslərin bundan sonra daha da düyünlənəcəyindən xəbər verir. Nəzərə alsaq ki, artıq bir çox ölkələr, milli azlıqlar bu cinayətlərə qarşı çıxır, qarşılıqlı ziddiyyətlər daha böyük tələfatlar gətirə bilər.

Bu proseslərdə bir ölkənin adı ön plana çıxır, hansı ki, Əlcəzairdə 1.5 milyon insanın ölümünə səbəb olub, Afrikanın təbii sərvətlərini talayıb, Sakit okeanda möhkəmlənmək üçün yerli xalqların azadlıq istəyini öz qanında boğmağa calışıb. Yelisey sarayı bu məsələdə tarixdən gələn "təcrübə" ilə daha "peşəkardır", lakin unudur ki, göz dikdiyi Cənubi Qafqazın öz sahibləri var və regional lider kimi Azərbaycan imperativləri ilə həlledici mövqeyə sahibdir. Məhz belə bir məqamda Azərbaycan-Ermənistan arasındakı gərginlikdən istifadə edərək təcavüzkar siyasətini yürütməyə çalışan Fransa düşünür ki, haylarla qurulan isti münasibət Cənubi Qafqazın qapılarını ona açacaq. Rəsmi Parisin bu uğursuz demarşı bir çox müstəvidə özünü göstərir. Anti-Azərbaycan mövqeyinin təbliği - satın alınan Fransa Senatı və dövlət siyasətində "mikron" olan Prezident Emmanuel Makronun çıxışları hərbi, siyasi və iqtisadi müstəvidə bu məsələni qloballaşdırır. Məhz bu qəbildən, Fransa Senatının yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə onu göstərdi ki, artıq anti-Azərbaycan mövqeyi digər sahələrə də sıçrayıb. Natəvanın heykəlinin sökülməsi ilə mədəni sahəyə daşınan bu təbliğat artıq iqtisadi səviyyədə də özünü göstərir.

Fransanın "vurnuxmaları" lokal antiterror tədbirləri keçirildikdən sonra daha genişləndi. Çünki Yelisey sarayı ələ keçirilən separatçı "liderlərin" və milyarder Ruben Vardanyanın Fransanı təhlükə altında qoya biləcək ifadələr verməsindən ciddi şəkildə narahatdır. Qətnamə layihəsinin müəllifi Bruno Retayonun müzakirələrdə çıxışı zamanı Azərbaycanın ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi tədbirin "humanitar faciə və əsl etnik təmizləmə" ilə nəticələndiyini qeyd etməsi, sənədin "Ermənistan Respublikasının ərazi bütövlüyü" başlıqlı olması bütün bunları sübut edir. Digər tərəfdən, qətnamədə Qarabağ ermənilərinin geri dönməsinin təmin edilməsinə, habelə keçmiş tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın həbs edilən liderlərinin azad olunmasına çağırış edilir. Bir vaxtlar ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində neytrallıq görüntüsü yaradan Fransanın maskası tamamilə cırılıb. Bu ölkənin prezidenti artıq diplomatiyanı kənara ataraq "ermənidən daha qatı erməni" siyasətini yürütməyə başlayıb. Maraqlıdır, Fransa əsarətindən xilas olmağa çalışan Korsikaya muxtariyyət verməyən, bütün azadlıqlarını əlindən alan rəsmi Paris bu gün nə üçün Cənubi Qafqazda separatizmin kökünün kəsilməsini müsbət qarşılamır? Əksinə, cinayətkarların azad olunmasını istəyir.

Erməni lobbisinin Fransadakı fəaliyyəti bir çox mövqelərə sirayət etdiyindən Makron öz kreslosunun möhkəmliyi üçün erməni sempatizanlığı (təəssübkeşliyi) missiyasını tam mənimsəyib. Təsadüfi deyil ki, hər prezident seçkiləri ərəfəsində təşviqat üçün erməni icması ilə görüşlər keçirilir, bir sıra vədlər verilir. Məhz son dövrlər bu dəstəyin hərbi müstəviyə də daşınması əsaslı olaraq Cənubi Qafqazdakı planları ifşa edir. Yanvarın 20-də Fransanın silahlı qüvvələri qarşısında çıxış edən zaman Ermənistanla bağlı "tarixi qərar" verdiyini elan edən Makron silahlandırma prosesini sürətləndirə bilər. Aydındır ki, rəsmi Paris Fransa, Niger, Mali, Burkina Faso və digər ərazilərdə itirdiyi nüfuzunu Balkanlarda və Cənubi Qafqazda bərpa etmək niyyətindədir. Regionda siyasi sabitliyə təhdid yaradan bu açıqlama ilə Fransa Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik edir. Bir məqamı qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlər sistemində hər hansı bir aktorun digər aktorla bağlı tarixi qərar verəcəyi öz-özlüyündə ikincinin müstəqil subyekt olmadığını göstərir. Yəni əgər bu gün Fransa Ermənistanla bağlı tarixi qərar verəcəyini deyirsə, bu, o deməkdir ki, Ermənistan müstəqil dövlət deyil, müstəmləkədir. Çünki dövlətlər özləri haqqında qərarları yalnız özləri qəbul edə bilərlər. Əgər doğrudan Ermənistanın silahlandırılması ilə bağlı daha qətiyyətli addımlar atılarsa və bu silahlar Azərbaycanın təhlükəsizliyini təhdid edərsə, istənilən güc dövlətimiz tərəfindən məhv ediləcək. Xatırladaq ki, Paris artıq Ermənistana 24 Bastion tipli zirehli transportyor verib, daha 26-sı isə istehsal mərhələsindədir.

17 yanvar qətnaməsi isə iki ölkə arasındakı gərgin telləri tamamilə qopara bilər. Lakin əsas məsələ hansı oyunçunun daha çox itirəcəyidir. Xatırladaq ki, Senatın bu cür çağırışları ilk dəfə deyil. Lakin bu dəfə Azərbaycan Milli Məclisinin Fransaya iqtisadi sanksiyaların tətbiqini istəməsi məsələnin nə səviyyədə olmasından xəbər verir. Azərbaycanın səbir kasasını doldurmağın bədəli artıq bütün dünyaya məlumdur. Görünür, Fransa hayların havadarlığını edərkən Bakıdakı fransızların biznesini unudub. Məhz bu səbəbdəndir ki, bu kimi sanksiya təklifləri elə kağız üzərində də qalır.

İlk növbədə, sanksiyaları Fransa təkbaşına tətbiq edə bilməz. Bu ölkə Avropa Birliyinin üzvüdür və sanksiyalar Avropa Birliyində də dəstəklənməlidir. Bütün bunlara baxmayaraq, Fransa artıq neçənci dəfədir ki, iqtisadi məhdudiyyətlərlə Azərbaycanı təhdid etməyə çalışır. Sözügedən sanksiyalar Senat səviyyəsində boş hədədən başqa heç nə deyil. Məhz bu məsələdən sonra Azərbaycan Milli Məclisinin cavabı, Fransa rəsmilərinin hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə dondurulması təklifi, Fransa şirkətlərinin Azərbaycanın sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi kimi bəyanatlar Fransanın bu məsələdən daha zərərli çıxacağını göstərir. Digər tərəfdən, Fransanın Cənubi Qafqazda iqtisadi dövriyyəsinin üçdəikisi Azərbaycanın payına düşür. Yəni Fransa üçün bu regionda ən əlverişli iqtisadi partnyor məhz Azərbaycandır.

Nurlan ABDALOV,

"Respublika".